Beyləqan taxılçılıq bölgəsinə çevrilib

30.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu il rayonda 63 min 562 ton məhsul yığılıb

Yayın qızmar günlərində Beyləqanın ucsuz-bucaqsız taxıl zəmilərində qızğın iş gedir. Günəş üfüqdən boylanar-boylanmaz, kombaynların gur səsi çöllərə yayılır, əkinçilərin aylarla nazını çəkdiyi torpağın bol məhsulu yığılır. Buradakı qızılı sünbüllər isə təkcə zəngin məhsulun deyil, həm də torpağa bağlılığın, fədakar əməyin və kənd adamının əzmkarlığının rəmzinə çevrilib.

Məhsuldar torpaqları ilə tanınan Beyləqan rayonu bu il də taxılçılıqda yüksək nəticələr əldə edərək aqrar ənənələrini uğurla davam etdirib. Dövlət tərəfindən kənd təsərrüfatına göstərilən ardıcıl dəstək, müasir texnika və texnologiyaların tətbiqi, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi, eləcə də fermerlərin peşəkar və məsuliyyətli fəaliyyəti 2026-cı ilin taxıl biçini mövsümünün uğurla başa çatdırılmasına imkan yaradıb.

Beyləqan Aqrar İnkişaf Mərkəzinin məlumatına əsasən, biçin kampaniyasının əvvəlindən rayon üzrə 10 min 442 hektar buğda sahəsindən 43 min 839 ton məhsul əldə olunub. Hər hektardan orta hesabla 42 sentner məhsulun toplanması isə taxılçılığın dinamik inkişaf etdiyini bir daha təsdiqləyir.

Arpa istehsalında da yüksək göstəricilər qeydə alınıb. Belə ki, 6 min 164 hektar sahədən 19 min 723 ton arpa yığılıb, orta məhsuldarlıq isə hər hektara 32 sentner təşkil edib. Nəticədə, rayon üzrə, ümumilikdə, 16 min 606 hektar taxıl sahəsində biçin başa çatdırılaraq 63 min 562 ton məhsul yığılıb. Orta məhsuldarlıq 38,3 sentnerə yüksəlib ki, bu da son illərin ən uğurlu göstəricilərindən biridir.

Ötən ilin nəticələri ilə müqayisə builki nailiyyətlərin miqyasını daha aydın göstərir. Belə ki, 2025-ci ildə 15 min 316 hektar sahədən 56 min 736 ton məhsul əldə edildiyi halda, bu il əkin sahələri 1290 hektaradək genişləndirilib, ümumi məhsul istehsalı isə 6 min 826 ton artıb. Orta məhsuldarlıq da 37 sentnerdən 38,3 sentnerə yüksəlib.

Buğda istehsalının 5 min 32 ton, arpa istehsalının isə 1794 ton artması fermerlərin torpaqdan daha səmərəli istifadə etdiyini göstərir. Keyfiyyətli toxum materialından istifadə, əkin sahələrinin düzgün becərilməsi, suvarmanın səmərəli təşkili, mineral gübrələrin optimal tətbiqi və müasir kənd təsərrüfatı texnikasından geniş istifadə əldə olunan uğurların əsas amillərindəndir.

Taxıl biçini mövsümü Beyləqanın bütün kəndlərində əsl bolluq təntənəsinə çevrilib. Hər biçin aparılan sahə, hər doldurulan taxıl anbarı kənd zəhmətkeşlərinin alın təri ilə qazanılmış uğurun, ölkənin ərzaq təhlükəsizliyinə verilən mühüm töhfənin bariz nümunəsidir.

2026-cı ilin taxıl biçini bir daha göstərir ki, Beyləqanın bərəkətli torpaqları bu dəfə də zəhmətsevər insanlardan səxavətini əsirgəməyib. Çəkilən zəhmət, sözün əsl mənasında, üz ağardıb. Əldə olunan yüksək göstəricilər rayonun aqrar potensialının daha da gücləndiyini, kənd təsərrüfatının dayanıqlı inkişaf yolunda inamla irəlilədiyini nümayiş etdirir. Bu uğurlar həm fermerlərin fədakar əməyinin, həm də ölkədə aqrar sahənin inkişafına yönəlmiş məqsədyönlü dövlət siyasətinin uğurlu nəticəsidir.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью