futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz” baş məşqçisi Kurban Berdıyevlə yollarını ayıra bilər.
Buna səbəb komandanın uğursuz nəticələridir. Liqanın startından əvvəl klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev çempionluq üçün mübarizə aparacaqlarını açıqlasa da, komandanın nə nəticələri, nə də sərgilədiyi oyun bu hədəflə üst-üstə düşür.
“Turan Tovuz” 3 turda cəmi 1 qələbə qazanıb. “Qəbələ”yə qalib gələn tovuzlular özündən büdcə və keyfiyyət baxımından aşağı olan “Şamaxı”yla qolsuz heç-heçə edib, Qərb derbisində isə “Kəpəz”ə uduzub.
Tovuzlu azarkeşlər də nəticələrdən narazıdır. Fanatlar “Kəpəz”ə məğlubiyyətdən sonra Berdıyevi istefa şüarları ilə stadiondan yola salıb. Klub rəhbərliyi isə hələlik mövqeyini bildirməyib.
Futbolpress.az-ın məlumatına görə, bölgə təmsilçisi Misli Premyer Liqasının IV turunda “Sumqayıt”la ev oyununda da qələbə əldə etməsə, mütəxəssislə yolları ayrıla bilər. Rəhbərlik bu görüşü Berdıyev üçün son şans kimi görür.
Kurban Berdıyev 2024-cü ildən “Turan Tovuz”da çalışır. Komanda onun başçılığı altında ötən mövsüm liqanı üçüncü sırada bitirib və Konfrans Liqasına vəsiqə qazanıb. Amma klubun keçmişdə bir neçə futbolçusunun danışılmış oyunlarda iştirak etməsi faktına görə Tovuz təmsilçisi avrokuboklardan kənarlaşdırılmışdı.
Şahin Cəfərov