Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
8 Noyabr – Zəfər Günü münasibətilə Bərdə şəhərinin Mərkəzi meydanında rayon icra hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində iştirakçılar əvvəlcə rayonun ümumtəhsil, peşə və incəsənət məktəbləri şagirdlərinin Vətənə sevgisinin, tarixi Qələbəmizə və qəhrəmanlıq salnaməmizə ehtiramının ifadəsi olan rəsm və əl işlərindən ibarət sərgisi ilə tanış olublar.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan tarixi Qələbədən bəhs edib. İcra başçısı bu möhtəşəm Zəfərin xalqımızın milli birliyinin, ordumuzun gücünün və dövlətimizin sarsılmaz iradəsinin təntənəsi olduğunu vurğulayıb, iştirakçıları əlamətdar bayram münasibətilə təbrik edib.
Daha sonra rayonun mədəniyyət və incəsənət nümayəndələrinin ifasında rəngarəng musiqi nömrələri, vətənpərvərlik ruhunda mahnılar və bədii kompozisiyalar təqdim olunub. İfaçılar öz çıxışları ilə iştirakçılara əsl bayram ovqatı yaşadıblar. Konsert proqramı rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.
Vəli VƏLİYEV
XQ