Biləsuvar rayonunda narkomaniya ilə bağlı maarifləndirici aksiya keçirilib

03.02.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 fevral, AZƏRTAC

Maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində maarifləndirici aksiya təşkil edib.

Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, aksiya çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün” və “Psixotrop maddələr haqqında həqiqət” adlı hazırlanmış yeni əyani vəsaitlər paylanılıb.

Tədbir zamanı könüllülər tərəfindən rayonun müxtəlif yaşayış ünvanlarında, istirahət yerlərində, küçə və prospektlərdə sakinlərlə, xüsusilə yeniyetmə və gənclərlə görüşlər təşkil olunub. Görüşlərdə internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, eləcə də süni intellektəsaslı məzmun təsirlərinin təhlükələri, məlumatlandırmanın gücləndirilməsinin zəruriliyi, psixoloji təzyiq və yanlış təsəvvürlər izah edilib, habelə fərdi qərarvermə bacarığı, psixoaktiv maddələrin mahiyyəti, yeniyetmələrdə erkən davranış və fizioloji əlamətlərin vaxtında tanınmasının əhəmiyyəti, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına vurduğu zərərlər, onların istifadəsinin fəsadları, eləcə də narkomaniyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda, narkotik asılılığının ailə və cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb, sağlam həyat tərzinin təbliği aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью