Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Epşteyn işi ilə bağlı açıqlanan yeni sənədlərdə adı hallanan Kral Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor Kral ailəsinin rəsmi iqamətgahı olan Vindzor qəsrindəki evini tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bütün titulları ləğv edilən Mauntbatten-Vindzor uzun illər yaşadığı “Royal Lodge” malikanəsindən köçərək, müvəqqəti olaraq Sandrinqam Sarayında yerləşən bir evdə məskunlaşıb.
Məlumata görə, Mauntbatten-Vindzor yaxın vaxtlarda bu evdən də ayrılacaq və hazırda təmir edilən, Sandrinqam Sarayına aid “Marsh Farm” adlı ferma evinə köçəcək. Kral Çarlzın şəxsi mülkü sayılan bu ərazidəki yaşayış xərclərinin də kral tərəfindən qarşılanacağı bildirilir.
Qeyd edək ki, Endryu Mauntbatten-Vindzorun adı ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi Epşteyn sənədlərində yer alıb. Epşteynin qurbanlarından Virciniya Cuffri iddia edib ki, o, 17 yaşında olarkən şahzadə Endryu ilə münasibətdə olub. Mauntbatten-Vindzor bu iddiaları rədd etsə də, Kral ailəsinə zərər verməmək məqsədilə əvvəlcə York hersoqu titulundan imtina edib, daha sonra isə artan ictimai təzyiqlər fonunda “şahzadə” titulu da əlindən alınıb.
Bu proses zamanı onun 2003-cü ildən bəri Vindzor qəsrində yerləşən “Royal Lodge” malikanəsini nominal kirayə haqqı ilə 75 illik icarəyə götürdüyü və xərclərin dövlət vəsaiti hesabına qarşılandığı da üzə çıxıb. Məsələ Parlamentdə müzakirə olunub, hökumət rəsmiləri kral mülkləri ilə bağlı yoxlamaların aparılmasının vacibliyini bildiriblər.
Bundan başqa, Mauntbatten-Vindzorun keçmiş həyat yoldaşı Sara Ferqyusonun da Epşteynlə dostluq münasibətlərinə dair məlumatlar yayılıb. Bu iddialardan sonra Ferqyusonla əlaqəli bir sıra fondların fəaliyyətini dayandırdığı qeyd olunur.