Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ortaq mövqe axtarışında Azərbaycan nümunəsi
Müasir dövrdə İslam həmrəyliyi müsəlman ölkələri arasında birlik, qarşılıqlı dəstək və əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda müşahidə olunan qloballaşma, regional münaqişələr, iqtisadi çağırışlar və beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər İslam dünyasının vahid mövqedən çıxış etməsinin vacibliyini daha da artırır. Təsadüfi deyil ki, İslam həmrəyliyi günümüzdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə xidmət edən mühüm amillərdən biri sayılır. Müsəlman ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi, ortaq problemlərin birgə həlli və sülhün təşviqi İslam həmrəyliyinin qarşısında duran vəzifələrdən hesab olunur.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda iştirakçıların suallarını cavablandırarkən sözügedən məsələ ilə bağlı da fikir söyləyib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan hər zaman müsəlman ölkələri arasında həmrəyliyi güclü təşviq edib: “Azərbaycanda keçirilən çoxsaylı tədbirlər və irəli sürdüyümüz təşəbbüslər həmrəylik, qarşılıqlı anlaşma və birliyə xidmət edib. Zirvə toplantısınadək hadisələrin necə cərəyan edəcəyinə baxacağıq. Təəssüf ki, bu gün biz bir o qədər həmrəyliyin şahidi olmuruq. Əksinə, biz gərginliyin artdığını, qarşılıqlı ittihamları, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, dünyanın müxtəlif bölgələrində müharibələrin şahidi oluruq. Bu isə olduqca məyusedicidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik təhlükəsizliyin və sabitliyin əsas amilidir. Daha çox həmrəylik və qarşılıqlı anlaşma olduğu təqdirdə, çətin dönəmlərin də sayı azalacaq”.
Doğrudan da, Azərbaycan tarixən İslam mədəniyyətinin ayrılmaz hissəsi olmaqla yanaşı, tolerantlıq və multikulturalizm ənənələri ilə seçilib. Əsrlər boyu ölkə ərazisində müxtəlif dinlərin və millətlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində yaşayıb, bu zəngin irs Azərbaycan cəmiyyətinin ayrılmaz xüsusiyyətinə çevrilib. Tarixi və mədəni zəmin Azərbaycanın həm İslam dünyasında, həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına şərait yaradıb. Ölkədə dini və milli müxtəlifliyin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirilir.
Yeri gəlmişkən, dövlətimiz müxtəlif beynəlxalq platformalarda fəal iştirak edərək müsəlman dövlətləri ilə əməkdaşlığın genişləndirilməsinə çalışır, humanitar təşəbbüslər, mədəni layihələr və beynəlxalq tədbirlər vasitəsilə İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfə verir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, xüsusilə İslam Həmrəyliyi Oyunları, müsəlman ölkələri arasında dostluq münasibətlərinin inkişafına və qarşılıqlı əməkdaşlığın dərinləşməsinə mühüm təsir göstərir.
Azərbaycan İslam dəyərlərinin təbliği ilə yanaşı, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına da böyük önəm verir. Belə olan halda ölkənin həm İslam aləmində, həm də beynəlxalq arenada nüfuzu artır, sülh və qarşılıqlı anlaşma möhkəmlənir.
Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələrin mühüm göstəricilərindən biri də beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsidir. Bu baxımdan ölkənin gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına ev sahibliyi edəcəyi xüsusi əhəmiyyət kəsb edir. Belə mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkənin İslam dünyasında artan nüfuzunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələrin göstəricisidir. Zirvə Toplantısı üzv dövlətlərin rəhbərlərini bir araya gətirərək İslam dünyasını narahat edən siyasi, iqtisadi, humanitar və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq. Azərbaycanın bu toplantıya ev sahibliyi etməsi ölkənin dialoq, qarşılıqlı anlaşma və həmrəylik prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirəcək. Eyni zamanda, bu tədbir üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi, ortaq maraqların qorunması və yeni təşəbbüslərin irəli sürülməsi baxımından əlverişli imkan yaradacaq.
Bu günlərdə Bakıda “İslam dünyasını gələcəyə hazırlamaq: Strateji gələcək araşdırmaları bələdçisinin təqdimatı və uyğunlaşdırılması” mövzusunda Qlobal Gələcək Araşdırmaları üzrə Əlaqələndirici Şəxslər Təşəbbüsü adlı toplantı təşkil olundu. Tədbirdə çıxış edən ICESCO-nun Bakı ofisinin rəhbəri Abdulhakim Alsenan vurğulayıb ki, gələcəyini uğurla planlaşdıran xalqlar qarşıya çıxa biləcək çağırışları əvvəlcədən müəyyənləşdirərək onlara hazırlıq görən xalqlardır. Onun sözlərinə görə, strateji uzaqgörənlik artıq müasir dövlət idarəçiliyinin və effektiv qərarqəbuletmə prosesinin əsas elementlərindən birinə çevrilib. A.Alsenan qeyd edib ki, Bakı müxtəlif ölkələrin təcrübə və biliklərinin bir araya gəldiyi beynəlxalq platforma kimi gələcəyə yönəlmiş təşəbbüslərin inkişafında mühüm rol oynayır. O əlavə edib ki, ICESCO strateji proqnozlaşdırma mədəniyyətini inkişaf etdirməklə üzv dövlətlərin qlobal dəyişikliklərə və yeni çağırışlara daha hazırlıqlı olmasını təşviq edir.
Göründüyü kimi, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atılan adımlar müsəlman dövlətlərinin coğrafiyası ilə yanaşı, ümumbəşəri sülhün, təhlükəsizliyin güclənməsinə hesablanıb. Azərbaycanın bu prosesdə oynadığı rola gəldikdə isə ölkəmizin İslam dünyasında etibarlı tərəfdaş və nüfuzlu aktor kimi mövqeyi gün keçdikcə artmağa davam edir.
Nəzrin ELDARQIZI
XQ