Bir daha Himnimiz haqqında

27.10.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.


Kamil Şahverdi

VIII Yazı
(üçüncü hissə)

(Əvvəli BU LİNKDƏ)

... 1965-ci il mayın 28-də Almaniyanın Münhen şəhərində Azadlıq Radiosunun efirindən dünyaya yayımlanan, elə həmin ildə Türkiyədə musiqişünas-alim Etem Üngörün nəşr etdirdiyi "Türk Marşları" kitabında yer almasının ardınca "Azərbaycan Marsı" bu dəfə incəsənətin ən kütləvi janrı olan kinoda səsləndirildi. 1967-ci ildə qardaş Türkiyədə "501 Numaralı Hücre" filmində "Azərbaycan Marşı" millionlarla tamaşaçılara təqdim olundu. Azərbaycanda bu film haqqında kimsənim xəbəri olmadı. Ola da bilməzdi. Çünki bu anti sovet filmi idi. Bolşeviklərin Azərbaycanı işğal etdikdən sönra törətdikləri represiyalara, dəhşətli işgəncələrə həsr olunmuşdu. Filmin süjetini real həyatdan alınmış hadisələr, 1930-cu illərdə Stalin represiyalarına qarşı üsyan edib sovet təyyarəsini qaçıraraq min bir əziyyətdən keçərək Türkiyəyə sığınan azərbaycanlı hərbi pilot Mehmet Altunbayın həyat hekayəsi təşkil edir.
1950-1960-cı illərdə Türkiyədə fəaliyyət göstərən Azərbaycan mühacirləri arasında çox aktiv fəaliyyəti ilə seçilən gəncəli Mehmet Altunbay başına gələn hadisələri qələmə alaraq İstanbulda çıxan "Hürriyyət" və "Yeni Sabah" qəzetlərdə hissə-hissə çap etdirir. Daha sonra bu hadisəlır əsasında film ssenarisi yaradılır.
Türkiyə Ordusu Foto Film mərkəzinin rəhbəri, hərbi rejissor polkovnik Nüsrət Eraslan 1967-ci ildə “501 Numaralı Hücre”filminin çəkilişlırinə başlayır. Film iki hissədən ibarətdir.
Təxminən 3 saat davam edən film azərbaycanlı pilot Mehmet Altunbayın həyatından bəhs edir. Altunbay sovet hakimiyyəti illərində Bakı Aviasiya Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən KQB-nin ona ölüm hökmü verməsi nəticəsində iki dostu ilə birlikdə sovet təyyarəsini qaçıraraq Türkiyəyə sığınır. Lakin Türkiyəyə sığınana qədər dəhşətli əzablar, mərhumiyyətlər yaşayır.


Film Mehmet Altunbayın xatirələri əsasında yaradılıb və onun dilindən bu cümlələrlə başlayır:
“1920-ci ildir. Mən azərbaycanlı Mehmet Altunbay. Azadlıqdan məhrum bir ölkədə doğulmuşam. Orada azadlığın əsl mənasının nə olduğunu mənə öyrətmədilər. Yaşadığım rejimdə insanlar həmişə bir-birindən qorxurdular, görəsən, günün iyirmi dörd saatı kim kimə jurnal verəcək, bilmirdilər. Hamımız qorxmadan yaşamaq həsrəti ilə dolu idik. Vulkan kimi içimizi dolduran bu hisslər bir gün çörək və su kimi qiymətli bir şeyə çevrildi ki, ondan əl çəkə bilmirik. Hamımız bu mənbədən içdik. Biz azadlıq və xoşbəxtliyə susamış insanlar Stalin diktaturasının o dəhşətli rejiminə boyun əyə bilmədik...”
Bu cümlələrdən sonra kadrda qarlı, çovğunlu havada, amansız rus əsgərlərinin süngüləri altında Azərbaycan türkləri “İstiqlal marşı”nı oxuyaraq addımlayırlar:

“Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!”

Məhəmməd Altunbay 1911-ci ildə Gəncə şəhərində anadan olub. Atası Gəncə qəzasının Qaramusalı kəndindən olub, şəhərdə Dərvişoğlu Qaçaq İbrahim kimi tanınıb, Çar Rusiyasına qarşı mübarizə aparıb.
1916-cı ildə atası dünyasını dəyişdikdən sönra özündən 3 yaş böyük və 4 yaş kiçik qardaşları ilə anasının himayəsində qalır. 13 yaşında ikən böyük qardaşı ilə bərabər fabtikdə işləməyə başlayır. Axşamlar isə orta məktəbdə oxuyur.
1926-cı ildə Cəncədə orta məktəbi min bir iztirab və əziyyətlə bitirdikdən sonra qardaşı ilə bərabər Bakıya gəlirlər. Bakıda da yenə gündüz işləyib, gecələr liseydə oxuyurlar. Eyni zamanda Bakıda türk dilində çıxan “Kommunist” və “Yeni yol” qəzetlərinin aktiv müxbirləri kimi fəaliyyət göstərirlər. Liseyi bitirən ərəfədə Bakıda təyyarə məktəbi açılır. Məhəmməd də bu fürsəti qaçırmayaraq imtahandan və həkimlərin müayinəsindən keçdikdən sonra təyyarə məktəbinə qəbul olunur.

Читать полностью