Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya demokratik hüquq şəbəkəsində özünəməxsus yer tutan Azərbaycan Konstitusiyası müstəqil dövlətimizin bugünü və gələcəyi üçün başlıca siyasi-hüquqi sənəddir. Əsas qanunumuz yaşadığımız cəmiyyətin yeni tarixi modifikasiyasını əks etdirir.
Konstitusiya dövlətlərin və xalqların həyatının təməl qanunlar məcmusu, obrazlı desək, dürüst yönləndirmə kompasıdır. Özündə dövlət quruculuğunun, hakimiyyət və idarəetmə qanunlarının bütün aspektlərini ehtiva edir. Qlobal və ölkədaxili davranış qaydaları da, sülh şəraitində, dinc yanaşı yaşamaq prinsipləri də, insanlararası münasibətlər sistemi də konstitusiyalarla tənzimlənir.
Qədim yunan filosofu Aristotel dövlət və cəmiyyət qanunlarını şəxsi hakimiyyətdən üstün tutub və idarəetmədə həlledici rolunu qeyd edib. Onun “Politika” əsərində yazdığına görə, monarxiya, istibdad və oliqarxiyadan yuxarıda duran qanun “əməli ağıldan” yaranan və ümumi rifaha xidmət edən bir əmrdir və özündə bütün münasibətləri əhatə edir.
Dahi Nizami Gəncəvi isə qanunu, ilk növbədə, ədalət, mənəviyyat, ilahi nizam və hökmdarın vicdanı kontekstində sərf-nəzər edib. “Sirlər xəzinəsi”ndə zülmün cəmiyyəti xarabalığa çevirdiyi, ədalətin isə obaları abadlaşdırdığı simvolik dildə qələmə alınıb. Böyük şair ədalət anlayışında və cəmiyyət münasibətlərində yanlışlığa uğramanı qətiyyən təqdir etmır. Nizaminin bəzi qəhrəmanları dünyəvi həvəs və nəfs üzündən yoldan sapıb, ədalətdən uzaqlaşıblar. Məsələn: Xosrov hakimiyyətdə güc, qüvvət göstərib, amma Fərhadın ölümünə hiylə ilə nail olduğu zaman haqdan, ədalətdən uzaqlaşaraq günaha batıb. Bəhram öz səyi sayəsində ov zamanı göstərdiyi şücaətlə öyünsə də, ona çılpaq həqiqəti söyləyən Fitnəyə qarşı ədalətsizlik edib və s.
Göründüyü kimi, rəsmi konstitusiyalardan daha öncə mütəfəkkirlər onun elmi-siyasi və bədii-poetik tərzdə ilkin təzahürlərini ilahi və bəşəri kontekstdə qələmə alıblar. Dünyada ilk konstitusiya aktı isə 1215-ci ildə İngiltərədə qəbul edilmiş “Azadlıqların böyük toplusu” hesab olunur. 1529-cu ilə aid Litva Böyük Кnyazlığının Statutu da bəzi tarixçilər tərəfindən erkən konstitusiya səciyyəli sənəd sayılır. 1787-ci ildə isə ABŞ-da ilk yazılı konstitusiya yaradılıb. Ardınca digər dövlətlər öz konstitusiyalarını qəbul edib və ölkələrini “tac qanun”larla idarə etməyə başlayıblar. Konstitusiyası olmayan dövlətlər də var və həmin coğrafiyalarda idarəetmə daşlaşmış adət-ənənələrə, dini qaydalara əsaslanır.
Keçmişdə Azərbaycan ərazisindəki dövlətlərdə şəriət qanunları, hökmdar fərmanları və törələr əsas götürülüb. Dövlət idarəçiliyi, ictimai münasibətlər Qurani-Kərim və hədislər, eləcə də hökmdarların verdiyi fərmanlar, yarlıqlar və qanunnamələrlə (məsələn, Ağqoyunlu hökmdarı Həsən padşahın “Qanunnamə”si) tənzimlənib. Çarizm dövründə Azərbaycan Rusiya İmperiyasının Qanunlar Külliyyatının təsirinə məruz qalıb.
