Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Times Higher Education” (THE) tərəfindən 2026-cı il üçün sahələr üzrə fənn reytinqləri dərc olunub.
Modern.az xəbər verir ki, 11 fənn sahəsi üzrə dərc olunan reytinqə Azərbaycandan daxil olan universitetlərin sayı ilk dəfə 4-ə yüksəlib.
Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar.
Qeyd edək ki, 2 universitetimiz (Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti) müvafiq fənn reytinqlərinə ilk dəfə bu il daxil olublar.
Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə 4-ə yüksəlib.
Belə ki, “Mühəndislik” və “Fizika elmləri” sahələri ilə yanaşı, bu ildən Azərbaycan “Biznes və iqtisadiyyat” və “Sosial elmlər” sahələri üzrə də aşağıdakı kimi təmsil olunur: Mühəndislik – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti; Fizika elmləri – Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universiteti; Biznes və iqtisadiyyat – Azərbaycan Dövlət İqtisad Universiteti; Sosial elmlər – Azərbaycan Dövlət İqtisad Universiteti.
Qeyd edək ki, THE-nin fənn reytinqlərinin qiymətləndirmə metodologiyasında 5 istiqamət (tədris, tədqiqat mühiti, tədqiqat keyfiyyəti, sənaye və beynəlmiləlləşmə) üzrə 18 meyar nəzərə alınır.