Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Son illər Azərbaycanda şəhərsalma ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri binaların bir-birinə həddindən artıq yaxın tikilməsidir.
Xüsusilə paytaxt və iri şəhərlərdə aparılan sürətli tikinti prosesi zamanı təhlükəsizlik, ekoloji balans və insanların rahat yaşayışı ilə bağlı normaların nə dərəcədə qorunduğu tez-tez gündəmə gəlir.
sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elçin Əliyev Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiqlədiyi İş Planı çərçivəsində keçirilən “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda tədbirdə bildirib ki, bəzi yaşayış massivlərində binalar elə yaxın inşa olunub ki, mümkün fövqəladə vəziyyət zamanı yanğınsöndürmə texnikasının əraziyə daxil olması çətinləşə bilər. Onun sözlərinə görə, bu, müəyyən mənada planlaşdırma və memarlıq yanaşmalarındakı problemlərlə bağlıdır.
Bəs binalar hansı normativlərə əsasən inşa olunmalıdır?
Yaşayış binaları tikilərkən ilk növbədə təhlükəsizlik normaları nəzərə alınmalıdır. Buraya binalar arasındakı məsafə, yanğın təhlükəsizliyi, təxliyə yolları, həyətlərin ölçüsü, gün işığının mənzillərə düşməsi, havalandırma sistemi və yaşıllıq sahələrinin qorunması daxildir.
Şəhərsalma qaydalarına əsasən, yaşayış binaları arasında müəyyən minimal məsafə saxlanılmalıdır ki, həm insanların rahatlığı təmin olunsun, həm də fövqəladə hallarda operativ müdaxilə mümkün olsun.
Dünya təcrübəsində bu məsələyə daha ciddi yanaşılır. Məsələn, bir çox Avropa ölkəsində hündürmərtəbəli binalar arasında geniş keçidlər, xüsusi yanğın zolaqları və təxliyə yolları layihənin əsas şərtlərindən biri hesab olunur.
Almaniya, Niderland və Skandinaviya ölkələrində yeni yaşayış kompleksləri salınarkən yalnız tikinti sıxlığı deyil, insanların psixoloji rahatlığı, günəş işığına çıxışı və yaşıl məkanların həcmi də nəzərə alınır.
Türkiyə və Yaponiya kimi zəlzələ riski yüksək olan ölkələrdə isə tikinti zamanı təhlükəsizlik standartları daha sərt tətbiq edilir. Həmin ölkələrdə fövqəladə hallara giriş yolları, yanğın təhlükəsizliyi sistemləri və binalar arasındakı məsafə xüsusi normativlər əsasında müəyyən olunur.
Ümumiyyətlə, şəhərlər plansız deyil, insanların təhlükəsizliyi və rahatlığı düşünülərək qurulmalıdır. Çünki bu gün tikilən binalar gələcək illərdə minlərlə insanın yaşayışına təsir edir.
Buna görə də tikinti zamanı həm təhlükəsizlik qaydalarına, həm də beynəlxalq təcrübəyə uyğun addımlar atılması vacib sayılır.
Gülər Həsənli
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin