Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
50-dən çox şirkətin nümayəndələri İT infrastrukturunun inkişafını, sistemlərin idarə olunmasını, məlumatların təhlükəsizliyini və biznes proseslərinin fasiləsizliyini müzakirə ediblər.
Oktyabrın 16-18 tarixlərində Bestcomp Group, HPE və Commvault şirkətlərinin təşkilatçılığı ilə “Connected for Growth” tədbiri keçirilib. Tədbirdə 50-dən çox şirkətin İT departamentlərinin rəhbərləri iştirak ediblər. Müzakirələrin əsas mövzusu sistemlərin idarəolunmasını, məlumatların təhlükəsizliyini və biznes proseslərinin fasiləsizliyini təmin etməklə İT infrastrukturunun inkişaf etdirilməsi olub.
Proqramda virtual və bulud mühitlərinin idarə edilməsi, ehtiyat nüsxələrin qorunması və nasazlıqlardan sonra kritik əhəmiyyətli sistemlərin bərpası ilə bağlı praktiki məsələlərə yer verilib.
Tədbiri giriş nitqi ilə açan Bestcomp Group-un baş icraçı direktor müavini və kommersiya üzrə direktoru Xəlil Ələkbərov sifarişçilərlə olan uzunmüddətli və etibarlı münasibətlərin əhəmiyyətini vurğulayıb və iştirakçılara çoxillik əməkdaşlığa görə təşəkkür edib.
Bestcomp Group-un satış üzrə direktoru Anar Xanəliyev şirkətin və qrupa daxil olan müəssisələrin əsas fəaliyyət istiqamətləri, sistem inteqrasiyası və servis xidmətlərinə yanaşmaları barədə məlumat verib. O, həmçinin şirkətin öz məhsulları olan AzDoc Pro, BestUp, bCloud və Bestbook haqqında məlumat verib.
HPE nümayəndəsi Erdem Öztürk süni intellekt, hibrid bulud və şəbəkə texnologiyalarının biznesin artan tələbatına uyğun İT infrastrukturunun qurulmasındakı rolundan danışıb.
HPE-nin həllər üzrə baş arxitektoru Görkem Can HPE Morpheus və VM Essentials həllərinin imkanlarını təqdim edib. Bu həllər virtual və bulud mühitlərinin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə, gündəlik əməliyyatların avtomatlaşdırılmasına və xərclərin optimallaşdırılmasına xidmət edir. O, ayrıca sessiyada HPE Zerto həllindən bəhs edərək məlumat itkilərinin minimuma endirilməsi və kritik əhəmiyyətli sistemlərin bərpa müddətinin qısaldılması imkanlarını izah edib.
Commvault-un regional direktoru İvan Zasoxlin ehtiyat nüsxələrin mövcudluğunun məlumatların uğurla bərpa olunmasına özlüyündə zəmanət vermədiyini vurğulayıb. O, ehtiyat nüsxələrin qorunmasının və insident zamanı istifadəyə hazırlığının mütəmadi yoxlanılmasının vacibliyini qeyd edib.
Dmitri İvanyuk bu mövzunu davam etdirərək Commvault Cloud Unity platformasını təqdim edib. Platforma məlumatların qorunması, təhdidlərin aşkarlanması və kiberhücumlardan sonra təhlükəsiz bərpanın təmin edilməsi üçün nəzərdə tutulub.
“Connected for Growth” biznesin real ehtiyaclarına uyğun İT infrastrukturunun qurulması ətrafında fikir mübadiləsinə imkan yaradıb. Tədbirdə sistemlərin daha səmərəli idarə olunmasına, məlumatların qorunmasına, nasazlıqlar və kiberhücumlar zamanı fəaliyyətin dayanıqlığının təmin edilməsinə kömək edən həllər müzakirə olunub.