Bioloji yaş nədir? Mütəxəssis DANIŞDI

26.08.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Bir insanın təqvim yaşı var, yəni şəxsiyyət vəsiqəsində yazılan doğum tarixinə əsasən hesablanan yaş – bir də bioloji yaşı var. Bioloji yaşı hesablamaq üçün xüsusi analizlər mövcuddur. Bunlar birbaşa və dolayı analizlərdir. Birbaşa analizlərə, məsələn, Horvath saatı, DunedinPACE kimi dünyada genetik və bioloji yaşı təyin edən müxtəlif analizlər daxildir. Bəli, bu analizlər ucuz deyil, bahalı analizlərdir, amma mümkündür. Təxminən 5 il dəqiqliklə insanın faktiki bioloji yaşını müəyyən etmək olar".

Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov vurğuladı.

Həkim bunun nə demək olduğunu da vurğuladı:

"Bioloji yaş insanın orqanizminin faktiki vəziyyətini göstərir. Elə insanlar görmüsünüz ki, təqvim yaşı, məsələn, 50-dir, amma 30-40 yaşlarında görünür. Bu, həmin insanın bioloji yaşının daha gənc olduğunu göstərə bilər. Həqiqətən də, insanın qocalmasında genetik faktorlar təxminən 20-25 faiz rol oynasa da, bioloji yaşın müəyyənləşdirilməsində xüsusi genetik mexanizmlər də var. Genetikada telomer adlanan anlayış mövcuddur. İnsan davamlı stressə məruz qaldıqca, sağlam qidalanmadıqca və yaxşı yatmadıqca telomerlər qısala bilər. Bu proses bioloji yaşın artması və orqanizmin daha sürətli qocalması ilə əlaqələndirilir. Çox maraqlı bir tədqiqat aparılıb. Tədqiqat zamanı xəstə uşaqlarına qulluq edən anaların stress təsirindən bioloji yaşı təqvim yaşı ilə müqayisə edilib və məlum olub ki, bəzi hallarda bu qadınların bioloji yaşı faktiki yaşlarından təxminən 10 il daha yüksəkdir. Bu da göstərir ki, ciddi və davamlı həyat stressi insanın bioloji yaşına təsir göstərə bilər".

Onun sözlərinə görə, ən vacib amillərdən biri də ailədaxili konfliktlərdir:

"Xüsusən boşanma ərəfəsində olan cütlüklərdə yaşanan ciddi stress bioloji yaşa təsir edən və insanın daha sürətli qocalmasına səbəb ola bilən amillərdən sayılır. Bioloji yaşın daha gənc qalmasına kömək edən 4 vacib faktor var: 1. Yuxunu düzəldin. Yuxu normal olmadıqda, sağlam qidalanma və digər düzgün həyat tərzi vərdişlərinin də təsiri zəifləyə bilər. Yuxu zamanı beyində gedən müəyyən təmizlənmə və bərpa prosesləri gələcəkdə bəzi nevroloji xəstəliklərin riskinin azalmasında mühüm rol oynayır. 2. Sağlam qidalanın. Emulqatorlu, paketlənmiş və yüksək dərəcədə emal olunmuş qidalardan uzaq durmaq faydalıdır. Sağlam qidalanma bağırsaq mikroflorasının qorunmasına və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir. 3. Fiziki aktiv olun. Yürüş etmək, müntəzəm hərəkət və idmanla məşğul olmaq əzələlərin güclənməsinə, ümumi sağlamlığın yaxşılaşmasına və bioloji yaşın daha gənc qalmasına kömək edir. 4. Stresi idarə edin. Davamlı stressi azaltmaq, ailədaxili və sosial münasibətlərdə sağlam mühit yaratmaq da bioloji yaşın qorunmasında mühüm amillərdən biridir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью