Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Turan Tovuz” büdcəsinə görə APL klubları içində ilk “dördlük”dədir. Qeyri-rəsmi məlumatlara istinad etsək, özündən əvvəlkilərlə müqayisədə fərq elə də böyük deyil.
Bununla belə klubun himayəçisi, rəhbəri Ehtiram Quliyev son iki mövsümdə çempionluğa iddialı olduqlarını açıq bəyan edib. Heç “Neftçi” rəhbərliyi o qədər dəqiq səsləndirmir fikrini…
Bəs “canavarlar” niyə çempion ola bilmir? Yaxud heç mükafatçılar sırasına düşə bilmir. Ölkə kubokunda da ürəkaçan nəticə qazanılmır.
Səbəb?
2025/26 mövsümünün yekununda komanda Konfrans Liqasına vəsiqə əldə etdi. Məlum səbəblərdən kənarda qaldı, yerini “Zirə” əvəzlədi.
Əksər fikirlər klubun zəifləyəcəyi, himayəçinin futboldan uzaqlaşacağı istiqamətində cərəyan edərkən, Quliyev mətbuatda “yeni nəfəs” iddialarıyla çıxış etdi.
2026/27 mövsümünün 3-cü turudur. 4 xalla 3-cü yer pis sayılmır, lakin afişaya diqqət yetirsək, perspektiv yaxşı görünmür.
İlk turda mövsümə ən zəif başlanğıcla fərqlənən “Qəbələ” doğma meydanda 1 cavabsız qolla məğlubiyyətə uğradılır. Sonra ən kiçik büdcəli “Şamaxı” ilə sınıq-salxaq heç-heçə (0:0) və dünən də yenidən qurulmuş “Kəpəz”ə məğlubiyyət (0:1). Elə bil, Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsinin sıfırlar və birlərini cızmaqla məşğuldur…
Tovuz azarkeşləri Gəncə səfərində fəal görünsələr də, matçın sonunda “Berdiyev istefa!” şüarları ilə gedişata etiraz edirdilər.
Əksəriyyət düşünür ki, baş məşqçi Kurban Berdiyevlə uzağa getmək olmaz. Ötən mövsümdən başlayan narazılıq artıq genişlənməkdədir.
Klub rəhbərliyi isə Berdıyevi müdafiə edir, onunla yola davam ediləcəyini bildirmişdi. Hərçənd son fikir nədir, olanlar mövqeyə təsir edibmi, bilinmir…
Berdıyevin qapalı mühit yaratdığı, mediaya açıq olmadığı əvvəldən məlum idi. Belədə daxili ab-havanın necə olması maraq doğurur.
“Turan Tovuz” klub olaraq ictimaiyyətə açıq olsa da, komanda Berdıyevə görə tam əksinə, qapalıdır.
Praqmatik futbolu müəyyən nəticələr versə də, azarkeşlər onun oynatdığı futbolu bəyənmir. Boz, cansıxıcı, ümid verməyən oyun adlandırırlar.
Hər halda, Gəncədəki məğlubiyyət emosional balansı bir az da pozub. Qarşıdakı turlar rahat keçməyəcək.
Berdiyevin “drujinası” növbəti, 4-cü turda “Sumqayıt”ı qəbul edəcək, sonra “Araz Naxçıvan” səfərinə gedəcək, ardınca evdə “Zirə” sınağı…
Qədim futbol diyarımızın qarşısında ən aktual sual: Qocaman mütəxəssisə qarşı narazılıqların artdığı bu ərəfədə xal itkiləri davam etsə, rəhbərlik nə qərar verəcək?
Kamil Əhməd