Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
MMMC-lər çoxmənzilli binaların idarə edilməsi formalarından biridir və onların yaradılması Mənzil Məcəlləsi ilə tənzimlənir.
Jurnalist Elman Eldaroğlu (Eldar Mustafayev) “Facebook” sosial şəbəkəsində paylaşdığı yazıda yaşadığı binanın idarə olunması ilə bağlı bir sıra şikayətləri dilə gətirib.
O, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143A ünvanında yerləşən binanı idarə edən “Binəqədi-38” MMMC-nin fəaliyyəti ilə bağlı müxtəlif məsələlərə diqqət çəkib.
Eldaroğlunun sözlərinə görə, MMMC-nin rəhbərliyi qanunvericiliyin tələblərinə uyğun ümumi yığıncaq keçirmədən və seçim aparmadan sakinlərdən imza toplayaraq MMMC-ni dövlət qeydiyyatına aldırıb.
Jurnalist həmçinin “Binəqədi-38” MMMC-nin VÖEN məsələsini gündəmə gətirib. Onun sözlərinə görə, MMMC uzun müddətdir VÖEN olmadan fəaliyyət göstərir.
O, eyni zamanda MMMC-də çalışan komendant, təmizlik işçisi, inzibati işçi və mühafizəçilərin əmək müqaviləsi olmadan işlədiyini bildirir:
“MMMC rəhbərliyi qanunvericiliyin tələblərinə uyğun ümumi yığıncaq-seçki keçirmədən, sakinlərdən başqa adla imza toplayaraq MMMC-ni 29 mart 2024-cü ildə Ədliyyə Nazirliyində qeyri-kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına sala bilib. Bu barədə Ədliyyə Nazirliyinə rəsmi müraciət etsək də, bizə yerli məhkəməyə müraciət etmək tövsiyə olunub”.
Elman Eldaroğlu MMMC-nin vergi uçotu ilə bağlı iyunun 6-da Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə müraciət etdiyini bildirib.
Vergi orqanının cavabında bildirilib ki, aparılmış araşdırma zamanı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 143A ünvanında yerləşən çoxmənzilli yaşayış binasının “Kitablı” MTK (VÖEN 1000413421) tərəfindən inşa edildiyi və binanın idarə edilməsi üçün mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmadığı müəyyən edilib.
Vergi orqanının cavabında, həmçinin, kommunal ödənişlərin qanunvericiliyin tələblərinə uyğun olaraq nağdsız qaydada qəbulunun təmin edilməsinin bina idarəçilərinin nəzərinə çatdırıldığı bildirilib.
VÖEN məsələsi ilə bağlı isə Eldaroğlunun müraciətinə verilən cavabda “Binəqədi-38” MMMC-nin vergi uçotuna alınması üçün 22 iyun 2026-cı il tarixində Bakı Şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə ərizə ilə müraciət edildiyi əks olunub.
Elman Eldaroğlu MMMC-nin uzun müddətdir, VÖEN olmadan fəaliyyət göstərdiyini bildirir. Vergi orqanının cavabında isə vergi uçotuna alınması üçün 22 iyun 2026-cı il tarixində müraciət edildiyi göstərilir. Bu isə MMMC-nin nə vaxtdan hüquqi şəxs kimi fəaliyyət göstərdiyi, vergi uçotuna nə zaman alınmalı olduğu və həmin tarixədək vergi uçotu məsələsinin necə tənzimləndiyi barədə suallar yaradır.
Günel Həsənova, Bizimyol.info