Berdiyev: “İki xal itirdik”

13.09.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının V turunda səfərdə “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə matç haqqında təəssüratlarını bölüşdü:

– Meydanda iki fərqli hissə gördük. İlk yarıda çox ləng oynayırdıq, lakin ikinci taymda etdiyimiz əvəzetmələrdən sonra oyunu sürətləndirə bildik. Bütün əvəzetmələri hücum xəttini yeniləmək üçün istifadə etmişdim. Müdafiəçilərimizdən kiminsə zədələnə biləcəyini ehtimal etməmişdim. Nəticədə faktiki olaraq matçı 10 nəfərlə başa vurduq. Bu gün iki xal itirdik.

– Qazanılan 1 xalda və ya itirilən 2 xalda təyin olunan penalti epizodu nə dərəcədə rol oynadı? Penalti var idi?

– Təbii ki, nəticəyə birbaşa təsir etdi. Amma yenə deyirəm, müdafiəçimiz zədələndiyi üçün faktiki 10 nəfərlə mübarizə aparırdıq. Penalti epizoduna gəlincə, bunu müzakirə etmək istəmirəm. Əgər qapıçımız rəqibə həmin imkanı və fürsəti verdisə, deməli, penalti var idi.

– Zəngin futbol təcrübənizi nəzərə alsaq, həmin penalti epizodu barədə nə deyə bilərsiniz? Epizodun təkrarına baxmısınız?

– Xeyr, hələ baxmamışam. Təkrarın baxılması bir az uzun çəkdi. Açığı, baş hakim VAR-a getdikdə qərarı ləğv edəcəyini düşünürdüm. Çünki ayaqla təmas yox idi, bəlkə baş hissəsində nəyəsə baxırdılar. Hər halda, referi üçün penalti təyin etməyə hansısa əsas var idi.

– Rəqibin baş məşqçisi Cavid Hüseynov keçmiş köməkçiniz olub və bir-birinizi yaxşı tanıyırsınız. Ona qarşı oyuna hazırlaşmaq nə dərəcədə çətin və ya asan idi?

– Rəqibin tətbiq etdiyi hər iki taktiki sistemi təxminən bilirdik və həftəboyu məşqlərdə buna uyğun hazırlaşmışdıq. Ona görə də meydanda bizim üçün gözlənilməz heç nə baş vermədi.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью