Bileti əvvəlcədən almaq sərfəlidirmi? Turizm eksperti izah ETDİ

30.01.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir çox insan yay tətili üçün hazırlıqlarını öncədən edir. Bu hazırlıqlar arasında bilet almaq, qalacaq yer bron etmək və səyahət planlarını qurmaq kimi məsələlər ön planda gəlir. Bəzi insanlar isə bileti öncədən almağın daha sərfəli olduğunu deyir. 

Bəs həqiqətən bileti öncədən almaq sərfəlidirmi? 

Turizm eksperti Rəhman Quliyev Redaktor.az-a danışarkən bildirdi ki, adətən yay mövsümü yaxınlaşdıqca, xüsusilə iyun–avqust aylarında biletlərə tələbat artır və bu da qiymətlərin yüksəlməsinə səbəb olur:

"Erkən rezervasiya edənlər isə daha münasib qiymətlərlə bilet tapa bilirlər. Bundan əlavə uçuş saatı, oturacaq yeri və marşrut seçim imkanları da daha geniş olur. Amma bununla belə müəyyən risklər də mövcuddur. Planlarda dəyişiklik ola bilər, səfər tarixləri dəqiqləşməyə bilər. Bu halda geri qaytarılmayan və ya dəyişdirilməsi bahalı olan biletlər problem yarada bilər. Ona görə də erkən bilet alarkən şərtləri diqqətlə oxumaq vacibdir. Əgər səfər tarixləri dəqiqdirsə və populyar istiqamət seçilirsə, erkən bilet almaq daha sərfəlidir. Xüsusilə bayram günlərinə, məktəb tətili dövrünə və ya turist axınının çox olduğu yerlərə səfər planlaşdırılırsa, gözləmək qiymət artımı ilə nəticələnə bilər".

Ekspert qeyd etdi ki, yay üçün biletləri qışın sonu və ya yazın əvvəlində almaq daha münasib olur:

"Bu dövrdə aviaşirkətlər tez-tez endirim kampaniyaları da təqdim edirlər. Tövsiyəmiz odur ki, insanlar tətil planlarını mümkün qədər erkən dəqiqləşdirsinlər. Bilet alarkən həm qiymətə, həm də dəyişiklik və geri qaytarma şərtlərinə diqqət yetirsinlər. Bu, sonradan əlavə xərclərin qarşısını ala bilər".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью