Berlin olimpində “hə” və “yox”

18.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Almaniyada siyasətçilərin “xüsusi müdafiəsi” dövrü bitəcəkmi?

Hazırda Almaniya siyasətində nadir hallarda rast gəlinən hadisələrdən biri baş verir. Demək olar ki, bütün siyasi qüvvələr siyasətçiləri təhqirdən qoruyan qanunun dəyişdirilməsi barədə ortaq fikirdədirlər. Amma qarşılıqlı razılıq Almaniyada yeni mübahisə yaradıb. Çünki tərəflər problemin mövcudluğu barədə ortaq qənaətə gəlsələr də, onun həll yolu barədə ortaq mövqedə deyillər.

Mübahisənin mərkəzində Almaniya Cinayət Məcəlləsinin 188-ci maddəsi dayanır. Həmin maddə siyasətçilərin ictimai fəaliyyətlərinə görə təhqir edilməsini və ya böhtana məruz qalmasını digər vətəndaşlarla müqayisədə daha ciddi şəkildə cəzalandırmağa imkan verir. Son aylarda həmin qanun gözlənilməz səbəbdən ölkə gündəminə çevrilib. Kansler Fridrix Mertsin ünvanına “Pinokkio”, “Yalançı Frits” və ya digər satirik ifadələr işlətmiş vətəndaşlara qarşı istintaq başlanıb.

Əslində, məsələnin tarixi bugünkü mübahisədən daha mürəkkəbdir. Siyasətçilərin xüsusi müdafiəsi ilə bağlı müddəalar Almaniyada 1950-ci illərə gedib çıxır. Lakin qanun 2021-ci ildə Angela Merkel hökuməti dövründə əhəmiyyətli şəkildə sərtləşdirilmişdi. Bunun səbəbi də kifayət qədər ciddi idi. Çünki 2019-cu ildə Xristian Demokrat İttifaqının deputatı Valter Lübke ifrat sağçı ekstremist tərəfindən qətlə yetirildi. O, Merkelin qaçqın siyasətinin açıq tərəfdarlarından biri idi və uzun müddət radikal qrupların hədəfində olmuşdu.

Pandemiya dövründə isə vəziyyət daha da gərginləşmişdi. Yerli siyasətçilərə qarşı təhdidlər artmış, sosial şəbəkələr nifrət nitqi ilə dolmuşdu. Hətta bəzi hallarda adi hücumlar fiziki zorakılığa çevrilirdi. Ona görə də Berlin hesab edirdi ki, demokratik institutları qorumağın yolu siyasətçilərin hüquqi müdafiəsini gücləndirməkdən keçir. Həmin dövrdə qəbul edilən yanaşma sadə idi. Düşünülürdü ki, əgər siyasətçilər qorxu ilə işləyirlərsə, demokratik sistem də təhlükə altındadır. Amma bu gün eyni qanuna fərqli yanaşmalar var.

Mübahisənin əsas səbəbi konkret hadisələrdir. 66 yaşlı təqaüdçü Endi Hüttner Fridrix Mertsin səfəri ilə bağlı paylaşımının altında sadəcə “Pinokkio gəlir” yazmışdı. Onun fikrincə, Merts çox vəd verib, az iş görmüşdü. Ən diqqətçəkən məqam o idi ki, Hüttner özünü qanunu pozmuş hesab etmirdi. O, sadəcə, siyasi fikir ifadə etdiyini düşünürdü. Lakin hüquq-mühafizə orqanları bunu başqa cür qiymətləndirmiş və istintaq başladılmışdı. Hadisə mediaya sızdıqdan sonra böyük qalmaqal yarandı. Nəticədə iş bağlandı. Amma problem artıq üzə çıxmışdı. Almanlar ilk dəfə ciddi şəkildə düşünməyə başladılar ki, siyasətçini “Pinokkio” adlandırmaq cinayət hesab olunmalıdırmı?

Yəni məsələ artıq demokratiyanın mahiyyətinə toxunur. Çünki siyasətdə satira həmişə mövcud olub. Məsələn, Böyük Britaniyada siyasətçilər onilliklərdir karikaturaların, ləqəblərin və amansız yumorun hədəfinə çevrilirlər. ABŞ-da prezidentlər televiziya şoularında mütəmadi olaraq məsxərəyə qoyulurlar. Almaniyada isə görünür ki, “Pinokkio” sözü hüquqşünasların və prokurorların müzakirə mövzusuna çevrilib. Məhz bu məqamda qanunun məqsədi ilə nəticəsi arasında fərq yaranmağa başlayır.

Hətta Fridrix Mertsin öz partiyasından olan siyasətçilər belə etiraf edirlər ki, mövcud qanun siyasətçilər üçün xüsusi hüquqi imtiyaz təəssüratı yaradır. CDU (Xristian Demokratik İttifaqı) nümayəndələri bildirirlər ki, qanunun məqsədi heç vaxt siyasətçilərə üstünlük vermək olmayıb. Həmin fikir yalnız mərkəz-sağ düşərgədə müşahidə olunmur. Yaşıllar, sosial-demokratlar, Sol Partiya və hətta ifrat sağçı AfD də müxtəlif formalarda eyni arqumenti irəli sürür. Əlbəttə, onların motivləri fərqlidir.

Almaniya Bundestaqında CDU fraksiyasının hüquq siyasəti üzrə sözçü, deputat Zuzanna Hierl hesab edir ki, qanun siyasətçilər üçün xüsusi imtiyaz yaratmamalıdır. Hierl bildirib ki, son illərdə qanunun tətbiqi siyasətçilər üçün ayrıca hüquqi status yaradıldığı təəssüratı formalaşdırıb: “Biz qanunun praktikada siyasətçilər üçün xüsusi hüquqi imtiyaz təəssüratı yaratdığına dair tənqidləri ciddi qəbul edirik. Belə üstünlük heç vaxt qanunvericinin məqsədi olmayıb”. Onun fikrincə, 2021-ci ildə qanunun sərtləşdirilməsinin əsas məqsədi xüsusilə kiçik şəhər və qəsəbələrdə fəaliyyət göstərən bələdiyyə sədrlərini, yerli deputatları və ictimai təzyiqlərlə üzləşən kommunal siyasətçiləri qorumaq idi. Lakin zaman keçdikcə qanun daha çox federal səviyyəli siyasətçilərlə bağlı işlərdə gündəmə gəlməyə başladı.

AfD-nin federal sədr müavini və Bundestaq deputatı Ştefan Brandner isə qanunun tamamilə ləğv edilməsinin tərəfdarıdır. Brandnerin əsas arqumenti ondan ibarətdir ki, siyasətçilər üçün ayrıca cinayət tərkibinin mövcudluğu demokratik bərabərlik prinsipinə ziddir. O hesab edir ki, adi vətəndaşların şərəf və ləyaqəti necə qorunursa, siyasətçilərin də hüquqları eyni qaydada müdafiə olunmalıdır, onlar üçün xüsusi hüquqi status yaratmaq düzgün deyil. Brandner dəfələrlə bildirib ki, siyasətçilər sərt, hətta kobud tənqidə dözməyi bacarmalıdırlar. Ona görə, 2021-ci ildə qanunun sərtləşdirilməsindən sonra siyasi tənqidə görə açılan işlərin sayı sürətlə artıb və bu, vətəndaşlarda qorxu yaradır. Satirik və ya emosional siyasi ifadələrin cinayət predmetinə çevrilməsi insanların hakimiyyəti tənqid etməkdən çəkinməsinə səbəb olur.

Sol Partiyanın (Die Linke) deputatı Luke Hoss 188-ci maddə ilə bağlı müzakirələrdə bildirib ki, siyasətçilər üçün ayrıca cinayət tərkibinin mövcudluğu demokratiyanın bərabərlik prinsipinə uyğun deyil. Onun fikrincə, Fridrix Merts və ya digər siyasətçilərin şərəf və ləyaqəti adi vətəndaşlardan daha yüksək səviyyədə qorunmamalıdır. Hoss hesab edir ki, siyasətçilərə yönələn qəzəbin əsas səbəbi insanların siyasi qərarlardan narazılığıdır. Yəni hökumətlər və parlament üzvləri əvvəlcə vətəndaşların niyə qəzəbli olduğunu anlamağa çalışmalı, sonra isə həmin qəzəbin ifadə formasını cinayət məsələsinə çevirməməlidirlər.

Sonda bu qənaətə gəlmək olar ki, Almaniyanın bugünkü mübahisəsi əslində ifadə azadlığının sərhədlərindən daha çox hakimiyyətlə vətəndaş arasındakı münasibətlə bağlıdır. Əgər demokratiya xalqın hakimiyyəti deməkdirsə, o zaman hakimiyyət sahibləri də xalqın narazılığına, qəzəbinə və bəzən sərt sözlərinə dözməyi bacarmalıdırlar.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью