Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABB Bank-ın müştərisi Tərlan İsmayılov AliExpress üzərindən etdiyi onlayn alışlarda bank kartından xəbərsiz şəkildə ƏDV tutulduğunu iddia edib. AzPost xəbər verir ki, onun sözlərinə görə, sözügedən hal ötən ilin sentyabr ayından etibarən baş verir və əməliyyat zamanı tutulan əlavə vergi ilkin ödəniş mərhələsində görünmür.
Şikayətçi bildirir ki, yalnız əməliyyatların detalları açıldıqdan sonra kartdan ƏDV məbləğinin çıxıldığı məlum olub. Müştərinin iddiasına əsasən, məsələ ilə bağlı dəfələrlə ABB Bank-ın filiallarına müraciət edib, çağrı mərkəzi ilə əlaqə saxlayıb, lakin müraciətlər ya cavabsız qalıb, ya da izahat verilmədən bağlanıb.
Tərlan İsmayılov yaranmış vəziyyətlə bağlı artıq rəsmi şəkildə Azərbaycan Mərkəzi Bankına müraciət etdiyini açıqlayıb. Onun sözlərinə görə, məqsədi yalnız şəxsi haqqını bərpa etdirmək deyil, eyni zamanda digər bank müştərilərinin də oxşar hallarla üzləşməsinin qarşısını almaqdır.
Məsələ ilə bağlı ABB Bank rəsmi açıqlama yayıb. Bankdan bildirilib ki, pərakəndə əməliyyatlar zamanı ABB tərəfindən ƏDV tutulması nəzərdə tutulmayıb və verginin tətbiqi ödənişin təyinatından asılı olaraq dəyişə bilər. Açıqlamada qeyd olunub ki, əgər əməliyyat zamanı ƏDV tətbiq edilibsə, bu hal elektron invoys əsasında araşdırılacaq və uyğun olduğu təqdirdə silinmiş məbləğ müştərinin kartına geri qaytarılacaq.
Paylaş