“Beynəlxalq İtkinlər Günü”nün qeyd edilməsi hamı üçün önəmlidir

30.08.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 Azərbaycan üçün isə bu günün əhəmiyyəti daha böyükdür 

Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubundan 

Bakı, 2 oktyabr 2024-cü il

Yəqin ki, hamının yadındadır. Azərbaycan dövləti 1993-cü ilin payızından etibarən çoxsaylı beynəlxalq konvensiyalara qoşulur, beynəlxalq aləmdə qeyd edilən xüsusi günlərin fəal iştirakçısına çevrilirdi.  O zaman bəzi ağzıgöyçəklər ya qərəzlə, ya da bilməyərəkdən etiraz edirdilər ki, gənc müstəqil dövlətin o qədər konvensiyaya qoşulmasına nə ehtiyac var?  Ancaq Heydər Əliyev həmin bədxahların  qaragüruhçu çağırışlarına məhəl qoymadan ölkəmizi inkişafa doğru aparmaqda davam edirdi. 

Zaman keçdikcə  şahidi olduğumuz proseslər bizim həmin konvensiyalara qoşulmağımızın nə qədər önəmli olduğunu  sübut etdi. Bu gün qeyd edilən  – Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası  tərəfindən təsis edilmiş “Beynəlxalq İtkinlər Günü”nün  bizim üçün əhəmiyyəti isə hədsiz dərəcədə böyükdür.  Elə ona görə də dövlət başçımız   xatırladır ki, Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir.

Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatının  Baş Assambleyası 2010-cu ildə qəbul etdiyi qətnamədə dünyada insanların zorla yoxa çıxarılması  –  itkin düşməsi hallarının artmasından ciddi narahatlığını ifadə edib. Bu kateqoriyaya insanların həbs edilməsi, saxlanılması və oğurlanması halları da daxildir. BMT ekspertlərinin fikrincə, zorla yoxaçıxmalar terror mühitinin yaradılması strategiyasının bir hissəsinə çevrilib və  qlobal problem xarakter alıb. Burada yada salınan “zorla yoxa çıxarılanlar “ ifadəsi daha çox Azərbaycan vətəndaşlarına və  işğalçı ölkənin ərazisində yaşamış soydaşlarımıza  aiddir.  Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin  30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı etdiyi paylaşımda bu fakt özünü daha qabarıq şəkildə göstərir: 

“Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi dərin humanitar və milli əhəmiyyət kəsb edən məsələ olaraq qalır. Keçmiş Ermənistan – Azərbaycan münaqişəsi nəticəsində 4 010 Azərbaycan vətəndaşı itkin düşmüş kimi qeydiyyatdadır”.

Hikmət Hacıyev xatırladır ki, bu  məsələ  Prezident İlham Əliyevin daim diqqət və qayğısı altındadır: “Dövlət başçısı tərəfindən qoyulan vəzifələrə uyğun olaraq, Dövlət Komissiyası itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, aşkarlanması, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və qalıqlarının on illərlə davam edən qeyri-müəyyənlikdən sonra ailələrə qaytarılması üçün sistemli səylərini davam etdirir”.

Bu məqamda konkret faktlara diqqət yönəldək. Belə ki, rəsmi məlumatlarda qeyd edilir ki, bu il iyunun 30-na olan məlumata əsasən, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 4004-ü I Qarabağ müharibəsində, 6-sı isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüblər. 4010 nəfərdən 3228-i hərbçi, 782-si mülki şəxslərdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 288-i qadın, 319-u qocadır.

Onu da əlavə edək ki, bu gün dünyada  itkin düşmüşlər problemi ilə müxtəlif ictimai təşkilatlar məşğul olur. Ənənəvi olaraq, bu gün həmin təşkilatlar hökumətlərə müraciət edərək belə halların aradan qaldırılmasına yönəlmiş bütün mümkün addımların atılmasına çağırırlar. Bu mübarizənin mühüm vasitələrindən biri  isə 2006-cı ildə qəbul edilmiş “Bütün şəxslərin itkin düşmələrdən müdafiəsi haqqında Beynəlxalq Konvensiyadır”.

Ancaq çox təəssüf ki, problem hələ də öz həllini tapmayıb. Zorla yoxaçıxmalarla bağlı yüz minlərlə hal araşdırılmamış qalır, hər il isə yeni belə hallar baş verir. Halbuki insanların iradəsi xaricində yoxa çıxarılması insan hüquqlarının ən ağır və kobud şəkildə pozulmalarından biridir. Yəni bu proseslər zamanı önə çıxarılmalı olan ilk məsələı insan hüquqlarının pozulmasıdır. Biz məmnunuq ki, Azərbaycan dövləti yoxa çıxarılmış soydaşlarımızın hüquqlarının qorunması istiqamətində lazım olan bütün addımları atır və  nəzərəçarpacaq uğurlar əldə edilməkdədir.  Prezidentin köməkçisinin dediyi kimi, şahidlərin ifadələri yoxlanılır, güman edilən dəfn yerləri araşdırılır, kütləvi məzarlıqlar qazılır və aşkar edilmiş qalıqlar məhkəmə və DNT müayinəsi ilə araşdırılır: “Bu günə qədər 32 kütləvi məzar tapılıb və 328 nəfər itkin DNT müayinəsi ilə müəyyən edilib”.

Hesabatlarda qeyd edilir ki, zorla yoxaçıxmaların birbaşa və ya dolayı qurbanları arasında uşaqlar da ola bilər. Uşağın yoxa çıxarılması Uşaq Hüquqları Konvensiyasının bir sıra müddəalarının, o cümlədən onun şəxsiyyətinin tanınması hüququnun birbaşa pozulması deməkdir. Uşağın valideynlərindən birini zorla yoxaçıxma nəticəsində itirməsi də onun hüquqlarının ciddi şəkildə pozulmasıdır.

Ölkəmizdə fəaliyyət göstərən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiya ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyi arasında 2008-ci ildə imzalanmış “İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması” üzrə çərçivə sazişinə uyğun olaraq 2014-cü ildən etibarən itkin düşmüş Azərbaycan vətəndaşlarının yaxın qohumlarından bioloji nümunələrin toplanmasına başlanıb. 

2023-cü ildən etibarən isə bioloji nümunələrin toplanması işi Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsində yaradılmış Genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu il iyunun 30-na olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı 11 min 542 donordan bioloji nümunələr toplanaraq sistemləşdirilib. Bildirilir ki, toplanmış bioloji nümunələrin DNT profilləri Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Genetik araşdırmalar mərkəzi tərəfindən çıxarılaraq arxivləşdirilir. 

Fikirlərimizi cıənab Prezidentin yuxarıda yada saldığımız məktundakı arqumentlərdən biri ilə yekunlaşdırmaq istəyirik: “Məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik”.

Azərbaycanın mövqeyi ondan ibarətdir ki, “Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var və hər ailə cavab almağa layiqdir”.

İttifaq MİRZƏBƏYLİ, 

Əməkdar jurnalist 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью