Berlində 1 May nümayişindən FOTOLAR

01.05.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 1 may, AZƏRTAC

Almaniyada 1 May – Beynəlxalq Əmək Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə demək olar, bütün şəhərlərdə yürüşlər, nümayişlər, festivallar təşkil edilib. Təkcə Berlində 30 müxtəlif yerdə tədbirlər keçirilib. Paytaxtda təhlükəsizlik tədbirlərinin təmin olunmasına 5700 polis əməkdaşı cəlb edilib.

Ən böyük tədbir isə həmkarlar ittifaqlarının ənənəvi nümayişi olub. Təxminən 15 mindən çox iştirakçı paytaxtın mərkəzi küçələri ilə yürüş etdikdən sonra Berlinin tarixi bələdiyyə binasının (Rote Rathaus) qarşısında toplaşıb.

1 May münasibətilə Berlində, həmçinin ənənəvi velosiped yürüşü də təşkil olunub.

Qeyd edək ki, 1 May – Beynəlxalq Əmək Günü Almaniyada 1890-cı ildən etibarən müxtəlif formalarda qeyd olunur. 1933-cü ildən etibarən bu gün Almaniyada rəsmi dövlət bayramı elan edilib. Əmək Günü münasibətilə keçirilən aksiyalarda əmək hüquqlarına, sosial bərabərliyə və həmkarlar ittifaqlarının roluna dair müxtəlif tələblər səsləndirilir. Həmçinin ənənəvi şənliklər keçirilir, May ağacı bəzədilir, müxtəlif festivallar, bayram şənlikləri təşkil olunur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью