Beş illik yol xəritəsi

22.08.2026

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib

Prezident İlham Əliyev “Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. Sənəd milli turizm sənayesinin inkişafı ilə bağlı mühüm hədəf istiqamətlərini özündə əks etdirir. Proqramda müvafiq qurumlar qarşısında turizm potensialından səmərəli istifadə, beynəlxalq turizm marşrutlarının inkişaf etdirilməsi və yeni marşrutların yaradılması, regionlar və kəndlər üzrə turizm inkişaf konsepsiyalarının hazırlanması, sağlamlıq və tibbi turizmin inkişafı, ölkəmizin reytinqinin yüksəldilməsi istiqamətində işlərin davam etdirilməsi ilə bağlı konkret vəzifələr müəyyən edilib.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə turizm infrastrukturunun yaradılması və həmin ərazilərə turist səfərlərinin təşkili istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi ilə əlaqədar tədbirlərin icrası müəyyənləşib.

Turizm sektorunun iqtisadiyyatda payı 5,4 faizə yüksəlib

Ölkəmizdə yürüdülən dövlət siyasətinin ardıcıllığı və çevikliyi sayəsində turizm sahəsində müsbət inkişaf meyillərinin davamlılığı təmin edilməkdədir. 2025-ci ildə turizm üçün xarakterik sahələrdə 7 milyard manata yaxın əlavə dəyər yaradılmış, sektorun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,4 faizədək yüksəlib və pandemiyadan əvvəlki 2019-cu ildə qeydə alınan ən yüksək nəticəni (4,5 faiz) 0,9 faiz-bənd üstələyib. 2019-2025-ci illərdə turizm xidmətlərinin ixracı nəticəsində Azərbaycana 8,8 milyard dollar həcmində xarici valyuta daxil olub, onun 2 milyard dolları və ya qeyri-neft-qaz sektorunun ümumi xidmət ixracının 28,5 faizi 2025-ci ilin payına düşüb.

Turizm sektorunun böyüməsi ölkədə məşğulluq üçün əlverişli mühit yaradıb.

2025-ci ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində məşğul olanların sayı 121 min nəfər təşkil edib, bu göstərici 2019-cu illə müqayisədə 56,1 faiz (43,5 min nəfər) artıb. Eyni zamanda həmin fəaliyyət sahəsinin muzdlu əmək bazarındakı payı 2,9 faiz bəndi yüksələrək 4,6 faizə çatıb.

Dünya İqtisadi Forumu tərəfindən dərc edilən “Səyahət və Turizmin İnkişafı İndeksi 2024” hesabatına əsasən, turizmin inkişaf səviyyəsinə görə Azərbaycan Respublikası hesabatla əhatə olunan 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb.

Ölkəmiz Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Qırğızıstanı (102), Tacikistanı (99), Özbəkistanı (78) və Ermənistanı (72) qabaqlasa da, Gürcüstandan (45) və Qazaxıstandan (52), müvafiq olaraq, 11 və 4 pillə geridə qalır.

Yeni təşviqedici siyasət

Ölkəmizdə viza rejimi sadə və əlverişlidir. “ASAN Viza” elektron portalının fəaliyyəti ikitərəfli vizasız gediş-gəliş sazişləri üçün hüquqi istinadlardan biridir və xaricilərin ölkəmizdə 30 günədək qalmaq hüququ verir. Avropa İttifaqına üzv ölkələrin vətəndaşları üçün də viza rejimi xeyli sadələşdirilib. Bu amillər turizm üçün mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda turizmə təsir edəcək mühüm amil - investisiya mühiti münbit və sağlamdır. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın investisiya vəziyyətini yüksək reytinqlərlə dəyərləndirib. Məsələn, “Fitch Ratings” Azərbaycanın beynəlxalq dərəcəli investisiya reytinqini “BBB-” səviyyəsində təsdiqləyib.

Yəni, turizmin inkişafı üçün imkanlar böyükdür. Ancaq turizmin regionlarda inkişafı hələ də qənaətbəxş səviyyədə deyil, ölkəmizə gələn turistlərin say artımı gözlənilən rəqəmlərdən aşağıdır. Bu rəqəmləri artırmaq üçün turizm sektorunda yeni təşviqlərin verilməsi nəzərdə tutulur.

2023-cü ildə Dövlət Turizm Agentliyi tərəfindən turistlər arasında keçirilən sorğunun nəticələri göstərir ki, yerli və xarici turistlərin gözləntiləri ilə təcrübələri arasında fərqlər, əsasən, əlverişli qiymət, gigiyena və müştəri xidməti kateqoriyaları üzrə qeydə alınıb. Bu vəziyyət turizm dəyər zənciri üzrə keyfiyyət yanaşmasının tətbiqini, əmək bazarına uyğun kadr hazırlığını, eləcə də tənzimləmənin və nəzarətin gücləndirilməsi və rəqabətyönümlü təşviq mexanizmlərinin tətbiqini zəruri edir. Bundan başqa, xidmət və qiymət bölmələri, turistlərin yerləşdirilməsi üçün əlavə infrastrukturların təkmiləşdirilməsinə ehtiyac vardır.

Aparılan təhlil və qiymətləndirmələr, maraq qrupları ilə müzakirələr, statistik müayinə və sorğuların nəticələri ümumiləşdirilərək Azərbaycanda turizm sahəsinin inkişafı üçün yeni çağırışlar müəyyən edilib. Bu məqsədlə “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” hazırlanıb. Sənəd turizmin ölkənin sosial-iqtisadi inkişafında rolunun gücləndirilməsi, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsi, regionların rəqabət qabiliyyətinin artırılması və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsi kimi strateji məqsədi nəzərdə tutur.

“Böyük İpək Yolu” turizm sxemi yaradılacaq

Proqramda 3 yeni turizm və rekreasiya zonasının yaradılması, həmin zonaların tərkibində 3 turizm mərkəzinin təşkili və baş inkişaf planlarının hazırlanması, mərkəz və zonaların ərazisində, eləcə də mehmanxana və hotellərdə, digər yerləşmə vasitələrində dayanıqlı xidmətlərin göstərilməsi kimi mühüm tədbirlər nəzərdə tutulub. Həmçinin, sanatoriya-kurort müəssisələrinin və qış idman növləri üçün stadionların, arenaların fəaliyyətinin, konqreslərin və peşəkar salonların təşkili üçün investisiya layihələrinə cəlb ediləcək kreditlər üzrə faiz subsidiyalarının verilməsi qərara alınıb. Bundan başqa, hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiya olunması, turizm əhəmiyyətli tədbirlərin təşkilinə görə xərclərin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmlərinin yaradılması, turizm xidmətlərinin infrastrukturu yaradan mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi də nəzərdə tutulur.

Proqramda hava yolu, dəmir yolu, rayonlararası avtobus, metro, ictimai şəhər nəqliyyatı üzrə sərnişindaşımaya dair məlumatların “GFTS” (General Transit Feed Specification) formatında hazırlanması, audio-bələdçi hazırlanacaq turizm nümayiş obyektlərinin siyahısının müəyyən edilməsi və həmin obyektlər üzrə 5 xarici dildə bələdçi mətnlərinin rəqəmsallaşdırılması, “Azerbaijan. Travel” rəqəmsal turizm platformasının təkmilləşdirilməsinə dair tədbirlər də yer alıb.

Azərbaycanda Bayıl Kulinariya Təcrübə Mərkəzinin və Tuğ Enoturizm Təcrübə Mərkəzinin (Şərab zavodu və üzüm bağları) yaradılması da əsas hədəflərdəndir. Digər prioritetlərdən biri “Milli dadlar” elektron qastronomiya portalının təkmilləşdirilməsi və portaldakı məlumatların beynəlxalq axtarış və süni intellekt sistemlərinə inteqrasiyası, portalın beynəlxalq və yerli arenada təbliğidir. Eyni zamanda, azı 1 beynəlxalq qastronomiya-tədbirinin, seçilmiş qastronomiya regionlarında 5 festivalın təşkili, 80 əcnəbi mütəxəssisin cəlb edilməsi yolu ilə təcrübə mübadiləsinin qurulması da hədəflər sırasındadır. Həmin ssenariyə əsasən, ölkəmizdə “Böyük İpək Yolu” turizm sxeminin yaradılması və inkişaf etdirilməsi də planlaşdırılır.

Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayı artırılacaq

Sağlamlıq turizminin inkişafı strategiyasının və fəaliyyət planının hazırlanması, tibb müəssisələrinin akkreditasiyası üzrə normativ hüquqi aktların tibbi turizm istiqamətində təkmilləşdirilməsi, tibbi turizm xidmətləri göstərən müəssisələrin beynəlxalq akkreditasiya prosesinə cəlb olunması, Sağlamlıq Turizmi Konfransının keçirilməsi də başlıca istiqamətlərdəndir. Tədbirlər planına əsasən, 10 hədəf turizm bazarı üzrə regional rəqib destinasiyalarla müqayisədə rəqabətqabiliyyətli aviabilet qiymətləri səviyyəsinə nail olunmaqla, ölkəyə gələn turistlərin sayının artırılması, regionlarda yerləşən hava limanlarının beynəlxalq sərnişindaşımada payının artması məqsədilə beynəlxalq uçuşların və aşağı büdcəli aviaşirkətlərin cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, turistlər üçün gündəlik, həftəlik, aylıq dəmir yolu bileti paketlərinin, həmçinin destinasiyalar üzrə güzəştli bilet satışı da təşkil olunacaq. Dəmir yolu bileti satışının Qlobal Paylama Sisteminə (GDS) inteqrasiyası, Naxçıvan Muxtar Respublikasına turist səyahətlərinin təşkili şərtlərinin təkmilləşdirilməsi məqsədilə Bakı-Naxçıvan- Bakı istiqaməti üzrə çarter uçuşlarının həyata keçirilməsi və həmin reys üzrə biletlərin sifarişini təmin edən satış modelinin hazırlanması da planlaşdırılan tədbirlər sırasında yer alır. Ümumilikdə, hava nəqliyyatı ilə sərnişindaşıma və turizm siyasətinin uzlaşdırılması, vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin sayının artırılması, gəlmə turizmi məqsədilə çoxdəfəlik elektron vizaların verilməsi prosesinin təkmilləşdirilməsi istiqamətində zəruri addımlar atılacaq.

“Turizm kəndi” konsepsiyası

Bölgələrdə kənd turizmini inkişaf etdirmək məqsədilə “Turizm kəndi” konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq, dayanıqlı turizm, o cümlədən turizmdə iqlim fəaliyyəti ilə bağlı tənzimləmə mexanizmi təşkil ediləcək. Həmçinin, dövlət qoruqlarında (abidələrin ərazilərində) dayanıqlı turizmin təşkil edilməsi, təbiət ərazilərində, o cümlədən milli parklarda dayanıqlı turizmin təşkil edilməsi, ov turizminin inkişafı məqsədilə ov təsərrüfatlarının yenidən qurulması, Naftalan şəhərində turizmin inkişaf etdirilməsi, turizm potensialı olan kəndlərdə turizm infrastrukturunun gücləndirilməsi, dağ və macəra turizmi fəaliyyətləri üzrə peşəkar bələdçilik və təhlükəsizlik sisteminin yaradılması hədəflər sırasındadır.

Turizmdən əldə edilən əlavə dəyərin 38 milyard manata çatdırılması hədəflənir

Dövlət Proqramının icrası nəticəsində Azərbaycan Respublikasının turizm sahəsinin regional və qlobal rəqabət qabiliyyətinin gücləndirilməsi, dayanıqlılıq prinsipləri əsasında müxtəlif turizm növləri üzrə keyfiyyətli turizm təcrübəsi təqdim edən müəyyən coğrafi ərazidə yerləşmə, nəqliyyat, infrastruktur, əyləncə və digər xidmətlərin vahid şəkildə göstərildiyi turizm çevrilməsi, turizm sektorunun sosial-iqtisadi inkişafa, o cümlədən ÜDM-in artımına, məşğulluğa və qeyri-neft-qaz ixracına töhfəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulub. Hökumət 2030-cu ilə qədər turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərdə təxminən 40 faiz real artım hədəfləyir. Sənədə əsasən, 2026-cı ildə bu sektorda 7,5 milyard manat, 2027-ci ildə 8,5 milyard manat, 2029-cu ildə təxminən 9,7 milyard manat, 2030-cu ildə isə 12,2 milyard manat əlavə dəyərin formalaşdırılması proqnozlaşdırılır. Ümumilikdə, 2026-2030-cu illərdə turizmdən əldə edilən dəyər əmsalının təxminən 38 milyard manata çatdırılması hədəflənir.

E.CƏFƏRLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью