Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
“Amazon”un qurucusu Ceff Bezos təxminən 198,9 milyon dollar dəyərində şirkət səhmini qeyri-kommersiya təşkilatlarına bağışlayıb. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə görə, milyarder noyabrın 12 və 13-də ümumilikdə 771 492 ədəd “Amazon” səhmini ianə edib.
“Forbes”in məlumatına görə, bağışlanan səhmlərin dəyəri şirkətin noyabrın 16-da birjada qeydə alınan bağlanış qiyməti – 257,75 dollar əsasında hesablanıb.
SEC-ə təqdim olunan sənədlərdə 674 088 səhmin noyabrın 12-də, digər 97 404 səhmin isə noyabrın 13-də bağışlandığı göstərilir. Hər iki əməliyyat qeyri-kommersiya təşkilatlarına edilən ianə kimi qeydə alınıb.
Bununla belə, səhmlərin hamısının hansı təşkilatlara verildiyi açıqlanmayıb. Ayrı-ayrı maliyyə sənədləri 97 404 səhmin Ceff Bezos tərəfindən yaradılmış “Bezos Earth Fund Foundation” təşkilatına ötürüldüyünü təsdiqləyir. Qalan 674 088 səhmin hansı qurumlara verildiyi isə məlum deyil.
Bu ilki ianələr 629 milyon dolları keçib
Bu, Bezosun 2026-cı ildə həyata keçirdiyi ilk böyük səhm ianəsi deyil. “Forbes”in hesablamasına görə, milyarder may ayında 1 milyon 253 min 797, avqustda isə 415 min 580 ədəd “Amazon” səhmini qeyri-kommersiya təşkilatlarına bağışlayıb.
“Forbes”in 17 noyabr 2026-cı il tarixinə olan real vaxt milyarderlər siyahısına əsasən, Ceff Bezosun sərvəti 376,7 milyard dollar qiymətləndirilir. O, bu göstərici ilə dünyanın ikinci ən varlı şəxsi hesab olunur.
İanələrdən sonra Bezosun birbaşa sahib olduğu “Amazon” səhmlərinin sayı 878 milyondan çox olub. Həmin səhmlərin bazar dəyəri isə təxminən 226,4 milyard dollar təşkil edib.