Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 30 yanvar, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (IOC) Azərbaycan Milli Olimpiya Komitəsinə (MOK) idmançıların hüquq və vəzifələrindən ibarət bəyannamə göndərib.
MOK-dan AZƏRTAC-a verilən məlumata görə, sənəddə qeyd olunur ki, bəyannamə Olimpiya Hərəkatı çərçivəsində və onun üzvlərinin səlahiyyət dairəsində olan idmançılar üçün ümumi hüquq və vəzifələr toplusunu özündə əks etdirir. Burada İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən və digər beynəlxalq səviyyədə tanınmış insan hüquqları standartlarından, prinsiplərindən və müqavilələrindən istifadə edilib. Məqsəd Olimpiya Hərəkatının fəaliyyətinə istiqamət verməkdir.
İdmançıların hüquqları və vəzifələri bəyannaməsi idmançılar tərəfindən və onların baxışlarını özündə əks etdirən beynəlxalq məsləhətləşmə ilə hazırlanıb. Bildirilir ki, Olimpiya Hərəkatının bütün üzvləri, xüsusilə Beynəlxalq Olimpiya Komitəsi, beynəlxalq idman federasiyaları və Milli Olimpiya Komitələri bu hüquq və vəzifələrə hörmətin təşviq edilməsinə səy göstərəcəklər.
Bəyannamənin ikinci bölməsində yer alan idmançıların vəzifələri isə 10 bənddən ibarətdir.
Beynəlxalq Olimpiya Komitəsinin bu bəyannaməsi Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının nizamnaməsində öz əksini taparaq, idmançıların hüquq və vəzifələrinə dair bəyannaməyə uyğun olaraq komissiyanın fəaliyyətində nəzərə alınacaq.
Məlumat üçün bildirək ki, bəyannamə Olimpiya Hərəkatı adından 2018-ci il oktyabrın 9-da Argentinanın Buenos-Ayres şəhərində keçirilmiş Beynəlxalq Olimpiya Komitəsinin 133-cü Sessiyasında qəbul edilib.