Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan xalqının tarixində elə əlamətdar günlər var ki, onlar yalnız təqvimdə qeyd olunan tarix olmaqla məhdudlaşmır, bütöv bir xalqın yaddaşına, qəlbinə və milli kimliyinə əbədi həkk olunur. 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü də məhz belə tarixi günlərdəndir. Bu əlamətdar tarixlər xalqımızın milli birliyini, dövlətçilik iradəsini, azadlıq və müstəqillik sevgisini, Vətənə bağlılığını özündə təcəssüm etdirir. Hər iki gün Azərbaycan xalqının keçdiyi mürəkkəb tarixi yolun, müstəqillik uğrunda apardığı mübarizənin və qazandığı böyük nailiyyətlərin mənəvi ifadəsidir. Azərbaycanın üçrəngli Dövlət Bayrağı milli kimliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin və milli qürurumuzun ən müqəddəs rəmzlərindən biridir. Bayrağımızın hər bir rəngi xalqımızın tarixi keçmişini, mənəvi dəyərlərini və gələcəyə baxışını özündə birləşdirir. Mavi rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyi, inkişafı və tərəqqini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubiyyətimizi ifadə edir. Bu rənglərin vəhdətində Azərbaycan xalqının milli-mənəvi dünyası, tarixi kökləri və müstəqil dövlətçilik amalı əks olunur. Üçrəngli bayrağımız həm də xalqımızın azadlıq mübarizəsinin, milli iradəsinin və gələcək nəsillərə ötürdüyü dövlətçilik əmanətinin rəmzidir.
9 Noyabr Dövlət Bayrağı Gününün tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən üçrəngli Dövlət Bayrağımız qəbul edilmişdir. Bu qərar xalqımızın milli dövlətçilik tarixində mühüm hadisə olmaqla yanaşı, müstəqil Azərbaycanın ideoloji və mənəvi simasının formalaşmasında əvəzsiz rol oynamışdır. 1990-cı il noyabrın 17-də isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş, onun Azərbaycan SSR-in dövlət rəmzi kimi təsdiq edilməsi və Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti orqanına təqdim olunması barədə vəsatət qaldırılmışdır. Bu tarixi addım milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm mərhələ olmuşdur. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi yenidən qəbul edilmişdir.
8 Noyabr 2020-ci il isə Azərbaycan tarixinin ən şanlı və unudulmaz səhifələrindən birinə çevrildi. Müzəffər Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, hərbi-siyasi iradəsi və xalqımızın sarsılmaz birliyi nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin gedişində həlledici mərhələ olmaqla yanaşı, Azərbaycanın hərbi qüdrətini, milli iradəsini və tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının illərlə qəlbində yaşatdığı qayıdış arzusu gerçəkləşdi, milli qürurumuz və mənəvi bütövlüyümüz yenidən öz təntənəsini tapdı. Bu Zəfər təsadüfi və asan qazanılmadı. Onun təməlində illərlə aparılan məqsədyönlü dövlət siyasəti, güclü ordu quruculuğu, xalq-iqtidar birliyi, əsgər və zabitlərimizin yüksək döyüş ruhu, ən əsası isə Vətən sevgisi dayanırdı. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi, qazilərimizin fədakarlığı, əsgərlərimizin misilsiz qəhrəmanlığı bu tarixi qələbənin ən uca mənəvi dəyəridir. Hər bir şəhidimizin adı Azərbaycan tarixinin şanlı səhifələrinə qızıl hərflərlə yazılıb. Onların bizə əmanət etdiyi Vətən torpağına, müstəqilliyimizə və üçrəngli bayrağımıza sahib çıxmaq hər bir azərbaycanlının mənəvi borcudur.
Zəfər Gününün Dövlət Bayrağı Günündən dərhal əvvəl qeyd olunması xüsusi rəmzi məna daşıyır. Bir tərəfdə xalqımızın milli varlığını, müstəqilliyini və dövlətçilik ənənələrini ifadə edən üçrəngli bayrağımız, digər tərəfdə isə həmin bayrağın işğaldan azad edilmiş torpaqlarımızda yenidən qürurla dalğalanmasını təmin edən tarixi Zəfərimiz dayanır. Bu iki əlamətdar gün bir-birini tamamlayaraq Azərbaycanın müasir tarixinin ən mühüm dəyərlərini – milli birliyi, dövlət suverenliyini, ərazi bütövlüyünü və sarsılmaz müstəqillik iradəsini ifadə edir. Zəfərimiz bayrağımızın ucalığını, bayrağımız isə Zəfərimizin mənəvi böyüklüyünü təcəssüm etdirir. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bir zamanlar düşmən tapdağı altında qalan ərazilərimizdə üçrəngli bayrağımızın yüksəlməsi xalqımızın tarixi ədaləti bərpa etməsinin, dövlətimizin gücünün və milli iradəmizin əyani göstəricisidir. Azad edilmiş şəhər və kəndlərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış prosesi, doğma yurdlarına qayıdan insanların sevinci Zəfərimizin yalnız hərbi deyil, həm də quruculuq və inkişaf mərhələsinin davam etdiyini göstərir. Bu gün bayrağımızın hər dalğalanışında şəhidlərimizin arzusu, qazilərimizin mübarizəsi, əsgərlərimizin igidliyi və bütöv bir xalqın qələbə sevinci yaşayır. Dövlət bayrağına hörmət, əslində, dövlətə, Vətənə, milli tarixə və xalqın müqəddəs dəyərlərinə hörmət deməkdir. Bayrağımızın ucalığı dövlətimizin nüfuzunun, xalqımızın birliyinin və gələcəyə olan inamının göstəricisidir. Bu baxımdan, xüsusilə gənc nəslin üzərinə böyük məsuliyyət düşür. Biz gənclər olaraq şanlı tariximizi dərindən öyrənməli, milli-mənəvi dəyərlərimizi qorumalı, dövlətçilik ənənələrimizə sadiq qalmalı, Vətənimizi sevməli və üçrəngli bayrağımıza daim ehtiram göstərməliyik. Çünki bayraq yalnız bir dövlət atributu deyil, o, xalqın şərəfi, ləyaqəti, azadlığı və müstəqilliyinin müqəddəs rəmzidir. Onun qorunması və daim uca tutulması hər bir vətəndaşın mənəvi məsuliyyətidir.
Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı öz bayrağını yalnız ucalarda dalğalandırmaqla kifayətlənməyib, onun təmsil etdiyi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü də qətiyyətlə təmin edib. 8 və 9 Noyabr tarixləri bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik iradəsi və Vətən sevgisi xalqı ən çətin sınaqlardan belə qalib çıxarmağa qadirdir. Bu şanlı tarixlər gələcək nəsillər üçün həm qürur mənbəyi, həm də dövlətə sədaqət və Vətənə xidmət nümunəsi olaraq yaşayacaq.
Bir bayraq altında birləşən xalqın iradəsi sarsılmaz, qazandığı Zəfər isə əbədi olar! Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Qarabağ Azərbaycandır!
Ruziyyə Rzayeva
YAP Naxçıvan şəhər təşkilatı “Həsən Əliyev küçəsi 4” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,
NDU nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi