“Bild” qəzeti polis əməkdaşı haqqında yayımladığı əsassız məlumata görə rekord miqdarda təzminat ödəyəcək

17.04.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 17 aprel, AZƏRTAC

Almaniyanın nüfuzlu “Bild” qəzeti Berlin polisinin qadın əməkdaşı haqqında yayımladığı əsassız məlumatlara görə rekord miqdarda - 150 min avro məbləğində təzminat ödəməyə razılaşıb.

AZƏRTAC xəbər verir ki, noyabrda dərc olunan xəbərlərdə polis əməkdaşının iki nəfəri narkotik vasitələr və xüsusi cihazla cinsi istismar etməsinə dair əsassız ittihamlar irəli sürülüb. Araşdırmalar nəticəsində yayılan məlumatların tamamilə əsassız olduğu, polis əməkdaşının şərəf və ləyaqətinə ciddi zərbə vurduğu müəyyən edilib. Məsələ ilə əlaqədar “Bild” qəzeti həm yazılı, həm də vizual formada rəsmi üzrxahlıq və geniş təkzib məqaləsi yayımlayıb.

Polis əməkdaşının vəkili ilə “Bild” qəzetinin məxsus olduğu “Springer” media qrupu arasında məhkəmədənkənar razılaşma əldə olunub. Hüquqşünas bu işi Almaniya mediası tarixində misli görünməmiş “rüsvayedicilik hadisəsi” kimi qiymətləndirib.

Berlin Polis Akademiyasını fərqlənmə ilə bitirən həmin polis əməkdaşı xüsusi təyinatlı dəstənin üzvüdür. Yalan məlumatların onun polis sistemi daxilində keçirilən seçkilərdə uğur qazanmasından qısa müddət sonra dərc olunması diqqəti cəlb edib. Hadisə ilə əlaqədar polis daxilində də xidməti araşdırma başlanıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью