Bəzən sahibkarlar POS terminalın olmadığını bildirirlər

12.06.2026

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycanda vergi mədəniyyətinin regionlar və Bakı arasında fərqlənib-fərqlənmədiyi uzun illərdir müzakirə olunan mövzulardandır. Bəs hansı bölgələrdə vergiyə münasibət daha məsuliyyətlidir və bunu hansı göstəricilərlə müəyyən etmək olar? 
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Demokrat.az-a bildirib ki, vergi mədəniyyətinin ölçülməsinin müxtəlif üsulları var:
"Mən bunu ölçməmişəm və belə bir ölçmə aparmaq imkanım da yoxdur. Məsələn, sorğu və anket üsulu ilə müəyyən etmək olar ki, vergi mədəniyyəti rayonlarda, şəhərlərdə və ya ayrı-ayrı bölgələrdə hansı səviyyədədir. Anketlərdə müxtəlif suallar verilə bilər. Məsələn, insanların vergini vətəndaşlıq borcu hesab edib-etmədiyi, vergilərin düzgün yığıldığına və istifadə olunduğuna nə dərəcədə əmin olduqları araşdırıla bilər. Bundan başqa, digər üsullardan da istifadə etmək mümkündür.
Kölgə iqtisadiyyatının həcmi də göstəricilərdən biridir. Əgər bu göstərici rayonlar və regionlar üzrə hesablansa, müəyyən etmək olar ki, harada kölgə iqtisadiyyatı daha çoxdur. Özəl sektorda bu xüsusilə önəmlidir. Dövlət sektorunda fəaliyyətin əsasən rəsmi olduğunu qəbul etsək, müqayisələr daha aydın görünər. Beləliklə, kölgə iqtisadiyyatının səviyyəsi ilə vergi mədəniyyəti arasında əlaqə qurmaq olar".
Ekspert deyib ki, bu cür göstəricilər ölçülür və təhlil edilir:
"Amma Azərbaycanda regionlar üzrə belə bir ölçmənin aparıldığını bilmirəm. Müxtəlif beynəlxalq indekslər və vergi intizamı göstəriciləri mövcuddur. Ölkə üzrə ümumi məlumat tapmaq mümkündür, lakin regionlar üzrə belə məlumatlara rast gəlməmişəm. Əgər sizin qarşınıza çıxıbsa, göndərin, mən də şərh edim.
Bu cür ölçmələri əsasən Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi və ya qrant layihələri həyata keçirən təşkilatlar aparmalıdır.
Ümumi müşahidələrə gəldikdə isə, yalnız şəxsi qənaətimi deyə bilərəm. Bu müşahidələr subyektiv ola və tam reprezentativ sayılmaya bilər. Mənə elə gəlir ki, son illərdə təkcə Bakıda deyil, regionlarda da vergi mədəniyyəti əhəmiyyətli dərəcədə inkişaf edib. Xüsusilə rəqəmsal ödənişlərin artması, nəzarətin güclənməsi və POS terminalların geniş yayılması bu prosesə müsbət təsir göstərib.
Bununla belə, bölgələrdə hələ də bəzi kiçik sahibkarların nağd hesablaşmalara üstünlük verdiyini görürük. Bəzən POS terminalın olmadığını bildirirlər və ya ondan istifadə etmək istəmirlər. Bu da onların bütün gəlirlərini rəsmiləşdirmədikləri ehtimalını yaradır. Təbii ki, bunun səbəbi təkcə vergidən yayınmaq deyil. Kartla ödəniş zamanı müəyyən komissiya xərcləri yaranır və bəzi sahibkarlar bu xərclərdən yayınmağa çalışırlar. Digər tərəfdən, gəlirlərin tam göstərilməməsi onlara əlavə üstünlüklər qazandıra bilir.
Ümumi müşahidəmə əsasən, kiçik müəssisələr və fərdi sahibkarlar arasında vergidən yayınma meyli Bakıya nisbətən regionlarda daha geniş yayılıb", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью