Beyin köçünün qarşısını almaq lazımdır!” Ekspert

04.09.2026

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Səhiyyə dövlət siyasətinin əsas prioriteti olmalıdır”

Azərbaycanda səhiyyə sisteminin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və tibb işçilərinin sosial rifahının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqlarının artırılması ilə bağlı yeni qərar səhiyyə sahəsində həyata keçirilən ardıcıl islahatların və dövlətin sosial siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq olunur və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edir. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait yönəldilib.

Yeni mexanizm çərçivəsində maaş artımları bütün tibb işçiləri üçün eyni formada müəyyənləşdirilmir. Əməkhaqqının məbləği vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılır. Bu yanaşma həm əməyin xüsusiyyətlərinin nəzərə alınmasına, həm də kadr çatışmazlığı olan sahələrə əlavə stimul yaradılmasına hesablanıb.

 Siyasi şərhçi Elvin Baxşəlizadə Sherg.az-a bildirib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması və əməyinin daha yüksək qiymətləndirilməsi ilə bağlı təşəbbüsü, bu təşəbbüsün Prezident İlham Əliyev tərəfindən müsbət qarşılanması səhiyyə sahəsində mühüm addımdır:

“Sentyabrın 1-dən qüvvəyə minən yeni əməkhaqqı qaydaları ümumilikdə TƏBİB sistemində çalışan 72 mindən çox tibb işçisini əhatə edir. Hesab edirəm ki, bu qərar yalnız tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması baxımından deyil, bütövlükdə səhiyyə sisteminin inkişafı və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Hazırda regionlarda bir sıra ixtisaslar üzrə həkim çatışmazlığı müşahidə olunur. Digər tərəfdən, son illərdə çoxsaylı ixtisaslı həkimlərin daha yaxşı əmək və sosial imkanlar səbəbindən Türkiyə, Almaniya və digər ölkələrə üz tutması səhiyyə sahəsində kadr itkisinin qarşısının alınmasını vacib məsələlərdən birinə çevirib. Bu baxımdan, səhiyyə sektorunda formalaşan beyin köçünü mümkün qədər minimuma endirmək üçün tibb işçiləri üçün ölkə daxilində daha əlverişli əmək və sosial şərait yaradılmalıdır”.

E. Baxşəlizadə qeyd edib ki, dövlət tibb müəssisələrində çalışan həkimlərin, tibb bacılarının və digər səhiyyə əməkdaşlarının həm layiqli əməkhaqqı, həm də müasir və komfortlu iş şəraiti ilə təmin olunması strateji əhəmiyyət daşıyır:

“Çünki səhiyyəyə, xüsusilə də insan kapitalına yönəldilən sərmayə ölkənin gələcəyinə qoyulan ən mühüm və effektiv investisiyalardan biridir. Bu baxımdan, tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı qəbul edilən qərarı müsbət qiymətləndirir və səhiyyə sahəsinin bundan sonra da dövlət siyasətinin əsas prioritetlərindən biri kimi diqqət mərkəzində saxlanılmasını vacib hesab edirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью