Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Kamil Şahverdi
VI Yazı
(əvvəli BU LİNKDƏ)
...Qəhrəman Azəri türk legionerlərinin orqanı olan "Azərbaycan"ın nəşr etdiyi bu "Gənc yaradıcılar" dəxi, hər ilk addımdakı səhvlərdən uzaq deyildir. Lakin, səhvlərinə baxmayaraq, "Gənc yaradıcılar"ın Azəri qardaşlarımız tərəfindən yaxşı qarşılanacağına şübhə etmirik. Çünki, gənc qüvvələrimizin yaratdıqları "Gənc yaradıcılar" vətəndən uzaqda keçən bu günlərdə vətənimizin azadlığı, millətimizin istiqlalı uğrunda çarpışan qüvvələrimizin öz məhsuludur. Pis də, yaxşı da olsa, bir millətin öz məhsulu özünə daha artıq xoş gələr.
"Azərbaycan" qəzeti
Azərbaycan
(Milli qimn)
Azərbaycan... Azərbaycan!
Ey qəhrəman övladın şanlı vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız,
Səndən ötrü qan tökməyə cümlə qadiriz.
Üç rəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Öz canından keçən əsgər,
Hərə bir qəhrəman oldu.
Sən olasan gülüstan,
Sənə daim can qurban.
Sənə bir çox məhəbbət,
Sinəmdə tutmuş məkan.
Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır.
Şanlı Vətən, Şanlı Vətən!
Azərbaycan... Azərbaycan!"
(Asif Rüstəmli. "Cəmo bəy Cəbrayılbəyli: həyatı və yaradıcılığı". Elm və təhsil, Bakı, 2024, s.125)
Bu nəşrdə də şeirin müəllifi qeyd olunmayıb.
1964-cü ildə Türkiyədə Azərbaycan Kültür Dərnəyinin aylıq yayım orqanı olan "Azərbaycan" jurnalının birləşmiş 10-11-12-ci sayında "Azerbaycan İstiklal Marşı ve Devlet Arması Üzerine" (Azərbaycan Himni və Dövlət Gerbi haqqında) adlı yazı dərc olunur. Ejder Kurtulan imzası ilə dərc olunan yazı əslində "Azərbaycan" qəzetinidə 14 noyabr 1919-cu ildə Xalq Maarif Nazirliyinin Hökumətə milli himn və dövlət gerbi ilə bağlı etdiyi təklifdən ibarətdir. "Azərbaycan" qəzetinin 19 noyabr 1919-cu il 246-cı sayında dərc olunmuş təklifin türk dilində tərcüməsidir. Qeyd etdiyim kimi, "Azərbaycan" qəzetinin bir neçə sayı, o cümlədən də 246-cı sayı itmiş hesab olunur. Görünür ki, qəzetin bu sayını Türkiyə arxivlərində axtarmaq lazımdır.