Bəşəriyyətin başı üzərindəki Rusiya təhlükəsi..

14.08.2026

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Putinin ayaq basdığı yerlərdən yalnız müharibə qoxusu gəlir. Şərqi Avropadan başlatdığı, Yaxın Şərqdə İranı dəstəkləməklə körüklətdiyi müharibələrin indi də Uzaq Şərqə uzana biləcək ehtimalı, Rusiya prezidentinin Kuril adalarına səfərindən sonra dünya yeni gərginlik məngənəsinə girib. Ukrayna cəbhəsinə aid müzakirələrə hərbi paltarda daxil olan Putin, Uzaq Şərqdə müharibə olmasa da, donanma paltarında hərbiçilərlə görüşə qatılması ilə sanki növbəti müharibə anonsunu vermiş oldu. Zamanında durdurula bilinməyən Kreml lideri iştahanın diş altında olduğunu sübut etdi. 2008-ci ildə Gürcüstanın işğalı, 2014-də Krımın, ardınca Donbasın böyük bir hissəsi Rusiya tərəfindən işğal ediləndə dünyanın təpkisi o qədər zəif oldu ki, 2022-də Ukraynaya qarşı genişmiqyaslı müharibə beş ildir davam edir. Bununla bitmir. Putin Uzaq Şərqdə Yaponiyanı hədəfə aldı, təhdid dolu çıxışla meydan oxudu. Heç bununla da bitməyəcək. Ermənistan ən yaxın hədəflərdən biri kimi hər gün Rusiya rəsmilərinin dilindən düşmür. Dnestryanı adlanan bölgə ilə Moldova da hər an təhlükəyə məruz qala biləcək ölkələr sırasındadır.

​ Bir neçə il əvvəl orta məktəb şagirdinə “Rusiyanın sərhədi heç bir yerdə bitmir” deyən Rusiya prezidentinin imperiya ambisiyaları həqiqətən sərhəd tanımır. Bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Avropa ölkələrini Rusiyanın mümkün hücumları, “hibrid əməliyyatlara” hazırlaşdığı barədə xəbərdarlıq edib. Əsasən Polşa və Baltik ölkələrinin hədəfdə olduğu məlumatda xüsusi vurğulanır. Rusiyanın “hibrid əməliyyatları”üçün Avropa ölkələrinin infrastruktur obyektlərinin vurulması, sabotaj edilməsi, hətta guya bu sabotajların Ukrayna tərəfindən həyata keçirildiyi barədə informasiyalar getdikcə artır. Təsadüfi deyil ki, 2026-cilin iyununda Vladimir Putin çıxışında bildirirdi ki, “ Rusiya ərazilərindən PUA-ların atıldığı Avropa ölkələrinə qarşı cavab zərbələri endirəcək". Rusiya bu əməliyyatlarda ənənəvi “rusdilli əhali sıxışdırılır” bəhanəsindən istifadə edəcəyi də yayılan informasiyalar içərisindədir. Üstəlik, Moskva hibrid hücum üçün Belarusdan istifadə edərək bu ölkəni faktiki qarşı tərəfin hədəfinə çevirmək istəyir. Bu istiqamətdə Kreml Aleksandr Lukaşenkoya Ukraynaya qarşı ikinci cəbhə açmaq və NATO ölkələrinə qarşı əməliyyatlar aparmaq üçün təzyiq göstərir. ​ Qeyd edək ki, keçən il Belarus ərazisindən Polşaya 20 dron buraxılmışdı. Əgər Belarusdan NATO ölkələrinə hücum edilərsə, bu, alyansın müdafiəsini sınamaq və ya Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıyan hücumlar ola bilər.

​ ​ İnformasiyalar yalnız Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatları ilə yekunlaşmır. Almaniya Bundesveri bildirir ki, Rusiya öz iqtisadiyyatını və ordusunu Qərblə genişmiqyaslı konfliktə hazırlayır. Faktiki bu informasiya da “hibrid müharibə”nin genişləndirilməsini və Avropada qeyri sabitlik, təlaş yaradılmasını təsdiq edir. "Rusiya gələcək münaqişə üçün hərəkətlərini təkmilləşdirmək məqsədilə bizi sınayır və necə reaksiya verdiyimizi izləyir". Almaniya silahlı qüvvələrinin baş müfəttişi general Karsten Broyer mətbuata verdiyi müsahibədə bunu xüsusi olaraq vurğulayıb. Generalın adını təsadüfən çəkmədik, general Broyerin mandatına diqqət edək: “İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük hərbi münaqişəni başladan Vladimir Putin rejiminin artan təcavüzünə qarşı dayanmaq üçün Bundesveri yenidən təşkil etmək”. Eyni zamanda, adını qeyd etdiyimiz general sentyabrda NATO Hərbi komitəsinin növbəti sədri olmağa ən real namizəddir. Deməli, bütün NATO ayaq üstədir və Baş katib Mark Ryutte hələ 2025-ci ilin dekabrında açıq bildirirdi ki, Putin rejimi ​ növbəti beş ildə NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazırlaşır. NATO Baş katibi ciddi xəbərdarlıq etdi: ” Münaqişə qapımızın ağzındadır... Biz Rusiyanın növbəti hədəfiyik. Rusiya Avropaya müharibəni geri qaytardı. Və biz babalarımızın və ulu babalarımızın yaşadığı eyni miqyaslı müharibəyə hazır olmalıyıq".

Dünya nizamının indiyədək ​ əsas qoruyucusu ABŞ isə diqqətini strateji rəqibi Çinə qarşı yönəldib və Hörmüz sularında özünü “bataqlıqda”kı kimi hiss etdiyindən Rusiya aqressiyasına demək olar ki, diqqət yetirmir, hətta sükutu ilə bu aqressiyaya şərait yaratmış olur.

​ Yalnız dünyadan deyil, Rusiya cəmiyyətindən də heç bir ciddi etiraz görməyən, əksinə, “Yabloko” istisna olmaqla bütün partiyalardan və cəmiyyətin geniş təbəqəsindən dəstək alan Vladimir Putinin imperiya ambisiyalarının sərhəd görməməsi bəşəriyyətə də, ən əvvəl Rusiyanın özünə də.., yaxşı heç nə vəd etmir.

İlham İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью