525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Faiq BALABƏYLİ
Bilirəm, bilmədiniz mənim bildiklərimi,
Görürəm, görmədiniz mənim gördüklərimi,
Mənim kimi sevəmməz heç kəs sevdiklərini -
sevməyə ürək gərək...
Qınamaram göy üzün, buludlarla nə işim,
Yerlə, göylə çarpışan cəsarətim, gərdişim.
Hər kəsə aşkar olar Xudavəndlə görüşüm -
bir az gözləyə bilsək.
Yarpaq-yarpaq tökülüb, budaq-budaq sınaram,
Son ümüdəm, gümanam, son nəfəsəm, son anam,
Di gəl ki, əyilmərəm, yıxılmaram, sanaram -
kəfənim olub bələk.
Nə tufandan qorxaram, nə də ki zəlzələdən,
Nə hay-küydən çəkinnəm, nə də ki vəlvələdən,
Güc verərəm hər kəsə, güc alaram hərədən -
puç olmaz, arzu, dilək.
Çiçəklər öz bağrına sıxar kəpənəkləri,
ətirini səpərlər ətrafa ləçəklərin
Qaldırar göy üzünə rəngli çərpələngləri
könül oxşayan külək.
Üzümü söykəyərəm torpağına bu yurdun,
Taxılını becərib, buğdasını sovurdum,
Sinəmi ocaq etdim, qorğa kimi qovurdum -
yandı, kül oldu ürək!
lll
Yağış damcıları köhnə evlərin
Köhnə taxtapuşun, kirəmidlərin
Soyuq divarların, çiy kərpiclərin
Yadına nələri salır, görəsən?
Yağış damcıları döyür aramla
Axtarır, görəsən, tapırmı nəsə?
Sanki ağacdələn döyür qapımı
Qulaq kəsilirəm hər gələn səsə.
Kəndin yollarından torpaq qoxusu
bir anda adamın canına hopur.
Suvağı tökülmüş divara baxın,
yarısı şümaldır, yarısı çopur.
İllər yorğunuyam; bu kənd-kəsəyin
Ağrısı nəfəstək içimə çökür.
Buludlar göylərdən yağan yağışla
Könlümü oxşayır, gözümü açır,
Məni körpə bilir, bələyə bükür.
Tavandan daman su insan dərdini
köhnə divarlara suvaq tək yaxır.
Yetim bir uşaq da qısıb boynunu
İslanmış əyninə, ayaqlarına
Sinsiyə-sinsiyə eləcə baxır.
Çardağın altında durub baxıram:
sərçələr yuyunur gölməçələrdə.
Eh, yaşım ötsə də, necə yaxınam
Nağıla, noğula qarışıb bir az
Cavab axtarıram bilməcələrdə.
Suyu yoxa çıxmış köhnə quyunun
Yuxusun qaçırır bu yağan yağış.
Külək də qəfildən dayanır, əsmir,
Uzadıb əlini barmaqlarıyla
Bir uşaq şüşəyə vurduqca naxış
Yenidən yaşayıb xatirələri,
Yağış damlasının ardınca düşüb
Uzaq keçmişimdən dönürəm geri.
Şabran. Pirəbədil.
Yazıçıların istirahət evi.
lll
Niyə bu qədər şirin,
niyə bu qədər soyuq,
niyə dilin mehriban,
niyə gülüşün acı,
təbəssümün qarışıq?
Axı çoxları deyir:
gözəllik belə olmur...
Vəhşi kimi seyr edib
girirsən iliyimə,
Elə bil namərd ovçu
xəncərini saplayır
qəfildən kürəyimə...
lll
Bu günü yaşamadım
Səhəri açdım...
Yata bilmədim ki.
Aranı dağa, dağı arana da
"daşımadım".
Bu günü silirəm təqvimdən
Bu günü boşa verdim,
yaşamadım...