Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadəni universitetin kollektivinə təqdim edib. Məleykə Abbaszadənin BDU-ya rektor təyin olunması bir sıra məsələləri də gündəmə gətirib. Bunlardan biri də imtahan formatları ilə bağlıdır.
Maraqlıdır, bəs universitetin imtahan sistemində dəyişikliklər olacaqmı?
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev düşünür ki, BDU-da xüsusilə iki istiqamətdə operativ işlər həyata keçirilməlidir:
"Bakı Dövlət Universitetində bəzi kafedralarda müəyyən dəyişikliklərin həyata keçirilməsi mütləqdir. Eyni zamanda, gəncləşdirmə istiqamətində addım atılmalıdır. Bu, mənim şəxsi fikrimdir. Bəzi müəllimlərdə ənənəvi olaraq əvvəldən qalan korrupsiya anlayışı var. Artıq bu anlayış sonlandırılmalıdır.
İkinci bir məsələ, əlbəttə ki, imtahan məsələsidir. İmtahanlar müasirləşdirilməlidir. İmtahanlar tamamilə dəyişilməlidir. Obyektiv və düzgün formatda imtahanlar həyata keçirilməlidir. Əgər biz Boloniya sistemi deyiriksə, Boloniya sisteminə uyğun olaraq müəyyən addımlar atılmalıdır. Bakı Dövlət Universiteti Azərbaycanın köklü universitetlərindəndir, amma çox təəssüf olsun ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən dövlət universitetləri içərisində Bakı Dövlət Universiteti bəzi qeyri-leqal yanaşmalarla yadda qalan universitet kimi fəaliyyət göstərir".
Onun sözlərinə görə, ixtisas seçimləri zamanı elə abituriyentlər olur ki, BDU-da təhsil almaq istəmirlər:
"Burada bəzi ixtisaslardan söhbət gedir. Məhz buna görə hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Bəzi ixtisas və fakültələrdə xüsusilə müəyyən yeniliklər formalaşdırılmalıdır. Müasir üslubda tədrisin təşkili həyata keçirilməlidir. Obyektivlik və ümumilikdə hər hansı qeyri-leqal yanaşmadan uzaq tədris prosesinin həyata keçirilməsi təmin olunmalıdır. Yəni Bakı Dövlət Universitetinin buna həqiqətən ehtiyacı var və mən düşünürəm ki, Məleykə xanım Abbaszadə bu istiqamətdə lazım olan addımları atacaq. Məleykə xanım Dövlət İmtahan Mərkəzindən gəldiyi üçün hesab edirəm ki, imtahan prosesində müəyyən qədər təcrübəli mütəxəssisdir və artıq universitetin imtahan sistemində müəyyən dəyişikliklərin həyata keçirilməsini təmin edəcək".
Aytəkin TOFİQQIZI