“Beyin tənbəlliyi” nədir?

29.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İnsan düşündükcə zəkası itiləşir, idrakı güclənir

Süni intellektin həyatımıza sürətlə daxil olması gündəlik işlərimizi xeyli asanlaşdırıb, vaxta qənaət etməyə imkan yaradıb. Bu texnologiyadan daha rahat və səmərəli istifadə qaydalarını öyrədən xüsusi təlimlər də keçilir. Əvvəllər saatlarla axtarış tələb edən məlumatları tapmaq, mətnlər hazırlamaq, müxtəlif tapşırıqları yerinə yetirmək artıq bir neçə saniyəyə mümkündür.

Lakin texnologiyanın verdiyi bu rahatlığın başqa tərəfləri də var. Şübhəsiz ki, süni intellekt beyin fəaliyyətini zəiflədir. Ən sadə sualların belə cavabını özümüz düşünmək və araşdırmaq əvəzinə, ondan soruşuruq. Görəsən, bu asılılıq beyində hansı izləri buraxır?

Neyrologiya sahəsində geniş yayılmış yanaşmalardan biri “İstifadə et, yoxsa itir” prinsipidir. Bu yanaşmaya görə, beyin düşündükcə və müxtəlif mürəkkəb tapşırıqların həllinə cəlb edildikcə çevikləşir. Problemləri həll etmək, analitik müqayisələr aparmaq və yazmaq kimi fəaliyyətlər zamanı zehni fəal şəkildə işlətmək idrak bacarıqlarının qorunmasında və inkişafında mühüm rol oynayır. Əgər beyin istifadə olunduqca inkişaf edən bir sistemdirsə, düşünmə prosesini davamlı olaraq texnologiyaya həvalə etmək idrak qabiliyyətinə nə dərəcədə təsir edir?

Mövzu ilə bağlı XQ-yə açıqlamasında nevropatoloq Əminə İmanova bildirdi ki, düşünmə və təhlil proseslərini mütəmadi olaraq texnologiyaya etibar etmək beynin idrak imkanlarını korlaşdırır və zehni geriləməyə yol açır:

– İnsan beyni bioloji olaraq məşqə ehtiyacı olan əzələ sistemidir. Fiziki hərəkətsizlik əzələlərin zəifləməsinə və dağılmasına səbəb olduğu kimi, düşünmə, təhliletmə və informasiya toplama prosesini daimi olaraq texnoloji alətlərə həvalə etmək də idrak qabiliyyətlərinin tədricən zəifləməsinə gətirib çıxara bilər. Bir məlumatı əldə etmək üçün səy göstərmək, səbəb-nəticə əlaqələrini qurmaq və yaddaşı işlətmək beyin hüceyrələrinin aktivliyini qoruyur.

Bu proseslər olmadıqda tənqidi təfəkkür, yaradıcı yanaşma və problem həlletmə bacarıqları zaman keçdikcə, sanki, tənbəlləşir. Hətta gündəlik sadə zehni tapşırıqlardan belə yayınmaq, beynin neyroplastiklik – yəni özünü yeniləmə və adaptasiya olunma qabiliyyətini xeyli məhdudlaşdırır.

İnsan beyni təbiətin yaratdığı ən nadir, davamlı və qənaətcil sistemdir. Beyin istifadə olunduqca güclənən, yeni neyron əlaqələri quran, ehtiyac duyulmadıqda isə həmin funksiyaları "qənaət rejimi”nə keçirən mexanizmdir. Əgər hər hansı bir çətinliklə üzləşdikdə, istər məntiqi məsələnin həlli, istərsə də məlumatın axtarışı və təhlili zamanı dərhal süni intellektə müraciət ediriksə, beyin həmin analitik əməliyyatı yerinə yetirmək üçün lazım olan enerjidən yayınır. Zaman-zaman bu proses “idrak tənbəlliyi”nə yol açır.

Beynin tənqidi təfəkkür, qərarqəbuletmə, uzunmüddətli yaddaş və strukturlaşdırılmış təhlil üçün məsul olan sahələri, xüsusən də alın payı (prefrontal qabıq) daimi olaraq stimullaşdırılmadıqda, həmin bölgələrdə sinaptik əlaqələr zəifləməyə başlayır. Nəticədə, insan müstəqil şəkildə mürəkkəb qərarlar qəbul etməkdə çətinlik çəkir.

Həkim söylədi ki, daim hazır cavablar almaq zamanla insanda dərin araşdırma aparmaq həvəsini və səbrini də azaldır:

– Elmi araşdırmalar göstərir ki, informasiyanın süzgəcdən keçirilməsi, müxtəlif mənbələrin müqayisə olunması və səhvlərin düzəldilməsi prosesində beyin aktiv şəkildə işləyir. Hazır cavabı birbaşa oxuyub qəbul etmək isə beyin üçün passiv istehlak prosesidir. Məlumatı xatırlamaq üçün səy göstərməmək epizodik və işçi yaddaşımızın tutumunu kiçildir.

İnsanlar artıq vacib detalları yadda saxlamaq əvəzinə onları "haradan tapa biləcəklərini" xatırlamağa üstünlük verirlər ki, bu da rəqəmsal amneziyaya gətirib çıxarır. Eyni zamanda, hər şeyin bir neçə saniyə ərzində əlçatan olması beyində ani mükafat mexanizmini və dopamin marşrutunu işə salır. Bu isə insanın uzunmüddətli diqqətini bir fokusda saxlamaq müddətini qısaldır, konsentrasiyanı pozur və koqnitiv geriləməyə şərait yaradır.

Əlbəttə ki, bütün bunlar süni intellektdən tamamilə imtina etməli olduğumuz anlamına gəlmir. Süni intellekt bəşəriyyətin əldə etdiyi ən güclü köməkçi vasitələrdən biridir və ondan faydalanmaq lazımdır. Burada əsas məsələ balans və şüurlu yanaşmadır. Süni intellektdən ideya almaq, vaxt aparan mexaniki işləri optimallaşdırmaq üçün yararlanmaq olar, lakin əsas analizi, nəticə çıxarmağı və yaradıcı yanaşmanı mütləq beynimizə həvalə etməliyik.

Fiziki sağlamlıq üçün idman etdiyimiz kimi, beyin üçün də kitab oxumaq, dərindən araşdırma aparmaq, yeni bacarıqlar öyrənmək və mürəkkəb məntiqi tapşırıqları özümüz həll etmək həyati əhəmiyyət daşıyır. Unutmayaq ki, texnologiya bizim əvəzedicimiz deyil, sadəcə, alətimiz olmalıdır. Beynimiz isə yalnız çalışdığı müddətcə gənc, çevik və sağlam qalır.

Mütəxəssisin fikirlərindən də göründüyü kimi, süni intellektin imkanlarından tamamilə imtina etmək çıxış yolu deyil. Texnologiya, sadəcə, bir alətdir və ondan necə istifadə olunması tamamilə insanlardan asılıdır. Süni intellekt işimizi sürətləndirə bilər, lakin insan ağlını heç vaxt əvəz edə bilməz. Məlumatı birbaşa hazır şəkildə götürmək əvəzinə, onun arxasındakı səbəbləri araşdırmaq, təhlil etmək və zehni fəallığı qorumaq zəruridir.

Unutmayaq ki, rahatlıq xatirinə düşünmək və araşdırmaqdan vaz keçmək, əslində, zəka potensialımıza qoyduğumuz ən böyük məhdudiyyətdir. Beynin sağlam və çevik qalması üçün hər zaman müstəqil düşünməyə və öyrənməyə ehtiyac var. Çünki parlaq gələcək süni zəkanın deyil, fasiləsiz düşünən və tənqidi yanaşan canlı insan beyninin əlindədir.

H.ELENORA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью