Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 27 avqust, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi adını qazanan şəhid övladlarından biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Mədinə Həmidlidir. O, şəhid baş leytenant Mixail Həmidovun qızıdır. Mədinə 534,8 balla BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə beynəlxalq münasibətlər ixtisası üzrə qəbul olub.
Mədinə Həmidli AZƏRTAC-a müsahibəsində bildirib ki, uşaqlıqdan səfir olmaq arzusundadır və beynəlxalq münasibətlər ixtisasını da bu məqsədlə seçib.
“Gələcəkdə bu sahədə özümü inkişaf etdirərək arzumun gerçəkləşməsi üçün çalışmaq istəyirəm. Hazırlıq prosesində mənə ailəmin, müəllimlərimin dəstəyi çox kömək oldu. “Bacara bilmərəm” deyə qorxu yaşadım. Həmçinin imtahanlar yaxınlaşdıqca stres artırdı, yuxusuz gecələr çoxalırdı. Amma sondakı nəticə mənə “buna dəyər” sözünü hiss etdirdi. BDU tələbəsi olacağımı öyrəndikdə çox sevindim, həm də qürurlandım. Çünki arzularımdan biri gerçək olmuşdu”, - deyə müsahibimiz qeyd edib.
Məktəb illərində intellektual yarışlarda iştirak etmiş Mədinə 10-cu sinifdə olarkən ADA Universitetinin təşkil etdiyi “Breyn-rinq” yarışında komanda yoldaşları ilə birlikdə birinci yerə layiq görülüb.
Universitet həyatından yeni dostluqlar və müxtəlif bacarıqlar qazanmağı gözləyən Mədinə planlarını da müəyyənləşdirib. O, beynəlxalq münasibətlər ixtisası üzrə təhsilini başa vurduqdan sonra xaricdə magistratura təhsili almaq və diplomatiya sahəsində fəaliyyət göstərməyi planlaşdırır.
Müxbir - Nərmin Muradzadə