Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şirin qazlı içkilər, spirtli içkilər, şokolad, kofeinli məhsullar və duzlu qidaların axşam saatlarında qəbulu beyin sağlamlığına mənfi təsir göstərə və uzunmüddətli perspektivdə demensiya riskini artıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-nin "El Camino" Hospital Klinikasının Kardiologiya və Pulmonologiya Sağlamlıq Mərkəzinin dietoloqları Şeri Qo və Şeyla Patterson "Eating Well" nəşrinə açıqlamalarında bildiriblər.
Şeri Qonun sözlərinə görə, şirniyyat və şəkərli içkilərin tərkibindəki yüksək miqdarda şəkər orqanizmdə iltihabi prosesləri gücləndirir. Spirtli içkilər və kofein isə yuxunun keyfiyyətini aşağı salaraq beynin gecə ərzində tam bərpa olunmasına mane olur.
Dietoloq qeyd edib ki, yatmazdan əvvəl şokoladdan da uzaq durmaq lazımdır. Çünki şokoladın tərkibində kofeinlə yanaşı, orqanizmə stimullaşdırıcı təsir göstərən teobromin maddəsi də var. Onun təsiri kofeindən zəif olsa da, yuxuya və ümumi vəziyyətə mənfi təsir göstərə bilər.
Mütəxəssis şirin içkilər əvəzinə bir stəkan kefir içməyi tövsiyə edib. O bildirib ki, Braziliya alimlərinin Brain, Behavior, and Immunity jurnalında dərc olunan elmi icmalına əsasən, kefir probiotik və zülal mənbəyi olmaqla yanaşı, Altsheymer xəstəliyinin inkişafını ləngitməyə də kömək edə bilər.
Şeyla Patterson isə axşam saatlarında duzlu qidaların qəbulundan da çəkinməyi məsləhət görüb. Onun sözlərinə görə, artıq duz qan damarlarını zədələyə, iltihabı gücləndirə və beynin qanla təchizatını zəiflədə bilər. Bu isə zamanla idrak funksiyalarının pozulması riskini artıra bilər.
Mütəxəssislər axşam yeməyində yarımfabrikatlar və çox duzlu qidalar əvəzinə az yağlı ət, yumurta, quş əti kimi təbii və duz miqdarı az olan məhsullara üstünlük verməyi tövsiyə edirlər. Onların fikrincə, belə qidalanma həm sağlam yuxuya, həm də uzunmüddətli dövrdə beyin sağlamlığının qorunmasına kömək edir.
NURİYYƏ