Biletdə hərf səhvi? Yaşlı kişi gecə qatardan niyə düşürüldü? RƏSMİ

20.11.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az-a daxil olan şikayətdə bildirilib ki, Seyfəddin İsgəndərov adlı 70 yaşlı sərnişin noyabrın 18-də Tiflisdən Bakı istiqamətində qatarla yola düşüb.

O, saat 00.36-da Gürcüstanın Qardabani şəhərində qatardan düşürülüb. 

İddia olunur ki, səbəb şəxsin vəsiqəsində və biletində qeyd olunan adında bir hərfin fərqli olması olub. 

Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları akt tərtib edərək S.İsgəndərova biletin dəyərinin ödəniləcəyini desə də, sonradan qurum əməkdaşları ödənişin olmayacağını, aktın heç bir əsasının olmayacağını deyiblər. 

“Yaşlı bir kişini gecə yarısı tanımadığı ərazidə məcburi düşürmək nə demədir?”- deyə şikayətdə qeyd olunur.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinə müraciət etdik. Bildirildi ki, həmin sərnişinə Gürcüstan tərəfindən ölkəni tərk etməyə icazə verilməyib:

“Tbilisi-Bakı reysi ilə səfər edən sərnişinin (Gürcüstan vətəndaşı) Qardabani stansiyasında Gürcüstan Sərhəd Xidməti tərəfindən ölkəni tərk etməsinə icazə verilməyib. Biletin dəyərinin müəyyən hissəsi qaytarılacaq”. 

Qurum, bu barədə sərnişinin özünə də məlumat verildiyini qeyd edib.

Könül Vəliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью