Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kamil Şahverdi
VII Yazı
Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın
Mehmet Akif Ersoy
Daha sonra Ankarada çıxan Hakimiyyəyt-i Milliye qəzetinin 25 oktyabr 1920-ci il tarixli nömrəsində belə bir elan dərc olunur:
"Millətimizin daxili və xarici istiqlalı uğrunda başlamış olduğu mücadiləni ifadə və tərənnüm etmək üçün Maarif Vəkaləti tərəfindən bir İstiklal Marşı müsabiqəsi elan olunmuşdur. Bu müsabiqəyə göndərilən əsərlər 23 Kanun-i evvel sene 1336 (23 dekabr 1920-K. Ş.) tarixinə qədər ədəbi münsiflər tərəfindən seçiləcək və qəbul edilən əsərin sözlərinə görə beş yüz lira mükafat veriləcək. Və yenə beş yüz lira təhsis edilərək bəstə üçün ayrıca müsabiqə elan olunacaq. Bütün müraciətlər Ankarada Böyük Millət Məclisi Maarif Vəkalətinə ediləcəkdir."
Müsabiqəyə qatılanların sayı gözlənildiyindən xeyli çox idi. Əsər göndərənlər arasında Kazım Karabekir, Hüseyin Suat Yalçın, İsak Ferrara, Mühiddin Baha Pars, Kemaleddin Kamu kimi məşhur şairlər də var idi. Göndərilən əsərlər Milli Təhsil Nazirliyində təşkil olunmuş heyət tərəfindən incələnirdi. Bütün əsərlər vətən sevgisinə, suverenliyə, müstəqilliyə həsr olunsa da, Milli Marş olmağa dəyər qazana bilmədi. Beləliklə, 23 dekabr 1920-ci il tarixinə qədər Maarif Vəkalətinə göndırilən yüzlərlə əsərdən heç biri Milli Marş üçün seçilməyə məqbul sayılmamışdı.
Mustafa Kamal Paşa, Hasan Basri Çantay, Hamdullah Suphi bu işi yalnız Mehmet Akif Ersoyun görə biləcəyini düşünürdülər. "Çanakkale Şehidlerine", "Bülbül" kimi dillər əzbəri olan şeirlərin müəllifi Mehmet Akif "Millətin başarılarını para ilə övülemeyeceğini" bildirərək, mükafat təyin olunduğundan İstiklal Marşı müsabiqəsinə qatılmaqdan imtina etmişdi. 1921-ci il fevralın 5-də Maarif Vəkili Hamdullah Sübhi Mehmet Akifə məktub yazır və onu müsabiqədə iştirak etməyə israrla dəvət edir. Hasan Basri Çantay "Akifname" (Mehmet Akif) kitabında bunu belə təsvir edir:
"İstiklal Marşı.
Nasıl yazıldı? Nasıl kabul edildi?
Milli İstiklalımızın gözəl və uyar bir marşını yazmaq üçün Maarif vəkaləti şairlərimizə müraciət etmişdi, bir müsabiqə açmışdı. Birinciliyi qazanan şairə 500 lira mükafat verəcəkdi. Aradan qısa bir zaman keçdikdən sonra Vəkalətə bir çox marşlar gəlməyə başladı.
Bu marşın-İstiklal mücadiləsinin içində, Böyük Millət Məclisinin sakf-ı hamiyyeti altında bulunan (Vətənpərvərlər qrupundan olan deputatlar-K. Ş.) Mehmet Akif tərəfindən yazılmasını onun özünə söylədiyimiz zaman o:
-Mən nə müsabiqəyə qoşularam, nə də "caize" (təyin ediləni-K. Ş.) alaram. Mən ricalarımı təkrar etdikcə o da eyni sözünü söyləyir və:
-Qoyun yazsınıar. Mən bu yaşdan sonra yarışamı çıxacağam, ayıb deyilmi?-deyirdi.
Bir gün Maarif vəkili bay Hamdullah Subhi Məclisdə məni gördü, dedi ki:
-İndiyə qədər 500-dən çox marş gəldi. Mən heç birini bəyənmədim. Ustadı inandıra bilməzmisən?
Cavab verdim:
-Akif bəy müsabiqə şəklini və mükafatı qəbul etmir, əgər buna bir çarə və bir şəkil tapsanız yazdırmağa çalışaram.
Düşündü, "dur, dedi, mən ona bir təzkirə yazım. Arzusuna tabe olacağımızı bildirim. Fəqət, təzkirəni ona siz verin..."
Mən də razılaşdım. Yarım saat sonra bu təzkirəni gətirib mənə verdi:
"Çox əziz və möhtərəm əfəndim.
İstiklal marşı üçün açılan müsabiqəyə buyurmamağınızın səbəbini aradan qaldırmaq üçün çox tədbirlər vardır. Zati-aliləri üçün arzuolunan şeiri yazmaq məqsədə çatmaq üçün son çarə olaraq qalmışdır. Sizin nəcib qayğılarınızın tələb etdiyi hər şeyi edəcəyik. Hörmətlə ölkəmizi bu təsirli inam və təhrik vasitəsindən məhrum etməməyinizi xahiş edirəm və bu fürsətdən istifadə edərək ən dərin hörmət və ehtiramımı bir daha ifadə edirəm, əfəndim."
5 fevral 1921
Umum Maarif Vəkili
Hamdullah Subhi"
(Hasan Basri Cantay, Akifname (Mehmet Akif), 1966, s. 62)