Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın Dortmund şəhərində yeni dönərxananın açılışı münasibətilə təşkil edilən kampaniya iğtişaşlara və polislə toqquşmalara səbəb olub. Dönərin bir avroya (təxminən 1.90 manat) satılacağı elan edildikdən sonra obyektin qarşısına, əsasən yeniyetmələrdən ibarət təxminən 300 nəfər toplaşıb.
Bu barədə BILD nəşri məlumat yayıb.
Hadisə noyabrın 8-də, bazar günü baş verib. Qeyd edək ki, bölgədə dönərin qiyməti təxminən 7.5 avrodur (14.26 manat).
Müştərilərin çoxluğu səbəbindən özəl mühafizə xidməti vəziyyətə nəzarət edə bilməyib və obyektin sahibi polisə müraciət edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşanlardan ərazini tərk etməyi tələb etdikdə onlara daş, stul, pirotexniki vasitələr və elektrik skuterləri atılıb.
Nəticədə polis avtomobilinə ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb. Asayişi bərpa etmək üçün əraziyə əlavə polis qüvvələri cəlb edilib. Ərazini tərk etməkdən imtina edən şəxslərdən biri saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı siqnal tapançası aşkarlanıb.
Polis əməkdaşlarına müqavimət göstərilməsi, xüsusi mülkiyyətə qanunsuz daxil olma, əmlaka zərər vurma və təhqir faktları ilə bağlı bir neçə cinayət işi üzrə araşdırmaya başlanılıb.
Hadisələr səbəbindən dönərxana fəaliyyətini planlaşdırılandan daha tez dayandırmalı olub. Bundan əlavə, səlahiyyətli qurumlar obyekt sahibinin polis əməliyyatına çəkilən xərcləri ödəməli olub-olmadığını araşdırır.
///oxu.az