Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan milyonlarla səhifəlik Ceffri Epşteyn sənədləri təkcə siyasi və maliyyə dairələrində deyil, eyni zamanda qlobal texnologiya və xeyriyyəçilik dünyasında da ciddi rezonans doğurmaqda davam edir.
Turkustan.az xəbər verir ki, son sənədlər beynəlxalq mediada Melinda Frenç Qeytsin keçmiş əri Bill Qeytsin Epşteynlə əlaqələrinin onların boşanmasında mühüm rol oynadığı barədə müzakirələri yenidən gündəmə gətirib.
Melinda Qeytsin açıqlamalarına görə, o, Bill Qeytsin Epşteynlə təmaslarından dərin narahatlıq keçirdiyini və bu vəziyyətin evliliklərində ciddi dəyərlər toqquşmasına səbəb olduğunu bildirib. Melinda açıq şəkildə Bill Qeytsə etiraz etdiyini, onun Epşteynlə münasibətlərinə görə peşmanlıq hissi keçirdiyini və bunu “utancverici” adlandırdığını vurğulayıb. Bu ifadələr onun daha əvvəl yayımlanan xatirələrində yer alan açıqlamalarla üst-üstə düşür.
Melinda Qeyts qeyd edib ki, Epşteynlə yalnız bir dəfə görüşüb və həmin görüş onda güclü qorxu və peşmanlıq hissi yaradıb. Onun Epşteyn haqqında söylədiyi “O, iyrənc idi, şərin təcəssümü idi” ifadəsi beynəlxalq mediada “Epşteynin kölgəsi Qeyts ailəsinin həyatına necə təsir etdi?” mövzusunda geniş müzakirələrə yol açıb.
Bəzi media təhlillərində Melindanın Bill Qeytsin Epşteynlə əlaqələri ilə bağlı vurğuladığı “açıq məsuliyyət və peşmanlıq” anlayışının şəxsi etirafdan kənara çıxaraq etika, ailə etibarı və qlobal liderlik dəyərləri ilə bağlı daha geniş debatlara səbəb olduğu qeyd olunur. Digər nəşrlər isə bu açıqlamaların Epşteyn qalmaqalının təsir dairəsinin nə qədər geniş və dərin olduğunu bir daha göstərdiyini yazır.
Sənədlər eyni zamanda Bill Qeytsin Epşteynlə əlaqələrinin miqyasına dair suallar doğurur. Qeytsin tərəfi müxtəlif mənbələr vasitəsilə bu münasibətlərdən irəli gələn tənqidləri “utancverici və yanlış” kimi dəyərləndirib. Bill Qeytsin sözçüləri isə Epşteynlə bağlı iddiaları “absurd və tamamilə əsassız” adlandıraraq qəti şəkildə rədd ediblər.
Aytən Yaşar/ Turkustan.az