Biləsuvar sakini zorla Ukrayna ilə müharibəyə göndərilib Yaşlı ana kömək istəyir FOTO

28.01.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyada çalışan Azərbaycan vətəndaşlarının Ukrayna ilə davam edən müharibəyə zorla göndərildiyi barədə yeni faktlar məlum olub. Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Rufullayev Tahir Soltan oğlu bu ilin yanvar ayında məcburi şəkildə Rusiya tərəfdən Ukrayna ilə müharibəyə göndərilib. Avtosfer.az-ın məlumatına görə, bu barədə Tahir Rufullayevin anası Sonabəyim Fərziyeva APA-ya bildirib ki, oğlu ona bu il 15 yanvar tarixində gizli şəkildə zəng edib, bildirib ki, Rusiya tərəfdən Ukraynaya müharibəyə aparılır.

Oğlum iki il əvvəl Rusiyaya işləməyə gedib”

“Mən yaşlı qadınam, yağış yağanda evimin damından içəri su tökülür. Oğlum Biləsuvarda maşın ustası işləyirdi. Maddi vəziyyətimizi yaxşılaşdırmaq və evin dam örtüyünü təmir etmək üçün təxminən iki il əvvəl Rusiyaya, Voronejə işləməyə gedib. Oğlum Rusiyaya 3 aylıq işləməyə getmişdi. Sonra yaşamaq üçün sənədlərinin müddəti bitdi, rus dilini bilmədiyi və sənədlərini düzəltmək mümkün olmadığı üçün qeyri-rəsmi şəkildə işləməyə davam etdi. Təxminən iki il idi Rusiyada sənədsiz yaşayırdı”.

Məhkəməsi olacaqdı, müharibəyə göndərilib

Anasının sözlərinə görə, Tahir Rufullayev bir müddət əvvəl Rusiya polisi tərəfindən saxlanılıb. Ona bildirilib ki, ya Rusiya ordusu sıralarında müharibəyə göndəriləcək, ya da 20-25 il müddətinə həbs cəzasına məhkum ediləcək:

“Həmçinin, onu narkotik maddəyə görə tutulmaqla hədələyiblər. Halbuki oğlum nə narkotik istifadəçisidir, nə də siqaret çəkəndir. Oğlum mənə dedi ki, onu tutan polis əməkdaşları hər saxlanılan azərbaycanlıya görə müəyyən məbləğdə pul alırlar. Oğlum orada fiziki təzyiqə və işgəncəyə məruz qalıb. Təxminən üç ay ərzində polis idarəsində və naməlum yerlərdə saxlanılıb. Nəticədə işgəncə və məcburiyyət yolu ilə onu müharibəyə göndəriblər”.

Sonabəyim Fərziyeva qeyd edib ki, 2025-ci il dekabrın 22-də keçirilməsi nəzərdə tutulan birinci məhkəmə iclası baş tutmayıb:

“İkinci məhkəmə iclası isə 2026-cı il yanvarın 24-nə təyin edilib. Biz həmin müddətdə oğlumun ya həbs olunacağını, ya da deportasiya ediləcəyini gözləyirdik. Lakin yanvarın 15-də oğlum məcburi müharibəyə göndərilib”.

Oğlum mənə gizli zəng eləmişdi”

Sonabəyim Fərziyeva deyir ki, oğlunun konkret hara göndərildiyi barədə heç bir məlumatı yoxdur:

“Ayın dəqiq tarixini xatırlamıram, lakin bu ayın əvvəlləri və ya ortalarında orada olan bir sürücünün telefonu vasitəsilə mənə zəng edib. Həmin yerdə bir neçə azərbaycanlının da olduğunu dedi. Qısa müddətlik görüntülü zəng etmişdi, danışa bilmirdi, yalnız əli ilə işarə edərək işgəncə ilə aparıldığını bildirdi. Oğlumla son əlaqəm bu ayın ortalarında olub. Bundan sonra heç bir xəbər ala bilmirəm. Bu məsələ ilə bağlı dövlətdən kömək istəyirəm. Xahiş edirəm, mənə köməklik göstərilsin. Oğlum Azərbaycan vətəndaşıdır, Biləsuvar rayonundandır. Ailəlidir, bir qızı və bir oğlu var. Mən bir ana kimi övladımın geri qaytarılmasını istəyirəm”.

Qeyd edək ki, Rusiyada çalışan miqrantların, o cümlədən Azərbaycan vətəndaşlarının zorla Ukrayna ilə müharibəyə göndərildiyi barədə mütəmadi məlumatlar yayılır. Son olaraq 20 Azərbaycan vətəndaşının Ukrayna ilə müharibəyə cəlb olunduğu barədə yazmışdıq. Moskva müxtəlif şirnikləndirici vasitələr, aldadılma, hədə-qorxu və s. üsullarla ayrı-ayrı ölkələrin vətəndaşlarını qanunsuz olaraq, heç bir hərbi hazırlıq, təlim keçmədən müharibəyə göndərir. Artıq Rusiya-Ukrayna müharibəsində zorla döyüşlərə cəlb olunmuş xeyli Azərbaycan vətəndaşının həlak olması, itkin düşməsi barədə məlumatlar var. Rusiya miqrantların düşdüyü çətin vəziyyətindən istifadə edərək, onları müxtəlif yollarla birbaşa ölümə göndərir.

Oxunub 16

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью