Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölümdən güclü qəhrəman: Şuşa fatehi Baş leytenant Vüsal Kazımovun anım günüdür
29 noyabr Lənkəran Dövlət Universitetinin (LDU) şəhid məzunu — müharibənin ağır yükünün altına çiyinlərini cəsarətlə verən, döyüşün ilk günündən cəbhəyə könüllü yollanan və son şəhadət anına qədər mətanətlə vuruşan baş leytenant Vüsal Kazımovun anım günüdür.
Şəhid baş leytenant Vüsal Kamran oğlu Kazımovun ömür yolu illərlə ölçüləndə çox qısa görünə bilər. Amma insan həyatının mənası ömrün uzunluğu ilə deyil, dəyəri ilə ölçülür. Vüsal Kazımov qısa, lakin şərəfli ömrü ilə əbədiyyətin şəhidlik zirvəsinə yüksələn elə qəhrəmanlardandır ki, onunla təkcə doğmaları, oxuduğu orta məktəb və ali təhsil ocağı deyil, bütün xalqımız fəxr edir, qürur duyur.
Azərbaycan Ordusunun baş leytenantı Vüsal Kazımov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində böyük rəşadətlə iştirak edib. Sonuncu dəfə oktyabrın 26-da ailəsi ilə əlaqə saxlayıb, atası — Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru, filologiya elmləri doktoru Kamran Kazımova: “Ata, narahat olma, hər şey qaydasındadır, Zəfər bizimlədir”, — deyib.
O gündən sonra ailə uzun müddət ondan xəbər ala bilməyib. Daha sonra Vüsalın oktyabrın 27-də Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu xəbəri gəlib. Şəhidimiz 29 noyabr 2020-ci ildə doğulduğu Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində böyük izdihamla torpağa tapşırılıb. Dəfn mərasimində təkcə doğma kəndindən və Lənkərandan deyil, ətraf rayonlardan, paytaxt Bakıdan gələn insanlar da iştirak edərək qəhrəmana son vida borclarını veriblər. Həmin gün yağan leysan yağış indiyədək xatirimdədir. Sanki buludlar da şəhidin gedişinə göz yaşı axıdır, yas tuturdu...
Vüsal Kazımovun qəhrəmanlığı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” və digər medallarla təltif edilib.
Vüsal cəbhəyə yollananda yeni doğulan körpə qızı Aynur indi 6, böyük qızı Nuray isə 11 yaşındadır — hər ikisi məktəblidir. Şəhidimizin həyat yoldaşı Aysel Kazımova Lənkəran Dövlət Universitetinin Xarici dillər kafedrasının müəllimidir. Aysel xanım Vüsalın şəhadətindən sonra magistraturaya daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib və hazırda LDU-nun dissertantı kimi elmi fəaliyyətini davam etdirir. “Məqsədim ruhən də olsa Vüsalı uğurlarımla sevindirmək, dözümümlə ovundurmaqdır”, — deyən Ayselin sosial şəbəkədəki bir paylaşımını isə heç cür unutmaq olmur: “Getmisən, qayıtmaq yadından çıxıb...”
Vüsal Kazımovun Azərbaycan bayrağı ilə çəkdirdiyi çoxlu fotoları var. İndi həmin şəkillərə təkrar-təkrar baxıram — hamısında bayram ovqatı var, hamısında sevincli və xoşbəxt görünür. Bəlkə də o şəkilləri çəkdirəndə bir gün həmin bayrağın tabutuna örtüləcəyini, məzarının başında dalğalanacağını, ona kəfən olub “Rahat uyu, Vətən oğlu, qanın yerdə qalmadı” deyəcəyini ağlına belə gətirməmişdi. Amma kim bilir, bəlkə də elə o vaxt üçrəngli bayrağa bərk-bərk sarılanda ürəyinə əyan olan şəhidlik taleyindən xəbərdar imiş...
Şuşa fatehi bu gün adına böyük istirahət parkının salındığından, burada yay-qış təzə-tər çiçəklərin açmasından, xatirə bağının və məzarının müqəddəs ziyarətgaha çevrilməsindən xəbərsizdir. Torpaqlarımızın tam azad olunmasını, şəhidlərin qisasının alındığını isə atası professor Kamran Kazımov yəqin ki, məzarını hər ziyarət edəndə təsəlli kimi oğluna pıçıldayır...
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı paqonlar...
Bir də ata yolu gözləyən iki körpə qız övladı yadigar qaldı Vüsal... Hələ dil açmayan körpə Aynurun sənə “ata” deməyə macalı olmadı, ilkin Nurayını ovutmaq isə çox ağır oldu. Yeganə oğlunu itirən Kamran müəllimə təsəlli verəcək qədər ağır — Qələbənin çəkisi qədər ağır...
Atası Kamran Kazımovun sosial şəbəkədəki bu ürəkdağlayan paylaşımı isə Vüsala olan sonsuz ata həsrətinin ən təsirli ifadəsidir:
“...Bağışla məni... Bağışla ki, ürəyindəki şəhidlik zirvəsinə qalxmaq arzunu duya bilməmişəm... İllər nə tez ötür? Görəsən, bu illər niyə belə sürətlə keçir?! Bizi o sənli günlərin xatirələrindən tez uzaqlaşdırmaq üçündürmü? Nə üçün? Axı o xatirələrlə yaşamaq bizə ümid verir. Bəlkə, Vüsalım qayıdacaq? Bəlkə, Allahım möcüzə göstərdi? Bəlkə, illərin sürətlə keçməsi məni Vüsalıma daha tez qovuşdurmaq üçündür? İllər ötdükcə ürək ağrılarım, qəlb yaram nəinki sağalır, bir az da dərinləşir... Sən həmişə mənimləsən, oğlum. Beləcə, sevinə-sevinə döyüşə getdin, igidlik göstərib torpaqlarımızı işğaldan azad etdin, özün isə qayıtmadın. Yolunu gözləyirəm və ölənədək gözüm yolda olacaq... İllər keçir, düşünürəm ki, gəlməyinə az qalır. Sən isə gəlmirsən, yaran isə daha da dərinləşir və daha çox ağrıdır...”
Şairə Xalidə Vaqifqızının LDU-nun şəhid məzununa həsr etdiyi şeirdən bu misralar isə Vüsalın ömür yolunu ən gözəl şəkildə ifadə edir:
O keçdi bu yoldan, özü bilmədən...
Bəlkə də bilirdi, misal olacaq.
Bəlkə də bilirdi, dillər əzbəri,
Qəhrəman balamız Vüsal olacaq!
Kazımovlar ailəsində bu gün də hər şey Vüsalın sağlığında olduğu kimi qorunur. Hər yemək vaxtı boşqabı süfrəyə qoyulur, oturduğu stul sahibini gözləyir, əllər süfrəyə uzananda baxışlar qapıya zillənir. Paltarları əvvəlki səliqəsi ilə ütülənib dolabına yığılır, əlinin dəydiyi hər şey toxunulmadan yerində saxlanılır. Bəşər övladının xəyal, arzu və ümid üçbucağı beləcə 6 ildir ki, bu evdə dövr edir və doğmaları həyatda olduğu müddətcə də dövr edəcək. Axı ümid heç vaxt ölmür — əzizinin yoxluğunu gözlərinlə görsən belə, bir gün qayıdacağına inanırsan. İnanıram ki, bu ümid, arzu və xəyal üçbucağı yaşadıqca Vüsalın yoxluğu bu ailəyə heç vaxt yaxın düşə bilməyəcək.
Ruhun şad olsun, şəhid baş leytenantım! Sənə və bütün qəhrəman şəhidlərimizə olan ehtiramımızı sözlə tam ifadə etmək çətindir, çünki elə duyğular var ki, onların sözlə, rənglə təsviri mümkün deyil. Bu gəlimli-gedimli dünyadan gec-tez hamı köçəcək. Ölüm haqdır. Amma ölümdən güclüləri də var — şəhidlik məqamına yüksələnlər! Şəhidlər torpağın altına deyil, xalqın qan yaddaşına köçür, tarixin şanlı səhifələrində yaşayırlar. Şəhidlik elə bir zirvədir ki, orada zaman dayanır, insan ömrü təqvimlərlə deyil, göstərdiyi rəşadətlə, xalqın yaddaşında qoyduğu silinməz izlə ölçülür.
Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru, dosent