Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 29 yanvar, AZƏRTAC
1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay Türk dünyası alimlərinin ümumi iradəsinə uyğun olaraq ümumi əlifba və dil məsələsinin ilk dəfə müzakirəyə çıxarıldığı tarixi dönüş nöqtəsi olub. Qurultayın gündəliyinin əhəmiyyətinin hətta bir əsr sonra da aktuallığını saxlaması Bakıda aparılan müzakirələrin adi təşəbbüs deyil, tarixi ardıcıllığın təbii nəticəsi olduğunu göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binali Yıldırım Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Türkiyənin Milli Kitabxanasında təşkil olunmuş “Ümumi türk əlifbası: imkanlar, problemlər və təşəbbüslər” mövzusunda panel müzakirələrində deyib.
Ankarada keçirilən tədbirin təşəbbüskarı Əhməd Yasəvi Universiteti olub.
B.Yıldırım bildirib ki, TDT-nin Ağsaqqallar Şurasında 2026-cı il ümumi əlifba və ümumi tarix kimi istiqamətlər üzrə təşəbbüslərin praktik həyata keçirilməsi üçün konkret addımların atılacağı dövr kimi nəzərdən keçirilir.
O, TDT-ni maarifçi İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə vəhdət” məşhur kəlamında əks olunan baxışın “institusional təcəssümü” adlandırıb.
“TDT təkcə türk xalqlarının tarixi və mədəni əlaqələrini xatırladan struktur deyil, həqiqi vəhdət və inteqrasiyaya yönəlmiş perspektivli əməkdaşlıq platformasıdır”, – deyə TDT-nin Ağsaqqallar Şurasının sədri əlavə edib.
Onun sözlərinə görə, ümumi əlifba Türk dünyasının gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. “Ümumi türk əlifbası TDT-nin məqsədlərinin həyata keçirilməsində əsas elementlərdən biridir. 34 hərfdən ibarət əlifba iqtisadi inteqrasiyanı sürətləndirən, qarşılıqlı etimadı möhkəmləndirən və uzunmüddətli birliyi dərinləşdirən strateji amil kimi qiymətləndirilməlidir”, – deyə o bildirib.
B.Yıldırım Türkiyə paytaxtında aparılan müzakirələrin Türk dünyası üçün yeni üfüqlər açacağına, ümumi məqsədlərə nail olmağa töhfə verəcəyinə və müsbət nəticələr gətirəcəyinə ümidvar olduğunu bildirib.
Tədbir iştirakçıları qarşısında Əhməd Yasəvi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Muhittin Şimşək, Atatürk adına Ali Mədəniyyət, Dil və Tarix Şurasının rəhbəri, professor Dərya Örs, Türk Dil Qurumunun sədri, professor Osman Mert, Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, professor Nazim Hikmət Polat çıxış edərək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk dilçiliyinin inkişafı üçün əhəmiyyətini vurğulayıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara