Bərpa vasitələri həyat qaynağıdır

23.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Fiziki qüsurluların hərəkət fəallığına diqqət artır

Əlilliyi olan şəxslərin cəmiyyətə tam və bərabərhüquqlu inteqrasiyası dövlət siyasətinin əsas istiqamətlərindəndir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyasının əsas şərti onların keyfiyyətli reabilitasiya xidmətləri və müasir texniki reabilitasiya vasitələri ilə təmin edilməsidir. Ölkəmizdə son illərdə bu istiqamətdə mühüm institusional islahatlar həyata keçirilərək reabilitasiya sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, ötən il 13,7 min əlilliyi olan şəxs 212 min müxtəlif növ reabilitasiya vasitəsi ilə təmin edilib. Bu, reabilitasiya xidmətlərin həm əhatə dairəsinin, həm də texniki imkanlarının genişləndirildiyini göstərir. Cari ildə də bu dinamika davam edir. 2026-cı ilin ilk 6 ayında 7,4 min əlilliyi olan şəxsə 297 min reabilitasiya vasitəsi təqdim olunub. Bunların sırasında 1133 aşağı və yuxarı ətraf protezi, 666 təkərli oturacaq, 3 min 880 cüt protez və ortopedik ayaqqabı, 608 eşitmə aparatı və 127 korset olub.

Bu rəqəmlər reabilitasiya xidmətlərinin vətəndaşların ehtiyaclarına daha operativ cavab verdiyini təsdiqləyir. Bu sistemin əsas icra mexanizmlərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzidir. Mərkəzdə protez istehsalı sahəsində Almaniyanın Ottobock və İslandiyanın Össur kimi dünyanın aparıcı şirkətlərinin texnologiyalarından istifadə edilir. Postmüharibə dövründə 499 hərbçi 624 ədəd yüksək texnologiyalı son nəsil protezlə təmin olunub, minlərlə müharibə iştirakçısı və onların ailə üzvü kompleks reabilitasiya və sosial-psixoloji xidmətlərdən yararlanıb.

Müsahibimiz Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov son illər mərkəzin texniki bazasının və istehsal imkanlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açdı:

– Modernizasiya tədbirləri nəticəsində Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində istehsal infrastrukturu beynəlxalq texniki tələblərə uyğun yenilənib, yüksək texnologiyalı protez istehsalı üçün zəruri maddi-texniki baza formalaşdırılıb. İstehsalat sahələrinin əsaslı təmiri və yenidən qurulması, müasir avadanlıqların quraşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəticəsində yüksək funksional yuxarı və aşağı ətraf protezlərin istehsalına başlanıb.

Mərkəzdə beynəlxalq istehsalçı şirkətlərlə əməkdaşlıq çərçivəsində innovativ protez komponentləri, mikroprosessorla idarə olunan diz oynaqları, karbon lifli konstruksiyalar, silikon laynerlər və rəqəmsal ölçügötürmə texnologiyaları tətbiq edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində mərkəzdə aparıcı şirkətlərin mütəxəssisləri mütəmadi olaraq ixtisasartırma, praktiki seminarlar və texniki təcrübə proqramları təşkil edirlər.

Protezləşmə prosesi hər bir şəxsin fərdi ehtiyaclarının qiymətləndirilməsi əsasında həyata keçirilir. Protez hazırlanmazdan əvvəl vətəndaş mütəxəssislərin iştirakı ilə kompleks qiymətləndirmədən keçirilir. Bu zaman amputasiyanın səviyyəsi ilə yanaşı, şəxsin yaşı, peşəsi, gündəlik fəaliyyət istiqaməti, fiziki aktivlik səviyyəsi, sağlamlıq vəziyyəti və yaşayış şəraiti nəzərə alınır. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq istifadə məqsədinə və funksional ehtiyaclara cavab verən protez və onun komponentləri seçilir.

Fizioterapevtlər protezdən təhlükəsiz və səmərəli istifadə vərdişlərinin formalaşdırılması, yerişin bərpası, əzələ gücünün və balansın inkişaf etdirilməsi istiqamətində də fərdi proqramlar üzrə məşğələlər keçirirlər. Müalicə prosesində əldə olunan nəticələr qiymətləndirilir və zərurət yarandıqda protezdə müvafiq texniki düzəlişlər edilir.

Amputasiyadan sonrakı dövrdə psixoloji dəstək də reabilitasiya prosesinin mühüm tərkib hissəsidir. Mərkəzdə göstərilən psixoloji xidmətlər şəxsin yeni həyat şəraitinə uyğunlaşmasına, protezdən istifadəyə inamının formalaşdırılmasına və sosial həyata daha fəal qoşulmasına dəstək göstərir. Bu yanaşma tibbi, texniki və sosial reabilitasiyanın qarşılıqlı əlaqədə həyata keçirilməsinə əsaslanır və vətəndaşın həyat keyfiyyətinin artırılmasına xidmət edir.

Beynəlxalq protez istehsalçıları və reabilitasiya mərkəzləri ilə qurulan əməkdaşlıqdan danışan mərkəz direktoru bildirdi:

– Beynəlxalq əməkdaşlıq Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Mərkəz protez istehsalı sahəsində dünyanın aparıcı şirkətləri – “Ottobock” (Almaniya), “Össur” (İslandiya), “Metiz” (Rusiya) və “Levitate” (Danimarka) ilə əməkdaşlıq edərək müasir texnologiyaların və innovativ həllərin tətbiqini davamlı şəkildə genişləndirir. Əməkdaşlıq çərçivəsində mütəxəssislərin peşə hazırlığının artırılması, qabaqcıl istehsal texnologiyalarının mənimsənilməsi, yeni protez komponentlərinin tətbiqi və xidmətlərin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi istiqamətində ardıcıl iş aparılır.

Mərkəzdə yüksək texnologiyalı protezlərin təyini beynəlxalq standartlara uyğun həyata keçirilir. Bu zaman hər bir şəxsin funksional imkanları və fiziki aktivlik səviyyəsi qiymətləndirilərək onun ehtiyaclarına ən uyğun protez növü müəyyən edilir. Məqsəd hər bir vətəndaş üçün funksional, təhlükəsiz və uzunmüddətli istifadə imkanı yaradan fərdiləşdirilmiş həll təqdim etməkdir.

Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq nəticəsində mərkəzdə 3D skan və CAD/CAM texnologiyaları kimi müasir texnologiyaların tətbiqi genişlənir, protezlərin dəqiqliyi, funksionallığı və fərdiləşdirilməsi daha da təkmilləşdirilir. Bu isə reabilitasiya prosesinin səmərəliliyinin artırılmasına, protezlərə uyğunlaşma müddətinin qısalmasına, vətəndaş məmnunluğunun yüksəlməsinə və əlilliyi olan şəxslərin gündəlik həyata, əmək fəaliyyətinə və cəmiyyətə daha sürətli inteqrasiyasına xidmət edir.

Müsahibimiz protez istehsalı sahəsində dünyada mövcud yeni texnologiyaların Azərbaycanda tətbiqi ilə bağlı 3D skan, 3D çap və süni intellekt əsaslı həllərin nəzərdə tutulduğunu söylədi:

– Dünyada protez-ortopedik məmulatların istehsalında rəqəmsal texnologiyaların tətbiqi sürətlə genişlənir və Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi də bu istiqamətdə müasir yanaşmaları mərhələli şəkildə tətbiq edir. Hazırda mərkəzdə protez gilzalarının rəqəmsal modelləşdirilməsi və hazırlanması məqsədilə Roboticom CAD/CAM texnologiyalarından istifadə olunur. Bununla yanaşı, 3D skan texnologiyası vasitəsilə vətəndaşların anatomik xüsusiyyətlərinə uyğun ortopedik ayaqqabı içlikləri hazırlanır. Bu texnologiyalar ölçülərin daha dəqiq götürülməsinə, istehsal müddətinin optimallaşdırılmasına və hazırlanmış məmulatların keyfiyyətinin artırılmasına imkan verir.

Mərkəzin qarşıdakı dövr üzrə inkişaf strategiyasında istehsal prosesinin rəqəmsallaşdırılması və müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin prioritet olduğunu qeyd edən Asif Məcidov sonda dedi:

– Bu çərçivədə 3D çap texnologiyalarının, rəqəmsal dizayn və modelləşdirmə sistemlərinin, süni intellekt əsaslı həllərin tətbiqinin genişləndirilməsi, eləcə də istehsal proseslərinin mərhələli şəkildə avtomatlaşdırılması nəzərdə tutulur. Əsas istiqamətlərdən biri də protez-ortopedik xidmətlərin regionlarda əlçatanlığının artırılmasıdır.

Bu məqsədlə mərkəzin regional xidmət şəbəkəsinin genişləndirilməsi, o cümlədən cənub, şimal və digər bölgələrdə filialların və ya istehsalat sahələrinin yaradılması planlaşdırılır. İnnovativ texnologiyalarla işləmək bacarığına malik peşəkar kadr potensialının inkişaf etdirilməsi də prioritet vəzifələr sırasındadır. Elektron idarəetmə, sensor sistemləri və mikroprosessor texnologiyaları ilə təchiz olunan, istifadəçilərin funksional ehtiyaclarına uyğunlaşan yüksək texnologiyalı protezlərin, eləcə də yüksək texnologiyalı aşağı ətraf ortopedik aparatların istehsalının təşkili də vacib məsələlərdəndir.

Ümumilikdə, gələcək inkişaf strategiyası innovativ texnologiyaların tətbiqinin genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və vətəndaşlara göstərilən protez-ortopedik xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib.

Mustafa KAMAL
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью