Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İslam SADIQ
Unut, ay İslam
Sözü bişirməmiş deməyə dəyməz,
Beş günün heç biri cüməyə dəyməz.
Xaşılı yağ-balsız yeməyə dəyməz,
Xəngələ dad verir qurud, ay İslam.
Dumanlı gündüzəm, buludlu danam,
Xanlığı əlindən çıxmış bir xanam.
Qalmayıb bu günə bir qaşıq inam,
Yoxdur sabaha da umud, ay İslam.
Gündüzə döndərmək olmaz gecəni,
Yox olar neçəyə vursan neçəni?!
Ürəyinə salma olub-keçəni,
Unut çox şeyləri, unut, ay İslam.
Əl ləkə də vurar, naxış da doğar,
Dil qarğış da deyər, alxış da doğar.
İldırım da çaxar, yağış da doğar
Əgər boylu qalsa bulud, ay İslam.
Baltayla doğrama daş odunu sən,
Közündən biləsən kaş odunu sən.
Qalama ocağa yaş odunu sən,
Onu qucağında qurut, ay İslam.
Yaxşıdır
Sinənə söz doldur, yandır ocaqsa,
Axı niyə yanmır andır ocaqsa?!
Gördüyün içini yandıracaqsa,
Görməkdən görməmək yaxşıdır onu.
Niyə hər gün dolmur daxılın daha,
Yoxsa puldan çoxdu ağılın daha?!
Əgər qurudursa taxılın, daha
Sərməkdən sərməmək yaxşıdır onu.
Üzdə qəm nədəndi alın açıqsa,
Niyə utanırsan xalın açıqsa?!
Dərdiyin əlindən alınacaqsa,
Dərməkdən dərməmək yaxşıdır onu.
İslam Sadıq, yoxun var olacaqsa,
İlandan, əqrəbdən yar olacaqsa...
Hördüyün əyninə dar olacaqsa,
Hörməkdən hörməmək yaxşıdır onu.
Olmasa
Biri cığır açır qarda bulağa,
Biri pambıq soxub yatır qulağa.
Atmı deyəcəklər yoxsa ulağa,
Əgər belindəki palan olmasa.
Gözüylə görünür boşun dolduğu,
İyindən bəllidir gülün solduğu.
Bilinməz kasıbın kasıb olduğu
Yanında bir varlı, kalan olmasa.
Qurunun adını nəm deyər bizə,
Sevincin dadını qəm deyər bizə.
Gedənin yerini kim deyər bizə
Gedənin yerində qalan olmasa.
Çaldırana baxar dörd gözlə çalan,
Tüksüz tüklənməsə, nə yolar yolan?!
Düzü düzdə qoyan yalandı, yalan,
Düz düzdə qalarmı yalan olmasa?!
İslam Sadıq, səni balan çağırır,
Qulaq asanları çalan çağırır.
Satanı satmağa alan çağırır,
Satan kimə satar alan olmasa?!
Bələk iyi gəlir
Elə bil üzündən boylanır qürub,
Ya onu ocağın həniri vurub?!
Bəlkə sac üstündən indicə durub,
Çörək iyi gəlir bu qızdan, Tanrım.
Bəlkə bir haram süd əməndən keçib,
Ya məni axtarıb, ya məndən keçib.
Gül gülü çağıran çəməndən keçib,
Çiçək iyi gəlir bu qızdan, Tanrım.
Dönüb bir yol baxmaz yüz yol harayla,
Yuxuya verəmməz onu hər layla.
Elə bil yaşamır çörəklə, suyla,
Mələk iyi gəlir bu qızdan, Tanrım.
Bir çınqıya bənddi ocağı onun,
Mənə belə deyir bu çağı onun.
Körpəsiz darıxır qucağı onun,
Bələk iyi gəlir bu qızdan, Tanrım.
Yandıran, yanan...
Ürəyi dolunu, deyin, kisəsi
Gündə neçə dəfə dolan duyarmı?!
Ayağının biri olmayan kəsi
İki ayağı da olan duyarmı?!
Sanma hər tərəzi ağılı çəkər,
Çox şeylər bilinmir hələ dünyada.
Daşı qaldırmasan yerindən əgər,
Bilməzsən yüngüldür, ağırdır ya da.
Hər gözlə görünən ağıla batmır,
Dinməsə tanınmaz müdriklə naşı.
Sağ gözün ağrısı sol gözə çatmır,
Daş ağacı duymur, ağac da daşı.
Əvvəldən kim bilir işin dalını,
Dünən sünbülüydü bugünkü çörək.
Döyülənin duysun deyə halını,
Döyəni əməlli döyəsən gərək.
Umudsuz adamdan ummayın hədər,
Dağ təpəni duymaz, təpə də dağı.
Yandıranın özü yanana qədər
Bilmir yandırdığı nə çəkir axı?!
Hər quşun bir yuvası var
Bircə yuva qurur hər quş özünə,
İki yuva quran quş görməmişəm.
Baxmışam boş evin bəlkə yüzünə,
Ancaq bir yuvanı boş görməmişəm.
Ürəyə baxın siz, quşda ürəyə,
Sevilməkdən doymur, sevməkdən doymur.
Quşlar yuva tutmur heç vaxt kirəyə,
Yuvanı qurmamış yumurta qoymur.
Yüz körpə doğulur hər gün kirədə,
Quş balası varmı kirədə çıxan?!
Bilin ki, qaralır qanım nə üçün,
Bax budur, bax budur qəlbimi sıxan.
Quş varmı gedib yad yuvaya qona,
Quşlar belə şeydən uzaqdı, uzaq.
Nə qədər canlı var, baxıram ona,
Gözləri doymayan insandı ancaq.
Ağaclar
Kaş dinə biləydim dədəm Ozan tək,
Kaş yaza biləydim Tanrı yazan tək.
İnsan duymasa da, elə insan tək
Ağlayar ağaclar, gülər ağaclar.
Duyğusu var gözü nəmli adamın,
Səsi hərdən zilli, bəmli adamın.
Altında oturan qəmli adamın
Nələr çəkdiyini bilər adamlar.
İnsan da tək qalmaz həmdərdi olsa,
Biri namərd çıxsa, beş mərdi olsa.
Birinin nə qəmi, nə dərdi olsa,
Axşamlar yığışıb bölər ağaclar.
Başqadır əvvəli, başqadır sonu,
Payızda saralır yazın göy donu.
Öpmək istəyirsən duysa ki, onu,
Yüyürüb üstünə gələr ağaclar.
Anlamaz him-cimi, danışmaz "eh"lə,
Əzəldən arası olmayıb behlə.
Yuyar əl-üzünü axşamlar şehlə,
Yarpaq yaylığıyla silər ağaclar.
Bir şitil basdırıb "bağ ol" demirik,
Barını yeyirik, "sağ ol" demirik.
Bizdən çox yaşayır, bir yol demirik,
Görən nələr bilir, nələr ağaclar.
Ay İslam, quruyar əl odu ölsə,
Göylər qısır qalar buludu ölsə.
Bir də yarpaqlamaq umudu ölsə,
Umudsuz insan tək ölər ağaclar.
Xəbəri olmadı
Yevlaxda bir salam söylədim Kürə,
O da açdı mənə bir isti qucaq.
Gəncədən adlayıb getdim Şəmkirə,
Gəncənin xəbəri olmadı ancaq.
Nə soyuğa düşdük, nə qara, buza,
Çox doğmaydı bizə hər künc, hər bucaq.
Şəmkirdən adlayıb getdim Tovuza,
Şəmkirin xəbəri olmadı ancaq.
Ürəyim dönmüşdü bir uca dağa,
Eşqim, məhəbbətim, sevgim bir qucaq.
Tovuzdan adlayıb getdim Qazağa,
Tovuzun xəbəri olmadı ancaq.
Öpdüm torpağını, süzdüm göyünü,
Gurlaşdı sinəmdə qalanan ocaq.
Bakıya qayıtdım gəldiyim günü,
Qazağın xəbəri olmadı ancaq.
Bir ağız
Gördünmü dərsini götür solandan,
Özün dol, pay umma heç vaxt dolandan.
Əgər sözün yoxsa, borc al olandan,
Sən də bu söhbətə qarış bir ağız.
Bir dayan, az daha külə gir, küllən,
Bir az da özünü yelə ver, yellən.
On ağız susanda, bir ağız dillən,
On ağız küsəndə, barış bir ağız.
Bilmirəm azdımı, yaşın çoxdumu,
Bilmirəm acdımı, gözün toxdumu?!
Gördüyün, bildiyin bir şey yoxdumu,
Gəl otur yanımda, danış bir ağız.
Susub salma İslam Sadığı dərdə,
Tanrı çəkməyib ha gözünə pərdə.
Yadlar iki ağız danışan yerdə
Niyə danışmasın tanış bir ağız.
Yarımçıq adam
Bilmirsən ha kimin, nəyin babıdır,
Tən yarı yaşıldır, yarı abıdır.
Yarıyatan dolmuş bir su qabıdır,
Yarı sönmüş közdü yarımçıq adam.
Nə ağacdan ağac, nə daşdan daşdır,
Nə qurudan quru, nə yaşdan yaşdır.
Yeyilməzi yedi əməlli-başlı,
Dözülməzə dözdü yarımçıq adam.
Cəhrəsi var, iyi, kirişi yoxdur,
Çıxışı bağlıdı, girişi yoxdur.
Yarımçıq olmayan bir işi yoxdur,
Gah astar, gah üzdü yarımçıq adam.
İslam Sadıq, kimsə gəl deyib yəqin,
Bu dərddən agah ol, bil deyib yəqin.
Bir-iki səsini yel yeyib yəqin,
Bir yarımçıq sözdü yarımçıq adam.