Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səsinin Brilliant Dadaşovaya bənzədilməsi və müqayisə edilməsi zaman-zaman müzakirə edilən Əməkdar artist Lalə Məmmədova sosial media paylaşımı ilə bu məsələni bir daha gündəmə gətirib.
OLAY-ın gözündən qaçmayan post isə ismarıc xarakteri daşıyır. Belə ki, Lalə Məmmədova Dadaşova məsələsinə başqa bir müqayisə üzərindən referans verir.
Paylaşımda mərhum sənətçi Uitni Hyustonun 1991-ci ildə qonaq olduğu “Byron Allen Show”dan görüntülər yer alır. Verilişdə Meray Kerrinin Uitni Hyustonu kopyalaması barədə iddialar üzərindən ona sual verilir.
Belə ki, 90-cı illərin əvvələrində Uitni və Merayın musiqi tərzi bir-birinə tez-tez bənzədilirdi. Öncələri bu bir tərif kimi görünsə də, zamanla Merayın Uitnini kopyalaması kimi tənqidlərə döndü. İddialar daha şiddətli hal alarkən Hyuston proqrama qatılır və söhbətlərə son qoyur.
“Məncə, Merayın gözəl səsi var, yaxşı müğənnidir. Meray Meraydır, ayrı biri kimi qələmə verilməməlidir. Mənimlə müqayisə edilərək, yaxud bənzədiyi düşünülərək təqdim edilməməlidir. Mən də bənzətmirəm, vurğu bənzərliyi var. Bunlar səs keçidləridir. Bəzi nöqtələrdə səs tonlarımızın eyni olduğunu düşünürəm. Ancaq nə mən ona bənzəyirəm, nə də o, mənə”, - deyə, Uitni Bayren Allenin sualına cavab verir.
L.Məmmədova isə sözügedən məsələnin yer aldığı videoya “Böyük Uitni” şərhini yazıb və paylaşımı “repost” edib.

Ötən ilin noyabrında məsələni bir daha gündəmə gətirən Əməkdar artist Elton Hüseynəliyev olmuşdu. O, “Rəngarəng” proqramında “Lalə Brilliant Dadaşovadır” sözlərini işlətmişdi. Məmmədovanın cavabı özünü gözlətməmiş, instaqramda Elton haqda “Allah ona şəfa versin” sözlərini yazmışdı.
Qeyd edək ki, L.Məmmədova ilə B.Dadaşova uzun illər küsülü qaldıqdan sonra 2023-cü ilin sentyabrında barışıblar. Barışıq addımı Lalə Məmmədovadan gəlib.

“Bizim böyük sənətkarımızdır. Hamımız ondan öyrənmişik. Bu gün bura çox rahat gəldim. Onun böyüklük edəcəyinə inanırdım. Gənc yaşlarımda özüm də bilmədən böyük sənətkarın xətrinə dəymişəm. Mən indi bunu dərk edir və anlayıram”, - deyə, Lalə Məmmədova barışmaqları barədə danışmışdı.
Məsələnin bundan sonra necə vüsət alacağı isə müəmmalıdır...