Bəşəriyyəti uçuruma aparan təhsil və idarəçilik sistemi

24.11.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ay Almaniyada nasistlərin ölüm düşərgələrindən biri olan Daxau (Dachau) konsentrasiya düşərgəsini ziyarət etdim. Bu, qaz kameraları və krematoriyası olan düşərgələrdən biri idi. Burada xəstələr, cəzalandırılanlar, işləmək qabiliyyətini itirənlər və nasistlərin yararsız hesab etdiyi insanlar öldürülür, cəsədləri isə yandırılırdı. Konsentrasiya düşərgələrinə göndərilənlər yalnız yəhudilər deyildi. Polşalılar, Yuqoslavlar, rumınlar, slavyanlar və ruslar da bu dəhşətli faciənin qurbanı olmuşdular.

Təcridxanalara, işgəncə səhnələrini əks etdirən fotolara, ətrafı elektrik cərəyanı verilmiş tikanlı məftillərlə əhatələnən su kanallarına və düşərgənin ərazisinə baxarkən əsirlərin nələr yaşadığını təsəvvür etməyə çalışırdım. Gəzdikcə xəyalımın belə sığışdıra bilmədiyi işgəncə mənzərələri ilə qarşılaşdım. Qaz kameralarının divarlarına hopmuş ölümün ağırlığını hiss etdim.

İlk ağlıma gələn sual bu oldu: Bir vaxtlar burada yandırılmış yəhudilərin nəvələri və soydaşları Qəzzada niyə daha ağır soyqırımına yol verirlər? Bu sualın cavabını tapa bilmədim. Ancaq nə etmək lazım olduğu barədə müəyyən düşüncələrim var. Bu gün təbiətdə təkbaşına yaşamaq qabiliyyətini itirmiş insan oğlu kollektiv həyat şəraitində də sülhü təmin edə bilmir. Konsentrasiya düşərgələrindən bəri insanın nələrə qadir olduğunu bilirik. Xirosimadan sonra isə nəyin təhlükə altında olduğunu da yaxşı anlayırıq.

İnsanları tərbiyə etmək, onlara doğru yolu göstərmək üçün eyni Tanrı tərəfindən müxtəlif dinlər, fərqli müqəddəs kitablar göndərildiyi deyilir. Kitablı və kitabsız minlərlə peyğəmbərin gəldiyi bildirilir.

Hətta özünü üstün irq hesab edənlər, Tanrının onlara torpaq vəd etdiyini iddia edən xalqlar da meydana çıxıb. Bütün bunları Tanrının vədi və əmri kimi qəbul edən bəzi inanc sahibləri bir-birini qırıb məhv ediblər. Özünü üstün irq hesab edənlər isə heç öz vətəndaşlarını belə qətlə yetirməkdən çəkinməyiblər.

Heyvanlar aləminin ən güclüləri öz güclərini gələcək nəsillərə ötürmək, daha dözümlü və sağlam nəslin yetişməsi üçün mübarizə apararkən, ilahi, siyasi və iqtisadi gücü bu və ya digər şəkildə ələ keçirən insanlar heç bir tərəddüd etmədən öz soydaşlarını, hətta öz xalqlarını belə qırıb məhv ediblər. Əgər insanlıq özünü idarə etmək qabiliyyətinə malik olsaydı, daha üstün bir ağıla, ilahi qüvvəyə və müqəddəs kitablara ehtiyac duyarmıydı?

Yəqin dostlar xatırlayar, məktəblərin dəhlizində “Məktəbimizdən yetişən böyük şəxsiyyətlər” adlı guşələr yaradılırdı. Hətta universiteti bitirənlər belə həmin guşələrdə yer alanda “böyük insan” hesab olunurdular. Bir də məktəbimizdən nazir, baş nazir, prezident çıxmışdısa, deməyin, bundan böyük qürur mənbəyi ola bilməzdi!

Bir dəfə Müəllimlər Günü münasibətilə çıxış etmək üçün dəvət olunduğum tədbirdə belə bir sual verdim: “Bütün müharibələri bizim böyük hesab etdiyimiz insanlar başlamırmı? Bəs bu insanları kim yetişdirib? Məgər onları biz müəllimlər öyrətməmişik?” Bu suallar orada əyləşən bəzi nüfuzlu şəxslərin xoşuna gəlmədi. Nəticədə mən də vəzifəmdən uzaqlaşdırıldım. Hər bir ölkənin öz maraqları və inancları əsasında formalaşdırdığı təhsil sistemlərinin bir-biri ilə ziddiyyət təşkil etməsi, toqquşması qaçılmaz idi. Tarix boyu da belə olub.

Deməli, bu gün yaşadığımız problemlərin bir çoxunun arxasında bizim oxutduğumuz, yetişdirdiyimiz həmin “böyük” (!) insanlar dayanır. Bəs günahkar müəllimlərdir? Qətiyyən yox! Təəssüf ki, müəllimlər qanunlar, qaydalar, ənənələr və adət-ənənələrlə əlləri-qolları bağlanmış, hakimiyyəti və gücü əlində saxlayanların istəklərinə uyğun təhsil verməyə məcbur edilən sıravi peşə işçilərinə çevriliblər. Onlar iqtisadiyyatla idarəetmə sisteminin arasında sıxışdırılıb qalıblar.

Təbiətdən və digər canlıların təhlükəsindən qorxan insan kollektiv həyat tərzinə keçdikdən sonra bir-birini məhv etməyə başladı. Özünü çox ağıllı hesab edən insanlıq (!) hələ də universal, ümumbəşəri təhsil sistemi yarada bilməyib. İnsanın öz daxilindəki məna axtarışına kömək edə bilməyib. Nə bizim, nə də dünyanın mövcud təhsil sistemi şəraitə qarşı çıxmağı bacaran, haqsızlıqla barışmayan, müstəqil düşüncəli insan yetişdirə bildi. Əksinə, mövcud şəraitə uyğunlaşan, öz şəxsiyyətini və mövqeyini itirən insanlar ortaya çıxdı. Bu gün amerikalı gənclərin 60 faizinin, avropalı gənclərin isə 35 faizinin gələcəklə bağlı nə aydın təsəvvürü, nə də arzusu var. Əminəm ki, ölkəmizdə bu göstərici daha yüksəkdir. Çünki burada gənclər ölkədən getməyə məcbur edilir, onların yerini isə içi boşaldılmış, yalnız verilən əmrləri yerinə yetirən insanlar tutur. Belələrinin törətdiyi əxlaqsızlıqlar və ağır ictimai cinayətlər isə bəzən sadəcə “şeytana uymaq” ifadəsi ilə izah edilir.

Mən belə nəsillərin müəllimi ola bilmərəm!

Yaşadığımız cəmiyyətdə günah, halal və haram anlayışlarının, eləcə də əmək, zəhmət, çalışma, istehsal və alın təri kimi fundamental dəyərlərin necə dəyərsizləşdirildiyinin şahidi oluruq. Bir dəfə Gökçeada adasının Dereköy kəndindəki qədim camaşırxananı gəzirdim. Ailəsi Bingöldən köçmüş dördüncü sinif şagirdi mənə bələdçilik etmək istədi. Təklifini qəbul etdim. Həftə içi olmasına baxmayaraq, niyə məktəbdə olmadığını soruşdum.

“Xəstəyəm”, – deyə cavab verdi. Amma xəstəlik sadəcə bəhanə idi. Uşaq gələn turistlərə qədim camaşırxana haqqında məlumat verərək çaypulu qazanırdı. Atası da daşınmaz əmlak alqı-satqısı ilə məşğul olurmuş. Ona məktəbə getməyin vacibliyini izah etməyə çalışdım. Uşaq isə həvəslə belə dedi: “Bizim müəllimimiz də deyir ki, oxuyun, gələcəkdə rahat yaşayarsınız”.

Bu sözlər məni düşündürdü. Axı təhsilin məqsədi yalnız gələcəkdə rahat yaşamaq olmamalıdır! Hər kəsin rahatlıq anlayışı fərqlidir. Əgər müəllim dostumuzun yanaşması ilə düşünsək, ən çox oxuyanlar həm də ən rahat yaşayan insanlar olmalı idilər. Bəs gerçəklik belədir? Qətiyyən! Həmin an bir neçə manat qazanmağa köklənmiş uşağa həyatın əsl mənasını necə izah edə bilərdim?

Buna baxmayaraq, başqa bir müəllim kimi ona bir neçə cümlə ilə məktəbə getməyin, oxumağın və öyrənməyin nə üçün vacib olduğunu başa salmağa çalışdım. Bəs insanın rahatlığı nədir? Pul, yoxsa güc? Təəssüf ki, bu iki süni meyar təhsilin də əsas məqsədinə çevrilib. Məktəbə yeni daxil olan, peşə həyatına yenicə başlayan gənclərin ilk sualı belə olur: “Neçə pul qazanacağam?” Heç vaxt unutmaram, bir dəfə qızımdan soruşdum: “Böyüyəndə nə olacaqsan?”

“Qəssab olacağam”, – deyə cavab verdi. Səbəb isə qəssabın kassasında gördüyü pulla dolu siyirmə idi. Pulu və gücü olmayan insanlar hansı təhsil pilləsindən keçmələrindən asılı olmayaraq, cəmiyyətdə çox vaxt uğursuz hesab edilir, hətta kənara itələnirlər. Qarnı ac olan insanın ilk növbədə pul haqqında düşünməsi təbiidir. Ancaq pulun böyük hissəsi yenə də gücü əlində saxlayanların kassasına axır. İllərdir uşaqlara öyrətdiyimiz “Müəllim öyrədir A, B, C”, “Sən bir ana, sən bir ata oldun” mahnılarının belə əvvəlki əhəmiyyəti qalmayıb. İsti, səmimi insan münasibətlərinin yerini soyuq və cansız maşınlar alır. Duyğusuz, monoton səslərə bağlanmağa başlamışıq. Sosial şəbəkələrdə gördüyümüz xəyali görüntülərin arxasınca qaçır, sonra da həmin saxta dünyaya əxlaq dərsi verməyə çalışırıq. İnsanlar mexanikləşdirilir, süni intellektin dəyirmanına su daşıyan vasitələrə çevrilirlər. Halbuki unuduruq ki, süni intellektin topladığı biliklərin ilkin mənbəyi müəllimlər, onların yetişdirdiyi alimlər və elm adamlarıdır. Biz təbiətin canlı bir sistem olduğunu, hər bir canlılığın özünəməxsus ruhu və dəyəri olduğunu unutmuşuq.

Bütün dünya öz gələcəyini müəyyənləşdirəcək iqlim məsələlərini müzakirə etmək üçün keçirilən COP31 sammitində, təəssüf ki, bir fiaskoya imza atmaq bacarığını göstərdi! Nəhəng bir neçə süni intellekt şirkəti dünyanı ələ keçirmək istiqamətində addımlar atarkən, biz hələ də siniflərdə meyit yumağı, qəbiristanlıqlarda məzar daşlarını təmizləməyi öyrədən müəllimlər yetişdirmək qayğısındayıq.

Soyuq və ruhsuz maşınlarla sevgi yaşayan insanın, eləcə də insanın yerini tutmağa başlayan süni intellektin mərhəmət, sevgi, şəfqət kimi duyğulara sahib olması, onların əsl mahiyyətini anlaması mümkündürmü? Bəlkə də bu gün informasiyaya çatmaq çox asanlaşıb. Ancaq yadda saxlayaq ki, toplanan bütün bu biliklərin ilkin mənbəyi yenə də insandır.

Müəllimlərin bilik vermək imkanları nə qədər məhdudlaşdırılsa da, onların düşüncə istehsal etmək, yeni ideyalar yaratmaq və ümumbəşəri dəyərlərə töhfə verəcək səviyyədə yetişmək imkanları qorunmalıdır. Biz nə qədər şanslı xalqıq! Çünki yüzillikləri qabaqlayan, əsrlər sonrasına səslənən bir liderimiz – Mustafa Kamal Atatürkümüz olub.

Onun fikirləri və ideyaları bu gün də onlardan yararlanmağı bacaranlar üçün yol göstərir. Nitsşe nə deyirdi? “Məni öldürməyən şey məni gücləndirir”. Yaşadığımız çətinliklər də düşünmək, mübarizə aparmaq və öyrənmək qabiliyyətimizi əlimizdən ala bilməz. Təbiəti sevən, insana və bütün canlılara dəyər verən, sevgini, mərhəməti və insanlığı yaşadan bütün müəllimlərin bayramı mübarək! Uşaqların da, cəmiyyətin də sizə ehtiyacı var.

Müəllif: Hasan Akgün

Təqdim etdi: Rəsmiyyə Şərifova,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью