Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Bərdə rayonunda heyvan sağlamlığının qorunması, epizootik sabitliyin təmin edilməsi və baytarlıq xidmətlərinin təşkili sahəsində görülmüş işlər, həmçinin qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş tədbir keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi, fermerlərə təqdim olunan güzəştlər və subsidiyalar barədə ətraflı məlumat verib. O, heyvan sağlamlığının qorunması və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verib. Agentlik sədri fermerlər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin, profilaktik peyvəndləmə tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin, heyvanların diaqnostik müayinələrə cəlb olunmasının, xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınmasının, eləcə də təsərrüfatlarda sanitariya-gigiyena normalarına əməl olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
AXA-nın sədr müavini Fuad Məmmədov heyvandarlıqda tətbiq olunan yeni subsidiya qaydaları barədə təqdimatla çıxış edib. Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Azər Məmmədov heyvan sağlamlığının qorunması sahəsində son doqquz ay ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı danışıb.
Bərdə, Goranboy, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Kürdəmir rayonlarının Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin rəhbərləri, eləcə də özəl baytar həkimləri ərazilərdə mövcud epizootik vəziyyət və görülən işlər barədə məlumat veriblər.
Müzakirələr zamanı fermerlərlə əlaqələrin gücləndirilməsi, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və bu sahədə mövcud problemlərin operativ həlli ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib, müvafiq tapşırıq və tövsiyələr verilib.
Tədbir çərçivəsində səyyar baytarlıq xidmətlərinin göstərilməsi üçün müasir texniki avadanlıqlarla təmin olunmuş nəqliyyat vasitəsinə baxış keçirilib.