Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin əsas qüvvələrinin İrana yaxınlaşdığını elan edərək, növbəti hücumun çox pis olacağını bəyan edib.
Redaktor.az-a danışan politoloq Sədrəddin Soltanın sözlərinə görə, ABŞ Prezidenti bu yaxınlarda da bəyan edib ki, İran hakimiyyəti danışıqlara hazırdır.
"İran Xarici İşlər Nazirliyi isə bu gün açıqlama verərək bildirib ki, ABŞ ilə danışıqlar aparmaq üçün ABŞ-nin heç bir təklifini qəbul etməyib və bu məsələ ilə bağlı nə İrandan ABŞ-yə, nə də ABŞ-dən İrana hər hansı bir müraciət olub. Bununla belə, yaxın günlərdə Rusiya ABŞ ilə İran arasında danışıqların aparılmasına vasitəçilik etməyə hazır olduğunu açıqlayıb. Bu isə onu göstərir ki, beynəlxalq ictimaiyyət ABŞ-nin İrana qarşı yenidən hərbi müdaxiləsini məqbul saymır və məsələlərin, eləcə də münasibətlərin danışıqlar yolu ilə həllinin tərəfdarıdır. Bu prosesdə əsas aparıcı tərəf ABŞ hesab olunur".
Siyasi şərhçinin sözlərinə görə, ABŞ İranın müəyyən tələblərini yerinə yetirməyə söz verərsə, İran da danışıqlara razılıq verəcəyini istisna etmir.
"ABŞ-nin İrandan tələblərinə nəzər salsaq görərik ki, nüvə proqramının sıfırlanması, uranın saxlandığı yerlər barədə məlumat verilməsi, raket istehsalının dayandırılması və digər şərtlər mövcuddur. İran isə ABŞ-dən 2015-ci ilin yayında qəbul edilmiş Əhatəli Birgə Fəaliyyət Planının yenilənməsini və tətbiq olunmuş sanksiyaların ləğvini tələb edir. Bu tələblərin qarşılığında İran ABŞ-nin şərtlərinə əməl edəcəyini istisna etmir", - deyə Sədrəddin Soltan qeyd etdi.
Xədicə BAXIŞLI