Beynəlxalq proqramlar olmadan bölgə universitetlərinə kütləvi maraq yaranmayacaq AÇIQLAMA

28.01.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Regionlarda universitetlərin daha da inkişaf etdirilməsi, infrastrukturun gücləndirilməsi, kampus və yataqxana şəraitinin yaxşılaşdırılması vacibdir. Bu amillər təmin olunduğu halda, düşünürəm ki, bölgədə yaşayan şəxslər məhz region universitetlərini seçməkdə daha maraqlı olacaqlar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi region universitetlərinə marağın artırılmasından danışarkən bildirdi.

Onun sözlərinə görə, hazırkı vəziyyətə baxdıqda görürük ki, bölgələrdə fəaliyyət göstərən universitetlərin böyük əksəriyyətində bəzi istisnalar xaric qeyd olunan imkanlar təəssüf ki, yetərli səviyyədə deyil:

"Son illər tələbələrin seçimində ön sıralarda daha çox Qarabağ Universitetini görürük. Eyni zamanda Pedaqoji Universitetin Quba filialına, həmin əraziyə yaxın yaşayan şəxslər tərəfindən maraq var. Gəncə Dövlət Universitetinə müəyyən maraq mövcuddur, eləcə də Mingəçevir Dövlət Universitetinə. Naxçıvan Dövlət Universitetini isə əsasən Naxçıvan Muxtar Respublikasında yaşayanlar seçir, lakin paytaxtdan belə bəzi ixtisaslar üzrə Naxçıvana üstünlük verən vətəndaşlarımız da var. Əlbəttə, bölgə universitetlərində təhsil və tədris keyfiyyəti ilə yanaşı, infrastruktur yaxşılaşdırıldığı təqdirdə, bu ali təhsil müəssisələrini seçən tələbələrin sayında artım müşahidə olunacaq. Amma kütləvi marağın formalaşması üçün beynəlxalq ikili diplom proqramlarının tətbiqi də son dərəcə vacibdir".

Müsahibimizin sözlərinə görə, bölgələrdə yaşayan gənclər paytaxtda və ya paytaxta yaxın ərazilərdə təhsil almağa daha çox ona görə maraq göstərirlər ki, burada sosial mühit daha genişdir və iş imkanları daha əlçatandır:

"Gənclər düşünürlər ki, Bakı, Sumqayıt və ya paytaxta yaxın ərazilərdə, məsələn, Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetində təhsil almaq onlara həm özlərini inkişaf etdirmək, həm də əmək fəaliyyətinə daha erkən başlamaq imkanı yaradır. Onların fikrincə, bu mühitdə təhsil almaq daha rahatdır və gələcək karyera baxımından daha çox fürsət təqdim edir. Bu baxımdan bölgələrdə yeni iş yerlərinin yaradılması, müasir tələblərə uyğun mərkəzlərin formalaşdırılması vacibdir. Gənclərə əmək fəaliyyəti üçün real imkanlar tanınmalı, eyni zamanda özünü inkişaf etdirmə məqsədilə xarici dil kursları və digər inkişaf proqramları tətbiq olunmalıdır. Bu addımlar bölgələrdə yaşayan şəxslərin yerli ali təhsil müəssisələrinə marağını artıracaq.

Nəzərə almaq lazımdır ki, region ali təhsil müəssisələrində illik təhsil haqları daha əlçatandır. Buna baxmayaraq, bəzi gənclər bölgədə 1500–1600 manat ödəməkdənsə, Bakıda 2500–3000 manat ödəyərək təhsil almağa üstünlük verirlər. Hesab edirəm ki, qeyd etdiyim bu amillər region universitetlərində tətbiq edildiyi halda, daha müsbət və effektiv nəticələr əldə etmək mümkün olacaq".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью