Bir ananın qüruru, bir ömrün həsrəti Vüqar Nəcəfov

02.10.2026

Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir ananın qüruru, bir ömrün həsrəti — şəhid Kapitan Vüqar Nəcəfovun xatirəsinə

“Sən mənim ürəyimdə, canımda bəhrələndin… Böyüyüb Vətən üçün igid, qəhrəman oldun… Sən Vətən torpağına qarışıb qəhrəmancasına vuruşub şəhidlik zirvəsinə ucaldın, mənim igid, qəhrəman Vüqarlı Vüqar oğlum…”

Bir ananın oğluna yazdığı bu sözləri oxuyanda bəzi cümlələr sadəcə oxunmur… adamın içindən keçir.

Ana oğlunu böyüdür. Əlindən tutur, ilk addımını görür, yıxılanda qaldırır, böyüdükcə yoluna baxır. Sonra bir gün həmin oğul Vətənin yoluna çıxır. Ana isə bu dəfə onun arxasınca baxır… qayıdacağı günü gözləyir.

Amma bəzi yolların dönüşü olmur.

Vüqar Nəcəfov da o yollardan birində qaldı.

Kapitan Vüqar… Anasının dilində isə sadəcə Vüqar deyildi. “Mənim igid, qəhrəman Vüqarlı Vüqar oğlum…” idi.

Bu gün onun şəhadətindən altı il keçir. Təqvimdə bir tarixdir. Amma Şəmsiyyə ananın ürəyində o gün heç vaxt bitmədi.

Ana yazır: “Sən mənim qürur yerimsən, həm də ömürlük həsrətim…”

Bəlkə də şəhid anasının taleyini bundan daha dəqiq ifadə edən cümlə yoxdur.

Qürur və həsrət…

Eyni ürəkdə.

Eyni ömürdə.

Eyni adda.

Vüqarın döyüş yolunu danışmaq mümkündür. Onun keçdiyi döyüşləri, aldığı medalları, göstərdiyi şücaəti yazmaq mümkündür. Amma bir ananın oğlunun yoxluğunda keçirdiyi illəri heç bir söz tam anlada bilməz.

Çünki şəhidlik Vüqara bir ad verdi — qəhrəman.

Amma anasına bir ömürlük söz qoydu — həsrət.

Anası ona “üç rəngli bayrağım” deyir.

Bu, sadəcə bir bənzətmə deyil.

Çünki Vüqar üçün bayraq Vətən idi. Vətən üçün isə Vüqar kimi oğulların həyatı, qanı, adı tarixə çevrildi.

O, yaralı əsgərlərini xilas etməyə çalışarkən şəhid oldu. Özünü yox, əsgərini düşündü. Bəlkə də əsl qəhrəmanlığın ən ağır tərəfi elə budur — insanın öz canından əvvəl başqasının canını düşünməsi.

Bu gün Vüqarın adı çəkiləndə bir ananın ürəyində həm fəxarət, həm də sızıltı oyanır.

“Sən mənim qürur yerimsən, həm də ömürlük həsrətim…”

Bu cümlənin içində bir ana ömrü var.

Oğlunun uşaqlığı, böyüməyi, hərbçi olması, Vətən yoluna çıxması… və bir gün geri dönməyən addımları.

Vüqar bu gün yoxdur.

Amma onun adı var.

Anasının duasında, atasının xatirəsində, övladlarının yaddaşında, doğulduğu Dırnısın torpağında və uğrunda can verdiyi Vətən torpağında…

Bu gün Vüqarın şəhadət günüdür.

Bu gün bir ananın “həsrətim” dediyi oğlunun, bir xalqın isə “qəhrəmanım” dediyi Kapitan Vüqar Nəcəfovun anım günüdür.

Ruhun şad olsun, Vüqarlı Vüqar…

Səni sevən ananın qüruru, Vətənin əmanəti, adı illər keçsə də ürəklərdən silinməyən şəhid oğlu…

Şəhadətin mübarək.

Müəllif: İlahə Əliyeva

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью