Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beyləqan rayonunda kənd təsərrüfatı işçiləri günü qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, Beyləqan Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə RİH başçısı Əziz Əzizov, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər və əməkdaşları, pambıq emalı müəssisələrinin nümayəndələri, fermerlər, sahibkarlar və digər rəsmilər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Ə. Əzizov kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas və strateji sahələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və tətbiq olunan stimullaşdırıcı mexanizmlər nəticəsində ölkədə aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradılıb, müasir texnologiyaların tətbiqi və istehsalın artırılması istiqamətində mühüm addımlar atılıb.
Bildirilib ki, zəngin aqrar potensiala malik Beyləqan rayonunda pambıqçılıq, taxılçılıq, heyvandarlıq və digər kənd təsərrüfatı sahələri rayon iqtisadiyyatında mühüm yer tutur. Xüsusilə pambıqçılıq ənənələri ilə seçilən Beyləqan ötən illərdə pambıq emalı və istehsalı sahəsində əldə etdiyi göstəricilərlə respublikanın qabaqcıl rayonları sırasında yer alıb. Rayon rəhbəri aqrar sahədə çalışan zəhmətkeşlərin bu nailiyyətlərin əldə olunmasında mühüm rolunu qeyd edərək onların əməyini yüksək qiymətləndirib, qarşıdakı dövrdə də məhsuldarlığın və istehsal həcminin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonra 1 noyabr – kənd təsərrüfatı işçiləri günü münasibətilə rayonun aqrar inkişafına verdikləri töhfələr nəzərə alınaraq bir qrup idarə və müəssisə əməkdaşına, fermer və sahibkarlara Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim olunub.
Tədbirdə Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Xaliq Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin direktoru Leylan Nəsirova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov, Mil-Muğan Regional Təhsil İdarəsinin Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov, eləcə də kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər qurumların rəhbərləri, fermerlər və sahibkarlar çıxış ediblər.
Çıxışlarda kənd təsərrüfatı işçilərinin rayonun sosial-iqtisadi inkişafında rolu, aqrar sektorun mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikirlər səsləndirilib.
Eləcə də, fermer və sahibkarlar göstərilən diqqətə və əməyə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi, istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi və Beyləqan rayonunun aqrar potensialının daha da genişləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərinə əminliklərini bildiriblər.