Respublikamızda ilk Konstitusiyanın qəbulu bolşevik işğalından sonraya, yəni 1921-ci ilə təsadüf edib. Ondan əvvəl, 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin özünün konstitusiyası olmasa da, onu Milli Şurada qəbul edilmiş İstiqlaliyyət Bəyannaməsi əvəzləyirdi. Sırf sovet, sosialist ruhunda olan ilk Konstitusiya ilə isə respublikamızın ictimai və dövlət quruluşunun mövcud qaydaları tam dəyişdirilib. Sonrakı dövrlərdə daha bir neçə dəfə Azərbaycanın Əsas Qanunu qəbul edilib.
Sirr deyil ki, sovet dövründə müttəfiq respublikalarda, o cümlədən Azərbaycanda qəbul edilmiş konstitusiyalar əsasən RSFSR konstitusiyasının törəmə təkrarı idi və sırf formal xarakter daşıyırdı. Xalqlara geniş hüquqlar yalnız vəd edilirdi. Mahiyyətini Moskvaya sırf tabeçilik prinsipi təşkil edən respublikaların fəaliyyətinə bütün mərhələlərdə Kommunist Partiyası rəhbərlik edirdi. Üstəlik, ittifaqda digər siyasi partiyaların hamısı qadağan olunmuş və bununla da KP diktaturası yaradılmışdı.
O zamanlar Azərbaycanın düşünən başları, ziyalıları sovet ruhlu Konstitusiyanın bir çox müddəaları ilə barışmır, onun ideoloji mahiyyətini qəbul etmirdilər. Buna qarşı atılan azsaylı cəsarətli addımlardan biri 50-ci illərdə mütəfəkkir yazıçı Mirzə İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olan zaman “Dil haqqında Qanun”un qəbulu və ana dilinin dövlət dili kimi təsbit edilməsidir. O zaman həmin “özbaşına müaxilə” ilə bağlı Moskvadan Bakıya ciddi iradlar, hədə-qorxular gəlsə də, həmin sənədi inzibati yolla dəyişmək mümkün olmayıb.
Azərbaycan SSR-in sonuncu konstitusiyasının (1978) da başlıca fərqli cəhəti, 73-cü maddəyə görə, ana dilinin dövlət dili elan edilməsidir. Bu, SSRİ-nin şovinist zəmində qurulmuş milli siyasətinə zidd idi və o zaman Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyevin qətiyyəti sayəsində atılan çox cəsarətli addım sayılır.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na görə, ölkəmiz AXC-nin hüquqi varisi elan olunub və SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi artıq etibarsız sayılıb (O zaman buna qarşı çıxış edənlər də vardı, amma vətənpərvər əksəriyyət səsvermə çoxluğu ilə tarixi dönüşə nail olub). Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası isə yalnız ümummilli lider siyasi hakimiyyətə qayıtdıqdan sonra – 1995-ci ildə qəbul edilib. Həmin il noyabrın 12-də referendum keçirilərək yekdilliklə yeni Əsas Qanuna səs verilib. Noyabrın 27-dən qüvvəyə minən Konstitusiyanın hazırlanmasında və qəbulunda Ulu öndərin xidməti danılmazdır.
Ümummilli lider dövlətimizin Əsas Qanununun qəbulunu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri kimi dəyərləndirib və bu sənəddə təsbit olunmuş müddəaları dərindən öyrənməyi tövsiyə edərək deyib: “Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”.
Konstitusiya xalqa məxsusdur və ölkə rəhbərindən tutmuş sadə vətəndaşlara qədər hər kəs hər addımında ona əsaslanmalı, qanunla verilən hüquqlardan bəhrələnməklə bərabər, onun tələblərinə sözsüz əməl etməlidir. Bu baxımdan fəaliyyəti əsl örnək olan Prezident İlham Əliyev 2 il əvvəl – fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkilərindən sonrakı andiçmə mərasimində çıxışı zamanı deyib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm! Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”.
Andına sədaqət nümunəsi göstərən dövlətimizin başçısı böyük sərkərdə, Ali Baş Komandan olaraq adını möhtəşəm Qarabağ zəfərinin müəllifi kimi Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə yazdırıb. Cənab İlham Əliyev özünün uğurlu xarici siyasət fəlsəfəsi və prinsipial mövqeyi ilə dövlətimiz üçün çox ağrı-acılı problem sayılan erməni işğalının aradan qaldırılmasına nail olub. Ölkəmizin konstitusion hüquqları – ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Xatırladaq ki, 2002, 2009 və 2016-cı illərdə Konstitusiyamıza referendum yolu ilə əlavə və dəyişikliklər edilib. Çünki həyat durmadan inkişaf edir və ölkə gündəmində baş vermiş yenilənmələrdən, demokratik dəyərlərin inkişafından irəli gələn hüquqi tənzimləmə zaman-zaman öz əksini Konstitusiyamızda tapmalıdır. Başqa sözlə desək, demokratik inkişafda qazanılan uğurlar Konstitusiyaya bir daha nəzər salmağı, Əsas Qanunu daha da təkmilləşdirməyi zərurətə çevirir. Bu məqsədlə yeni əsrdə keçirilən 3 referendumla Konstitusiyaya insan hüquqları və azadlıqları, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər, seçki sistemi, hakimiyyət bölgüsü və sairlə bağlı vacib dəyişikliklər edilib.
Beləliklə, milli Konstitusiyamız ölkədə demokratik və dünyəvi dövlətin bərqərar olmasının dəyişməz hüquqi bazasıdır. Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaqla bərabər, cəmiyyətin demokratikləşdirilməsini, etibarlı vətəndaş cəmiyyəti quruculuğunu, qanunların aliliyini, bazar iqtisadiyyatının formalaşmasını təmin etmək və s. kimi müddəalar təsbit olunub.
Konstitusiyamız qəbul ediləndən sonrakı dövrdə Azərbaycan parlamentində həyatımızın, demək olar ki, bütün sahələrini əhatə edən, dünya standartlarına cavab verən müxtəlif qanunlar həyata vəsiqə qazanıb. Biz bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, Avropa Şurasına üzv qəbul olunmuşuq. Konstitusiyaya görə, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikası hüquq sisteminin ayrılmaz tərkib hissəsi sayılır.
Azərbaycan Respublikasının ərazi vahidliyi, toxunulmazlığı və bölünməzliyi Konstitusiyanın “Dövlətin əsasları” fəslinin 11-ci maddəsində bütün aydınlığı ilə əksini tapıb. Növbəti maddədə isə bildirilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Dövlətin Əsas Qanunu, ilk növbədə, vətəndaşların qoruyucu qalxanı timsalındadır. Təsadüfi deyil ki, Konstitusiyamızın 24-cü maddəsinin 1-ci hissəsində deyilir: “Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır”. Qanun insan hüquqlarını hər hansı bir pozuntudan qorumağa yönəldilib. İnsan hüquqlarının və əsas azadlıqlarının beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq təmin edilməsi dövlətimizin ali məqsədidir.
Ötən illər ana yasamızın nə qədər güclü, kamil və həyati sənəd olduğunu təsdiqləyib. Bir daha qeyd edək ki, Əsas Qanunumuzda dilindən, dinindən, irqi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan bütün vətəndaşların hüquq və azadlıqları geniş əksini tapıb. Konstitusiya maddələrinin təxminən üçdə-birində - 48-də insan hüquqları və onların təminatları yer alıb. Ölkədə sarsılmaz multikultural və tolerant mühit yaranıb. Məhz bu möhkəm təməl üzərində ucalan dövlətçiliyimiz öz demokratik mahiyyəti ilə ümumavropa dəyərlərini daha da dolğunlaşdırıb, xalqımız öz həqiqətlərini dünyaya bəyan etmək imkanı qazanıb.
Noyabrın 8-də möhtərəm Prezidentimiz Zəfər Günü ilə bağlı Xankəndidən xalqa müraciətində bildirib ki, ölkəmizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimiz, o cümlədən də azərbaycançılıq fəlsəfəsidir: “Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir”.
Qalib xalqımız müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən, praqmatik düşüncə sahibi olan Prezident İlham Əliyevin ətrafında bu gün daha sıx birləşmişdir. Tam əminik ki, bundan sonra daha xoşbəxt günlərimizi yaşayacağıq. Konstitusiyamıza uyğun olaraq, müstəqil Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsi prosesləri eyni vüsətlə davam edəcək və hər kəs bu şərəfli işə öz layiqli töhfəsini verəcək.
Əli NƏCƏFXANLI
XQ